Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Yanvar 2013 - №03

 

Bakı Uşaq Teatrının kollektivi dünya səhnəsində

 

"Körpəm" eksperimental uşaq teatrı 1990-cı ildə  20 Yanvar  hadisələrinə həsr olunmuş "Uşaq olmaq istəmirəm" tamaşası ilə fəaliyyətə başlayıb.  2001-ci ildən isə  teatrın nəzdində  Bakı Uşaq Teatrı yaradılıb. Teatra  İntiqam Soltan rəhbərlik edir. Yetmiş nəfərə yaxın  peşəkar  aktyor çalışan teatr beynəlxalq festivallarda bir çox  uğurlara imza atıb. Kollektiv Ankarada keçirilən "IV ETHOS" Ankara Beynəlxalq teatr festivalında  O.Henrinin "Allahın bəlası" tamaşası ilə iştirak edib. "Əyləncəli oyunlar" və  "Allahın bəlası" tamaşaları ilə İstanbul  Böyükşəhər Bələdiyyəsinin keçirdiyi XXVI  Cocuq şənliyinə də qatılıb. Respublika günü münasibətilə  Türkiyənin  Ərzurum şəhərində keçirilən festivalda "Vətən", "Turp" nağıllarının motivləri əsasında hazırlanmış "Gücümüz birliyimizdədir" tamaşası nümayiş olunub. 2011-ci ildə Azərbaycanda ilk dəfə olaraq Bakı Uşaq Teatrında  teatrdaxili "Hər aktyor bir tamaşa" adlı tamaşalar festivalı keçirilib. Məqsəd aktyorların peşə vərdişlərini, fərdi ustalıqlarını və potensial imkanlarını daha da inkişaf etdirmək olub. Teatr  Türkiyənin Sinop şəhərində keçirilən II Gerze beynəlxalq teatr festivalına qatılıb. BUTA Azərbaycan Teatr  Xadimləri İttifaqının təşkil etdiyi "2+1" teatr  festivalında iştirak edərək diplomlara layiq görülüb. Bakı Uşaq  Teatrının nəzdində fəaliyyət göstərən rusdilli  uşaqlardan ibarət "Günay" teatr studiyasının kollektivi Polşanın Kelşe  şəhərində keçirilən  "Avropanın istedadları" müsabiqəsində "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası ilə  iştirak edərək bürünc medal qazanıb.

Əlbəttə, teatr  xüsusi qayğıya ehtiyacı olan uşaqları da unutmur.  2009-cu ildə  Bakı  Uşaq Teatrının nəzdində xüsusi qayğıya ehtiyacı olan  əlil uşaqlardan ibarət  studiya da  yaradılıb. Studiya respublikamızda keçirilən  əlilliyi olan uşaq və gənclərin  interaktiv tamaşalarının IV milli festivalında, Moskvada təşkil olunan sağlamlığı  məhdud olan şəxslər üçün gənclərin II beynəlxalq yaradıcılıq festivalında  uğurla  çıxış edib və diplomlarla mükafatlandırılıb. Bakı Uşaq Teatrının kollektivi hazırda BUTA Humanitar uşaq fondunun dəstəyi ilə  audiokitablarının hazırlanması və yayılması layihəsi üzərində çalışır. Layihə çərçivəsində  30 Azərbaycan nağılının  audiotamaşa formatında səsləndirilməsi  nəzərdə tutulub. Maraqlı və rəngarəng proqramlarla zəngin olan "Qalan ömrün ilk günü", "Gücümüz birliyimizdədir", "Şapalaqsız gün", "Xaş-xaşın göz yaşı", "Sehrli güzgü"  "Keçəlin toyu", "İmperator", "Vətən", "Məni xatırlayacaqlar", "Üç ayı balası", "Ağıllı tülkü", "Fidan və qoğal", "Şirek və dostları"  və s. tamaşalar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Narkomaniyaya qarşı maarifləndirmə funksiyasını yerinə yetirən "Həyatla oyun" tamaşası  da  ali təhsil ocaqlarında nümayiş olunub. Teatr  ötən ilin dekabrında  fiziki qüsurlu uşaqlar üçün internat-məktəblərin şagirdləri və uşaq evlərində məskunlaşan  körpələr üçün  Yeni il  şənliyi keçirərək  balaca fidanlara bayram sevinci bəxş edib.

Bakı Uşaq Teatrının direktoru və bədii rəhbəri İntiqam Soltan bildirdi ki, Türkiyədən yaradıcılıq ezamiyyətindən qayıdıb. Səfərin məqsədi  Türkiyə  Eksanat teatrının rəsmi dəvəti ilə  teatrın aktyorlarına  ustad dərsləri keçmək və yaxın gələcəkdə Türkiyənin Eksanat və Bakı Uşaq teatrının  birgə planlaşdırdıqları  maraqlı bir layihənin ilkin mərhələsinin reallaşması  olub. Direktorun qənaətinə görə,  layihənin birinci mərhələsi çox uğurla  başa çatıb. İkinci mərhələ isə  ötən ilin əvvəlində Bakıda gerçəkləşib.  Eksanat teatr mərkəzinin və Bakı Uşaq Teatrının aktyorları bir araya gələrək Bakıda çıxış edəcəklər.  

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov