Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Yanvar 2013 - №03

 

Nüvə fizikasının banisi

 

İtaliyanın XX əsrdə yetişdirdiyi ən görkəmli elm dühalarından biri nəzəri fizika sahəsində məşhur alim Enriko Fermidir.  O, İtaliya və Amerikada elmi məktəblərin yaradıcısı və neytron fizikasının banilərindən biridir. Kvant nəzəriyyəsi və elementar hissəciklər fizikası sahəsində bir sıra elmi işlərin müəllifidir. 1925-ci ildə kvant statistikasını (Fermi-Dirak statistikası), 1934-cü ildə beta-parçalanma nəzəriyyəsini, həmkarları ilə birlikdə isə neytronların iştirakı ilə süni radioaktivliyi kəşf edib. 1942-ci il dekabrın 2-də dünyada ilk dəfə nüvə  reaktorunu qurub və zəncirvari nüvə reaksiyasını  həyata keçirib. 1938-ci ildə Nobel mükafatına layiq görülüb.

 Fövqəladə yaddaşı ilə seçilən şagird  

Enriko Fermi 1901-ci il sentyabrın 29-da  İtaliyanın Roma şəhərində anadan olub.  Atası Alberto Fermi dəmiryolu idarəsində qulluqçu vəzifəsində çalışıb. Anası İda de Qattis  isə ibtidai sinif müəllimi olub. Baxmayaraq ki ailədə valideynlərdən heç biri  onu elmlə məşğul olmağa həvəsləndirməyib, Enriko Fermi  hələ uşaq yaşlarından riyaziyyat və fizikaya böyük maraq göstərib. Enriko yazmağı və oxumağı çox tez öyrənib. Son dərəcə güclü hafizəyə və riyazi təfəkkürə  malik olan  Enriko sinifdə asanlıqla birinci şagird olub. 13 yaşı tamam olanda  Enriko  iki ay ərzində tərsimi həndəsə kursunu tam mənimsəyib.   O, müstəqil  surətdə  dərslikdə olan 200-dən artıq tapşırığı həll edərək bütün teoremləri təklikdə sübut edə bilmişdi. Fizika və riyaziyyatın ayrı-ayrı bölmələrinə həsr olunmuş bir sıra kitabları müstəqil surətdə öyrənməyə cəhd etmişdi. Enriko  nəinki qeyri-adi istedadı, eləcə də çox iti, fövqəladə  yaddaşı ilə yaşıdlarından  seçilirdi. Əlinə aldığı hər hansı  kitabı bir dəfə oxumaq onu mükəmməl surətdə öyrənmək  üçün kifayət idi.  Atasının dostu Adolfo Amideyi  Enrikoda fizika və riyaziyyat elmlərinə maraq  oyadıb. Amideyi tezliklə onun nəzəri fizika sahəsində qabiliyyətini hiss edib. Enriko uşaqlıq dostu E.Persio ilə birlikdə müxtəlif fiziki təcrübələr qoyurdu (məsələn, içməli suyun dəqiq sıxlığını müəyyən etməyə çalışırdı).   1918-ci ildə üçillik lisey kursunu iki ilə başa vuran Ferminin qarşısında gələcək təhsilini harada davam etdirmək sualı durmuşdu.  Onu daha çox fizika cəlb edirdi,  o, çoxsaylı eksperimentlərin qoyulduğu fiziki aparatlara maraq göstərirdi.  Enriko Roma Universitetinə daxil ola bilərdi, lakin 17 yaşlı gənc Pizan Universitetini seçib. Universitetə daxil olmaq üçün isə o,  Pizan  Normal Məktəbində müsabiqədən keçməli və daha sonra  universitet mühazirələri ilə yanaşı,  Pizan  Normal Məktəbində təhsilini paralel olaraq davam etdirməli idi. Fermi nəinki müsabiqədən keçib, həm də müsabiqədə birinci yerə çıxıb. Müsabiqə zamanı Fermi riyaziyyat professoruna elə bir təsir bağışlamışdı ki, imtahandan sonra professor xüsusi olaraq Enrikonu görüşə dəvət edərək "uzunillik  professorluq fəaliyyətim dövründə mən belə bir halla rastlaşmamışam, Fermi dahi insandır və böyük alim olmağa layiqdir" deyib.  

Universitet illəri  

Beləliklə də Enriko Fermi Pizan Universiteti nəzdində ali real məktəbinə daxil olub. O, artıq fizika və riyaziyyatı çox gözəl bilirdi. Sonralar   artıq məşhur alim kimi tanınanda  həyatının bu dövrü barədə  yazırdı: "Mən universitetə daxil olanda klassik fizika və nisbilik nəzəriyyəsini indiki kimi bilirdim". Bir çox elmi məsələləri Fermi heç bir müəllimin, məktəbin köməyi olmadan təkbaşına öyrənmişdi. Onun kitablardan öyrəndiyi biliklərə müəllimləri çox az şey əlavə edə bilərdilər. O,  bilikləri müstəqil surətdə əldə etməyin olduqca effektiv sistemini işləyib hazırlamışdı. Fenomenal yaddaş ona həm də xarici dilləri tez bir vaxtda öyrənməyə imkan verirdi.  Ferminin qeyri-adi qabiliyyətini  təkcə tələbələr deyil, tezliklə müəllimlər də hiss etmişdilər. 1920-ci ildə 19 yaşlı gənc artıq bir çox professorların iştirakı ilə kvant nəzəriyyəsinə dair mühazirələr oxuyurdu (bu nəzəriyyə hələ İtaliyada  çoxlarına yad mövzu idi). Elə həmin illərdə də onun elektrodinamika və nisbilik nəzəriyyəsinə dair ilk elmi işləri işıq üzü görüb.  Roma Universitetinin professoru, Ferminin uşaqlıq dostu Enriko  Persiko sonralar yazırdı: "Onun kitabların öyrənilməsi metodunun mahiyyəti onda idi ki, o, kitablardan yalnız göstərilmiş problemləri  və aparılmış təcrübələrin nəticələrini götürürdü. Onları təhlil edir və sonra isə kitab müəllifinin məlumatları ilə öz qənaətlərini müqayisə edirdi. Çox vaxt  belə müqayisələr zamanı  o, yeni problemlər qaldırır və onları həll edirdi. Bəzən isə artıq hamı tərəfindən qəbul olunan, hamıya yaxşı bəlli olan məsələlərdə səhvlər tapır və onları düzəldirdi".  Məlum olmuşdu ki, fizikanın bəzi bölmələrini Enriko öz müəllimlərindən daha yaxşı bilirdi. İtaliyada o  vaxtlar fizika elmi olduqca  tənəzzül vəziyyətdə idi və tədqiqat işləri demək olar ki, aparılmırdı. Buna görə də 1922-ci ildə eyni vaxtda həm Pizan Universitetini və həm də Pizan Ali Məktəbini bitirən Fermi Gettingenə (Almaniya) gedərək orada məşhur alman fiziki Maks Bornun tələbəsi olur. O, burada digər gənc tədqiqatçılar - Verner Heyzenberq, Volfqanq Pauli  (sonralar Nobel mükafatı laureatları) ilə tanış olur. Məhz Gettingendə onun istedadının əsasları daha da möhkəmlənir. O, eyni zamanda məşhur fizik  Paul Erenfestin tələbəsi olur. Qeyd edilməlidir ki, ən bədbin anlarında Erenfest ona hərtərəfli dəstək göstərib.   İtaliyaya qayıdandan sonra Fermi statistik fizikanın bir sıra mühüm məsələlərinin həllinə nail ola bilib. Bu məsələlər Pauli  prinsipinə tabe olan hissəciklərin hərəkətinin hesablanması metodunun yaradılmasının əsasını təşkil edirdi. 1925-ci ildə Pol  Dirakla (Nobel mükafatı laureatı) birgə Pauli prinsipinə tabe olan və sonralar fermion adlandırılacaq hissəciklərin statistikasını işləyib hazırlamışdır. Sonralar bu metod Fermi - Dirak metodu adlandırıldı. Bu metodun kəşfi Fermiyə böyük populyarlıq qazandırdı. 1933-cü ildən başlayaraq Fermi bütövlüklə kvant fizikası məsələləri ilə məşğul olub.  1934-cü ildə o, beta-parçalanma nəzəriyyəsini irəli sürüb. Bu nəzəriyyənin mahiyyəti ondan ibarət idi ki, beta-parçalanma zamanı elektrondan əlavə  neytrinolar adlanan hissəciklər də ayrılır. 1926-cı ildə o, artıq  Roma Universitetinin nəzəri fizika professoru idi. Florensiya Universitetində də dərs deyirdi.  O, burada artıq  özünün nəzəri  fizika məktəbini yaradır. Gənc alim bu uğurları ilə bütün İtaliya elminin dirçəlməsinə yol açmış olur. Enriko Fermini  mühazirələr oxumaq üçün artıq bir sıra nüfuzlu universitetlərə dəvət edirlər.  Onun 1932-ci ildə Miçiqan və Kolumbiya Universitetlərində tələbələrə oxuduğu mühazirələr tezliklə  "Şüalanmanın kvant nəzəriyyəsi" və "Termodinamika" kimi yeni kitablarının əsasını təşkil edib.

 Qeyri-adi pedaqoji istedada malik alim 

1926-cı ildə 25 yaşlı Enriko Fermi müsabiqə əsasında Roma Universitetinin professoru seçilib və praktiki olaraq universitet karyerasının zirvəsini fəth edir. Fermi tərəfindən "fiziklər məktəbi"nin yaradılması bu dövrə təsadüf edir. O, gənc fiziklər arasında sistematik olaraq  seminarlar təşkil edir. Enriko Fermi ən gənc yaşlarından dövrünün ən məşhur alimləri ilə bir sırada dayanmaqla müəllimlik fəaliyyətinə çox yüksək qiymət verirdi. Qeyri-adi pedaqoji istedada malik idi.  Enriko Ferminin müəllimlik fəaliyyətində ən mühüm mərhələ onun italyan nəzəri fizika məktəbinin əsasını qoyması ilə bağlıdır. Onun keçmiş tələbələri alimin pedaqoji məharətindən bəhs edirdilər.  Məşğələlərdən sonra tələbələri ilə öz kabinetində hər yeni elmi problemə dair diskussiyalar  keçirən alimin çox vaxt konkret problemlərə dair cavabları mühazirə  xarakteri daşıyırdı. Tələbələri qeyd edirdilər ki, Ferminin məktəbində "gənc fizikin  formalaşması sürəti ağlagəlməz idi". Fermi tələbələrinə təkcə sözün birbaşa mənasında fizikanı  öyrətmirdi, öz şəxsi nümunəsi ilə fizikanı ehtirasla sevməyi, bu elmin ruhunu və qaydalarını anlamağı başa salırdı.  Fermi tələbələrinə diplom işləri üçün mövzular təklif etməyi sevməzdi,  çox haqlı olaraq hesab edərdi ki, tələbənin  özünə maraqlı hesab etdiyi mövzunu seçməsi daha faydalıdır.  Alim mühazirələr oxumağı çox sevirdi, bu mühazirələr öz forma və məzmununa görə çox gözəl idi, quruluşu,  məntiqliyi, dərinliyi və aydınlığı  ilə seçilirdi. Lakin Ferminin  əsas qabiliyyət və istedadı elmlə bağlı idi. O, anadangəlmə fizik idi. Onun daha çox kim - nəzəri-fizik, yoxsa tədqiqatçı-fizik olmasını söyləmək mümkün deyildi.  Hər iki keyfiyyət onda olduqca qeyri-adi dərəcədə harmoniya təşkil edirdi. Dünyanın bir sıra ölkələrindən olan məşhur alimlər tərəfindən çox yüksək qiymətlər almış bir sıra sanballı elmi kəşfləri ilə  yanaşı, o, bir çox fiziki cihaz və avadanlıqların çox mahir konstruktoru idi. Çox güclü elm təşkilatçısı olan Fermi özünün iş vaxtını olduqca dəqiq və diqqətlə  qurub. Səhər saat 6:00-dan 8:00-dək düşüncələr və nəzəri məqalələrin yazılmasına ayrılıb.  Gün ərzində iki saat istirahət və nahar üçün nəzərdə tutulub.   Qalan vaxtlarını isə alim universitet və laboratoriyadakı işlərinə sərf edib.  Həyat yoldaşı L.Kapon "Atom bizim evimizdə" kitabında yazırdı ki, Fermini heç bir qüvvə  axşam saat 22:00-dan sonra yatmaqdan ayıra bilməzdi.  Lakin bu qrafikə hər zaman eyni dəqiqliklə əməl etmək mümkün olmayıb. Las-Alamosda (ABŞ) iş şəraiti olduqca ağır idi.

 "Fermi effekti" 

Enriko  Ferminin tədqiqatları nüvə fizikası, statistik mexanika, yüksək enerjilər fizikası, astrofizika sahələrini əhatə edir. Onun statistik mexanikaya dair elmi işləri elektronların bərk cismlərdəki hərəkətinin, eləcə də astrofizikadan tutmuş fizikanın müxtəlif bölmələrinə qədər bir sıra hadisələrin  izahını  verirdi. Süni radioaktivliyin Frederik və İren Kürilər tərəfindən kəşfindən sonra Enriko Ferminin bütün diqqəti nəzəri fizikanın eksperimental  məsələlərinə yönəlib. O, neytronlar vasitəsi ilə süni radioaktivlik effektini yaratmağa  qərar verib.  Alim çox haqlı olaraq hesab edirdi ki,  neytral hissəcik atomun dərinliyinə nüfuz edə bilər. Mövcud olan bütün kimyəvi elementləri neytronlarla bombardman etməklə alim 60-dan artıq radioaktiv element əldə edib. Bu yolda onu çox qiymətli  kəşf gözləyirdi.  Ferminin əməkdaşları eksperiment gedişində növbəti qeyri-adi hadisə ilə üzləşmişdilər. Müəyyən olunmuşdu ki,  gümüş elementinin şüalandırılan nümunəsi və neytron mənbəyi arasında parafin təbəqəsi qoyularsa, onda gümüşün radioaktivliyi kəskin artar. Onlar üzləşdikləri  bu hadisə barədə dərhal "papa"-ya (onlar Fermini böyük sevgi ilə belə adlandırırdılar) üz tutublar. Səhər yeməyi əsnasında Fermi bu sirli tapmacanın izahını tapmışdı. Bu hadisənin mahiyyəti onda idi ki, böyük miqdarda hidrogenin toplandığı parafində neytronlar öz sürətlərini kifayət qədər azaldırlar, bunun da nəticəsində onun gümüş atomları tərəfindən tutulması ehtimalı artmalıdır. Hər şey olduqca sadə (eləcə də dahiyanə) idi. Əməkdaşlarının sevinc və həyəcanlı səs-küyünə son qoyan  Fermi öz rəyini belə ümumiləşdirmişdi: "Bunu əvvəlcədən söyləməməyimiz necə də ağılsızlıqdır". Və dərhal da əlavə etmişdi ki, bu cür effekt çoxlu miqdarda hidrogenin olduğu suda da  özünü göstərməlidir.  Elə həmin gün - 1934-cü il oktyabrın 22-də Ferminin rəhbərlik etdiyi  qrup universitetin fizika  korpusunun həyətindəki bağdakı fəvvarədə  eksperimenti davam etdirib. Məhz bu gün atom əsrinin ilk günü hesab olunur.  Ferminin ehtimalı özünü tam təsdiq edib. Sonralar "Fermi effekti" adını almış ləng neytronlar hadisəsi belə kəşf olundu.     Enriko Fermi 1938-ci ildə bu kəşfə görə Nobel mükafatına layiq görüldü. Nobel komitəsi ləng  neytronların təsiri ilə  süni radioaktivliyin kəşfi sahəsində xidmətlərinə görə Fermini bu yüksək elmi ada təqdim edib.  

Asayiş keşikçisinə özünü professor Ferminin sürücüsü kimi təqdim edib 

Nobel mükatına layiq görülməsi  ilə onun elm dünyasındakı  şöhrəti  daha da möhkəmləndi. O, İtaliyanın milli qəhrəmanı oldu, bir çox təltiflərə, fəxri adlara layiq görüldü. Baxmayaraq ki alim bütün bunlara az əhəmiyyət verirdi. Onu artıq hamı tanıyırdı.  Onun bu keyfiyyətləri barədə hətta belə bir əhvalat da danışırdılar. Enriko Fermi İtaliya Elmlər Akademiyasının üzvü idi. Akademiyanın iclası sarayda keçirilirdi və olduqca təmtəraqlı təşkil olunmuşdu. Fermi akademiyanın binasına özünün kiçik "Fiatle" maşınında gəlib. O, ilk baxışda heç də professor görkəmi daşımırdı. Əynində  akademiyanın üzvlərinə məxsus mantiya və üçkünc şlyapa yox idi, gündəlik paltarda idi. Fermi bu görkəmdə akademiyanın iclas zalına daxil olmağa cəhd edib. Onun yolunu kəsmiş asayiş keşikçisinə alim özünü "aləhəzrət professor Ferminin sürücüsü" kimi təqdim edib. Və maneəsiz olaraq iclas zalına daxil olub.  "Ədalət tərəfdarı olmasına baxmayaraq alimi mücərrəd məsələlər narahat etmirdi.   Fermi müxtəlif elmi "döyüşlər"ə,  xüsusən də sonluğu məlum olmayan mübahisələrə nifrət edirdi. O, tez-tez deyirdi ki, uğursuzluğa düçar olan işlərdən qaçmaq lazımdır.  O konkret və həlli mümkün  olmayan mübahisəli problemlərin içində olmaqdan diqqətlə qaçırdı.   Qüdrətli qüvvələr ona maneçilik törədəndə isə o, geri çəkilməyə və yaxud problemlərdən uzaq durmağa, şəxsi işlərdə isə bu və digər insanlardan uzaq olmağa  üstünlük verərdi", - deyə onun tələbəsi və dostu, Nobel mükafatı laureatı Emil Seqre "Enriko Fermi - fizik" (Emilio Segre. Enrico Fermi, Physicist. The University of Chicago press. Chicago and London, 1970) adlı monoqrafiyasında yazırdı. Enriko  Fermi həyatının son günlərinə qədər çox gərgin və intensiv işləyib.   "Ferminin həyatında hər şey elə baş verirdi ki, sanki hansısa "hormonlar" elmi tədqiqatlar üçün optimal şəraiti avtomatik olaraq təmin etmək üçün onun hisslərini və həyat tərzini idarə edirdilər",-deyə alimin tələbələrindən akademik Bruno Pontekorvo yazırdı.

 Vətəni tərk edir 

30-cu illərin əvvəllərində İtaliyada Mussolininin faşist  diktaturası hökm sürürdü. Bu rejim Fermi ailəsi üçün çox təhlükəli idi. Onun  1928-ci ildə ailə qurduğu, Roma Universitetinin ümumi fənlər fakültəsinin tələbəsi Laure Kapon yəhudi mənşəli idi. Öz vətənində faşist əlaltılarının təqibindən yaxa qurtarmaq üçün ailəsi ilə birlikdə Stokholma Nobel mükafatı dalınca yollanan Fermi Romaya qayıtmadan Amerikaya gedib. 1938-ci il dekabrın 10-da Nobel mükafatının təqdimat mərasimindən sonra Fermi ailəsi ilə birlikdə 1939-cu il yanvarın 2-də Çikaqoya  gəlib. Birləşmiş Ştatlara gəldikdə Fermi o dövrün digər emiqrantları kimi əqli qabiliyyət üzrə test sınağından keçməli olub. Amerikada Fermiyə 4  universitetdən professorluq təklif olunur. Fermi Nyu-Yorkdakı Kolumbiya Universitetini seçib.  1939-1942-ci illərdə Fermi Kolumbiya Universitetinin, 1942-1945-ci illərdə Çikaqo Universitetinin, 1946-cı ildən isə Çikaqodakı Nüvə Tədqiqatları İnstitutunun professoru olub. 1944-1945-ci illərdə Los-Alamos laboratoriyasının nüvə tədqiqatları şöbəsinə rəhbərlik edib.  ABŞ-da yeni şəraitdə işə başlayan Fermi tezliklə öz elmi qrupunu yaradaraq uzun illər ərzində nüvə energetikası problemləri ilə məşğul olub. Onun qrupunda Avropadan faşist təqiblərindən qaçan bir çox tanınmış fiziklər bir araya gəlmişdi.  Enriko Ferminin rəhbərlik etdiyi  bu qrup Çikaqo Universitetinin futbol meydançasının açıq tennis kortunda ilk atom reaktorunu inşa etmiş  və 1942-ci ilin dekabrında uğurla sınaqdan keçirmişdi. Dünyada ilk atom reaktorunun işə salınması nüvə energetikasında yeni epoxanın başlanğıcı idi və bu tarix, ilk növbədə, italyan aliminin adı ilə bağlıdır.  Məşhur fizik Con Kokroft yazırdı ki,  Fermi bununla atom əsrinin qapılarını açıb.  Enriko Fermi bundan əlavə, Los-Alamos ştatında digər fiziklərlə birlikdə olduqca xüsusi məxfilik şəraitində atom bombasının yaradılması (Manheten layihəsi) üzərində işləyirdi. Onun Avropadan olan əməkdaşları - tədqiqatçı fiziklər faşizm üzərində qələbəyə inanır, lakin həm də Hitler Almaniyasının atom bombasını daha tez yarada bilməsi imkanından bərk qorxurdular.  Atom bombasının faşistlərin əlinə  keçməsi bütün dünyaya daha böyük fəlakət gətirə bilərdi. Buna görə də Fermi komandasının alimləri öz rəhbərləri kimi fədakarlıqla çalışırdılar.  Artıq faşist Almaniyasının atom silahı yarada bilməyəcəyi tam yəqinləşəndən sonra da bir çox alimlər başa düşürdülər ki, bu silah Amerika hərbçilərinin əlində hansı təhlükəni törədə bilər. Atom silahının sınaq partlayışı öz dağıdıcı gücü ilə alimləri sarsıtmışdı. Hətta təbiətən çox  soyuqqanlı və təmkinli olan Enriko Fermi də dərin sarsıntı yaşamışdı. O, adəti üzrə  heç kimə öz maşınını idarə etməyə verməzdi.  Lakin  atom partlayışından sonra öz maşınını sürüb ərazidən çıxa bilməmişdi və bunun üçün öz həmkarlarından birinin  köməyindən yararlanmağa məcbur olmuşdu. Dünya alimləri ABŞ-ın Yaponiyaya qarşı hərbi əməliyyatlarda atom bombasından istifadə etməsinin qarşısını almağa cəhdlər etmişdilər. Albert Eynşteyn Amerika prezidenti Franklin Ruzveltə bu barədə məktub göndərmişdi. 1944-cü ilin avqustunda danimarkalı fizik Nils Bor da atom silahının tətbiqinin dəhşətli nəticələri barədə ABŞ prezidentinə xəbərdarlıq məktubu göndərmişdi. Çikaqo Universitetinin 7 Nobel mükafatı laureatı olan professorlar da Amerika Müdafiə Nazirliyinə atom bombasının fəlakətli nəticələrinə dair xəbərdarlıq  ünvanlamışdı. Atom bombasının sınağından və Yaponiyaya atılmasından sonra Enriko Fermi atom silahının yaradılması işlərindən uzaqlaşıb və yüksək enerjili hissəciklər - mezonlarla məşğul olmağa başlayıb. Bu işləri o, həyatının sonlarına kimi davam etdirib.  Manheten layihəsinin iştirakçıları sonda nəhayət, nələri etdiklərini başa düşərək öz fəaliyyətlərinin nəticələrinə müxtəlif qiymətlər verdilər. Enriko Ferminin vəfatından sonra onun Manheten layihəsindəki roluna kölgə sala biləcək sözlər deyən kimsə tapılmadı. Atom bombasının sınağından sonra alimin əməkdaşları sarsıntı içində idilər. Fermi isə neytron fizikasının əsil banisi hesab olunmağa layiq idi.  

Qısa alim ömrü 

Enriko Ferminin həyatı çox qısa olub O, cəmi 53 il ömür sürüb. Lakin onun həyatı çox zəngin və məhsuldar olub. O, fizika elmi sahəsində çox işlər görüb, bir çox fiziki terminlər onun adı ilə bağlıdır.  Qısa ömür sürməsinə baxmayaraq, Enriko Fermi istər nəzəri fizika, istərsə də tədqiqatçılıq sahəsində yüksək zirvələr fəth edib. Onun əsas elmi  irsi kimi aşağıdakı sahələri qeyd edirlər: Fermi statistikası, atom və molekulların strukturuna dair işlərin məcmusu, neytronların xassələrinin nəzəri və eksperimental tədqiqi, ləng neytronların kəşfi, beta-parçalanma nəzəriyyəsinin kəşfi, dünyada ilk atom reaktorunun yaradılması, neytron optika üzrə eksperimental və nəzəri tədqiqatlar və başqaları. 1946-cı ildə Fermi Çikaqoda yaradılmış Nüvə Tədqiqatları İnstitutunun əməkdaşı olub. Həyatının son illəri yüksək enerjilər fizikasına həsr olunub. O, yüksək enerjili kosmik şüaların mövcudluğu fərziyyəsini  irəli sürüb. 1950-ci ildə mezonların yaranmasının statistik nəzəriyyəsini əsaslandırıb.  Onun tələbələrindən akademik Bruno Pontekorvo haqlı olaraq qeyd edirdi ki, Ferminin universal dahiliyi nəzəri, həm də eksperimental fizikanın bütün  sahələrində ona parlaq işlər aparmağa imkan verib. 1950-ci ildə Enriko Fermi London Kral Cəmiyyətinin üzvü, 1953-cü ildə isə  Amerika Fizika Cəmiyyətinin prezidenti seçilib. O,  bir sıra xarici ölkə elmlər akademiyalarının üzvü idi. Böyük fizik 1954-cü il noyabrın 28-də 53 yaşında  elmi yaradıcılığının çiçəklənmə dövründə Çikaqodakı evində mədə xərçəngindən vəfat edib. Bir il sonra isə D.Mendeleyevin dövri sistemində 100-cü yubiley elementi Enriko Ferminin şərəfinə fermium  adlandırılıb.  

Hazırladı: Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov