| 
						
						 Oxucularımıza 
						haqqında söhbət açmaq istədiyimiz Elmar Bədəlli 1995-ci 
						ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Moskvadakı 
						1100 nömrəli məktəbin 1-ci sinfinə qəbul olub. Beş il 
						burada oxuduqdan sonra 2007-ci ildə Bakıdakı 141 nömrəli 
						tam orta məktəbdə təhsilini davam etdirməyə başlayıb. 
						Hazırda həmin məktəbin XI sinfində oxuyur. İdmanla da 
						Moskva şəhərində 1-ci sinifdə oxuduğu zamandan məşğul 
						olur. Elmar 2007-ci ildən isə Bakıdakı "Qafqaz" İdman 
						Klubuna taekvando idman növündə məşğul olmaq üçün üzv 
						yazılıb. 
						
						Burada onun məşqçi-müəllimi 3-cü dan qara kəmər ustası 
						Sənan Həşimovdur. 
						
						E.Bədəllinin özündən böyük bacısı Nənəxanım da idmanın 
						taekvando növü ilə 8 il məşğul olub. O, ikiqat Moskva 
						və  Azərbaycan çempionu olub. Hazırda Xəzər 
						Universitetinin I kursunda oxuyur. 
						
						Elmar 2007-ci ildə yeniyetmələr arasında keçirilən 
						respublika çempionatında ilk dəfə Azərbaycan çempionu 
						olub. 2010-cu ildə Qubada məktəblilər, Gürcüstanın 
						Tbilisi şəhərində gənclər arasında keçirilən 
						"Open-Tbilisi" yarışlarında I yeri tutub. Elə həmin il 
						Dağıstan və Azərbaycan gəncləri arasında keçirilən 
						komanda yarışında da I yerin qalibi və qızıl medalların 
						sahibi olub. 
						
						Bundan başqa o, 2011-ci ildə ümummilli lider Heydər 
						Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş 
						taekvando üzrə yeniyetmə və gənclər arasında 
						ümumrespublika turnirində 45 kiloqram çəki dərəcəsində I 
						yerə layiq görülüb. Həmin il Hollandiyada keçirilən 
						"Douçn-Open" beynəlxalq yarışında isə III yeri tutub. 
						
						E.Bədəlli 2012-ci ildə taekvando üzrə XXII respublika 
						birinciliyində 52 kiloqram çəki dərəcəsində I yerə layiq 
						görülərək qızıl medalın sahibi olub. 
						
						O, taekvando idman növü üzrə gənclərin yığma 
						komandasının üzvüdür. 
						
						Elmarın əsas arzusu isə dünya, Avropa, olimpiya çempionu 
						olmaqdır. 
						
						Onun məşqçi-müəllimi Sənan Həşimov deyir ki, Elmar 
						Bədəlli bizim cəmiyyətin taekvando üzrə ən perspektivli 
						və istedadlı idmançılarından biridir. O, beynəlxalq 
						turnirlər qalibi, üçqat Azərbaycan çempionu, dünya və 
						Avropa çempionatlarının iştirakçısıdır. Qara kəmər 
						sahibidir. Elmarın cəmi 17 yaşı var. Amma gənc olmasına 
						baxmayaraq, çox istedadlı taekvandoçudur. Onu digər 
						həmyaşıdlarından fərqləndirən əsas cəhətlərdən biri 
						Elmarın əsl döyüşçü ruhuna malik olmasıdır. Elmarı 
						həmişə digər idmançılara nümunə gətirmişəm. O, uzun 
						illərdir ki, mənim yanımda məşq edir, amma hələ bu günə 
						kimi bir dəfə də olsun məşqlərdən qalmayıb, hər hansı 
						bir çətinlikdən gileylənməyib. Bizim məşqlərimiz çox 
						çətindir. Elə gün olur ki, 3 dəfə, hətta bəzən 4 dəfə 
						məşq etməli oluruq. Hətta bir dəfə o, ağır zədəli olub, 
						amma mənə heç nə demədən məşqlərini davam etdirib. Mən 
						bundan sonralar xəbər tutdum. Bəli, Elmar əsl 
						döyüşçüdür. Mən inanıram ki, Elmara xas olan bu 
						keyfiyyətlər ona gələcəkdə böyük uğurlar gətirəcək. Mən 
						qəti şəkildə əminəm ki, Elmar bizim gələcək Olimpiya 
						çempionumuz olacaq. Azərbaycanımızın bayrağını ən yüksək 
						zirvələrə qaldıracaq, hamımızı sevindirəcək. Bu gün o, 
						bizim cəmiyyətimizin fəxridir, tez bir zamanda isə 
						xalqımızın fəxr edəcəyi bir idmançıya çevriləcəkdir. 
						
						Bəli, biz də Elmarın məşqçisinin söylədikləri arzuların 
						həqiqətə çevriləcəyinə inanır, ona yeni-yeni qələbələr 
						arzulayırıq.  
						
						
						Rəşad RAMAZANOĞLU |