Yanvarın 29-da Moskvanın Beynəlxalq Ticarət Mərkəzində
Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri
Leyla xanım Əliyevanın təşəbbüsü və qurumun
təşkilatçılığı, habelə Azərbaycan Gənclər və İdman
Nazirliyi, Rusiya Təhsil və Elm Nazirliyi Gənclərin
İşləri üzrə Federal Agentliyinin və Ümumrusiya
Azərbaycan Konqresinin (ÜAK) dəstəyi ilə "Liderlik və
fəal vətəndaş mövqeyi" mövzusunda qış məktəbinin açılışı
olmuşdur.
Tədbiri RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev
açaraq, Leyla xanım Əliyevanın salamlarını və
təbriklərini iştirakçılara çatdırmışdır. Müasir dövrdə
Azərbaycan gənclərinin ölkəmizin həyatının bütün
sahələrində fəal iştirak etdiyini deyən E.Hacıyev
liderlik xüsusiyyətlərinə malik, mükəmməl vətəndaş
mövqeyi olan gənclərin formalaşmasında bu cür
tədbirlərin rolunu vurğulamışdır. O demişdir ki,
Azərbaycanı və Rusiyanı təmsil edən gənclər qış
məktəbinə qatılacaq, Avropa Şurasının və digər nüfuzlu
təşkilatların nümayəndələrinin iştirakı ilə məşğələlər
keçiriləcəkdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış
edərək bildirmişdir ki, iki ölkənin gəncləri arasında
daha sıx, işgüzar münasibətlərin qurulmasında, Rusiyada
təhsil alan azərbaycanlı gənclərin təşkilatlanmasında
Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış Rusiya
Azərbaycanlı Gənclər Birliyi böyük işlər görür. Qeyd
edilmişdir ki, SSRİ-nin süqutundan sonra müstəqil
respublikalarda formalaşan gənc nəslin ünsiyyətə
ehtiyacı vardır və RAGB onlar üçün belə bir şərait
yaradır. Azərbaycan dövlətinin gənclərin xaricdə təhsil
alması üçün geniş imkanlar yaratdığını və bu sahədə
xüsusi proqramın həyata keçirildiyini qeyd edən səfir
Rusiyada 6 mindən çox azərbaycanlı gəncin təhsil
aldığını vurğulamışdır. O demişdir: "Bu gün gənclərə
liderlik keyfiyyətlərinin aşılanması olduqca vacibdir.
Azərbaycan gənclər ölkəsidir. Hazırda respublikamızda
mövcud olan elitanı gələcəkdə əvəz edəcək liderlərin
formalaşdırılması çox əhəmiyyətli məsələdir. Bu baxımdan
gənclər dünyada baş verən hadisələrə daha geniş
geosiyasi anlamda yanaşmalıdırlar. Odur ki, bu cür
seminarların, disputların, fikir mübadilələrinin
keçirilməsinə böyük ehtiyac vardır". Səfir məktəbin
iştirakçılarına uğurlar arzulamışdır.
Rusiya Təhsil və Elm Nazirliyi Gənclərin İşləri üzrə
Federal Agentliyinin beynəlxalq fəaliyyət və
ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aleksandr
Selivanov, ÜAK aparatının rəhbəri Nemət Nağdəliyev,
Rusiya Gənclər və Uşaq Birlikləri Milli Şurasının sədr
müavini Vladimir Xarçenko müasir dünyada millətlər və
sivilizasiyalar arasında əlaqələrin qorunub saxlanması,
xalqlar arasında dostluq münasibətlərinin inkişaf
etdirilməsi üçün gənclərin, xüsusilə də gənc liderlərin
üzərinə düşən vəzifələrdən danışmışlar.
Tədbirdə RAGB-nin fəaliyyətindən bəhs edən film nümayiş
etdirilmişdir.
Qış məktəbi fevralın 2-dək davam edəcəkdir.
AzərTAc |