| 
						
						 Ötən 
						ilin sonlarında vədələşdiyimiz kimi, Bakıdakı 104 
						nömrəli tam orta məktəbin direktor müavini Kamran 
						Hüseynovla onun iş otağında görüşdük. Burada ucaboylu 
						bir oğlan da var idi. Kamran müəllim həmin oğlanı bizə 
						göstərərək dedi: 
						
						-Tanış olun, sizə haqqında söylədiyim, məktəbimizin 
						fəxri, karate üzrə dünya  ikincisi olan Xanlar Vəlizadə 
						bax, bu şagirdimizdir. 
						
						Onunla tanış olduq. Öyrəndik ki, Xanlar 1995-ci ildə 
						Bakıda anadan olub. 2002-ci ildə paytaxtdakı 141 nömrəli 
						tam orta məktəbin birinci sinfinə qəbul olub. İkinci 
						sinifdən sonra təhsilini Bakıdakı 104 nömrəli tam orta 
						məktəbdə davam etdirib. Hazırda həmin məktəbin XI 
						sinfində oxuyur.  Xanlar 2003-cü ildən "Kentavr" İdman 
						Klubunda karatenin kiokshkay (mütləq həqiqət axtaranlar 
						cəmiyyəti) idman növü ilə məşğul olur. Onun 
						məşqçi-müəllimi 3-cü dan-qara kəmər ustası İlqar 
						Hüseynovdur. 
						
						X.Vəlizadə bir il gərgin məşqlərdən sonra 2004-cü ildə 
						Bakının Sabunçu rayonunda gənclər arasında keçirilən 
						respublika çempionatında uğurla iştirak edərək II yerə  
						çıxıb. 2007 və 2011-ci illərdə Hövsanda keçirilən 
						respublika çempionatlarında da II yerin qalibi olub. 
						2010-cu ildə isə Bakıda keçirilən  respublika 
						çempionatında I yeri tutaraq Bakı çempionu olub. 2011-ci 
						ildə Göyçay rayonunda gənclər arasında keçirilən 
						respublika çempionatında  I yerin qalibi olub. 
						
						Xanların ən gərgin beynəlxalq yarışlarından biri 2012-ci 
						ilin oktyabrında İranın Kiş adasında keçirilən  dünya 
						çempionatı olub. 32 ölkənin iştirak etdiyi, 16-17 yaşlı, 
						65 kiloqram çəki dərəcəsində olan idmançılarla mübarizə 
						aparan Xanların rəqibi beşqat dünya çempionu olub. Boyda 
						və çəkidə də Xanlardan artıq olan, idman qanunlarına 
						tamamilə zidd olaraq meydançaya buraxılan bu iranlı 
						idmançıya cəmisi  bir xal fərqi ilə "uduzub". Dünya 
						ikincisi adını qazanaraq gümüş medalın sahibi olub. 
						Bütün bu haqsızlıqlara baxmayaraq, Xanlar qətiyyən 
						ruhdan düşməyib. Hazırda o, məşqlərini inadla davam 
						etdirir. Onun ən böyük arzusu 2013-cü ilin aprelində 
						Türkiyənin Antalya şəhərində keçiriləcək Avropa 
						çempionatında iştirak edib Avropa çempionu olmaqdır.   
						
						
						Rəşad ZİYADOV |