Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Yanvar 2013 - №03

 

Mən niyə coğrafiya müəllimi olmaq istəyirəm

 

İnsanın həyatında verdiyi ən mühüm qərarlardan biri də peşə seçimidir. Hər bir sənətin özünəməxsus gözəlliyi var, əsas odur ki,  seçdiyin sənəti sevəsən. Çünki belə olmazsa, sənətində uğur qazana bilməzsən. Fərqi yoxdur, həkim, müəllim, hüquqşünas,  idmançı və s. olacaqsan, əsas odur ki, seçdiyin sənətlə vətəninə xidmət edəsən. Mən belə etdim, sevdiyim, marağım olan müəllimlik sənətini seçdim. 

Coğrafiya elminə olan marağım məndə kiçik yaşlarımda məktəbdə oxuduğum vaxtlarda yaranıb. Hələ orta məktəbdə VI sinifdə oxuyanda coğrafiyanın ilk anlayışları ilə tanış olarkən gələcəkdə coğrafiya müəllimi olmaq arzusundaydım. Bizi əhatə edən ətraf aləmi, təbiətdə baş verən hadisələri, onların səbəblərini, əvvəllər mənim üçün ilk baxışdan çox sadə olan coğrafi proseslərin  əslində necə mürəkkəb və maraqlı olduğunu öyrəndikcə coğrafiya elminə olan bağlılığım daha da artır, coğrafiya müəllimi olmaq istəyim qətiləşirdi.  Əlbəttə ki, orta məktəbdə coğrafiya fənninə qarşı marağımın yaranmasında coğrafiya müəllimimin özünəməxsus rolu olmuşdur. Orta təhsilimi Abşeron rayonu Xırdalan şəhər 4 nömrəli tam orta məktəbdə almışam. 2009-cu ildə orta məktəbi bitirdikdən sonra ali məktəblərə qəbul imtahanında iştirak etdim. İmtahanda müvəffəq nəticə göstərərək Bakı Dövlət Universitetinin coğrafiya fakültəsinə qəbul oldum. Hazırda IV kursda oxuyuram, əlaçıyam. Təhsil aldığım müddətdə müəllimlərimin sayəsində coğrafi biliklərim dərinləşmiş və yeni məlumatlarla zənginləşmişdir. Universitetdə yaradılan şərait əsl mütəxəssis kimi formalaşmağımda əvəzsiz rol oynayır. Universitetdə müəllimlərimdən təkcə coğrafiya elminin sirlərini deyil, həmçinin əsl müəllim olmağın qaydalarını da öyrənirəm. Təhsilimi bitirdikdən sonra magistraturaya, aspiranturaya daxil olub bir alim kimi fəaliyyət göstərmək, dərs keçəcəyim şagird və ya tələbələrdə coğrafiya elminə qarşı maraq yaratmaq, bu elmi onlara sevdirmək, coğrafiya elminin sirlərini onlara öyrətmək istəyirəm.

Təhsil aldığım müddət ərzində  məndə xüsusilə bütün dünya üçün qlobal bir problem olan təbii fəlakətlərə maraq daha çox olmuşdur. Buna səbəb Azərbaycanın ərazisində, dünyada baş verən təbii fəlakətlərdən, sunamilər və tayfunlar istisna olmaqla, hamısının müşahidə olunması, vurduqları zərərlərin sürətlə artmasıdır. Təbii proseslərin respublika iqtisadiyyatına vurduğu zərərləri təhlil etmək, onlara qarşı nə kimi tədbirlər görülməsi haqda təklif və tövsiyələr vermək mənim üçün maraqlıdır.  Universitetdə oxuduğum müddətdən  bu sahə üzrə elmi fəaliyyətlə məşğul oluram. Məndə bu sahəyə marağın yaranmasında əsas rolu professor N.A.Babaxanovun bizə təbii fəlakətlər fənnini tədris etməsi ilə bağlıdır. Onun yüksək elmi bilikləri sayəsində təbii fəlakətlərə dair biliklərim zənginləşmiş, hələ də zənginləşməkdə davam edir.  Belə ki, professor N.Babaxanovun rəhbərliyi ilə beş beynəlxalq konfransda təbii fəlakətlərə dair müxtəlif istiqamətli elmi məqalələrlə iştirak etmişəm.

Bakı Universitet Xəbərlərində (Təbiət elmləri seriyası N 1, 2011) "Azərbaycanın ümumtəhsil məktəblərində təbii fəlakətlərin tədrisinə dair" mövzusunda məqaləm çap olunmuşdur. Universitetdə təhsil almaqla bərabər öz elmi axtarışlarımı da davam etdirirəm.

29 noyabr 2011-ci il tarixində Bakı Slavyan Universitetində keçirilmiş tələbələrin XXII Respublika elmi konfransında "Azərbaycanın VIII sinif coğrafiya dərsliklərində təbii fəlakətlərin tədrisinə dair" mövzusunda məqalə ilə iştirak etmişəm, konfrans zamanı çıxışım böyük maraqla qarşılanmışdır.

2011-ci ilin dekabr ayında London Elm və Təhsil Akademiyasının təşkil etdiyi XVI Beynəlxalq elmi-praktik konfransda "Azərbaycanda coğrafi ekspertiza aparılmasına dair  rəqəmsal xəritəli geoinformasiya sisteminin  yaradılması" mövzusunda elmi məqalə ilə iştirak etmiş və sertifikatla təltif olunmuşam.

2012-ci ilin 13-18 iyul tarixlərində London Elm və Təhsil Akademiyasının təşkil etdiyi elm və təhsil olimpiadasında "Bakı şəhərində baş verən təbii fəlakətlər və onlara qarşı mübarizə tədbirləri" adlı elmi məqalə ilə iştirak etmişəm. Olimpiadanın II mərhələsinin reytinqinə görə Azərbaycan üzrə 1-ci, Avropa ölkələri üzrə 2-ci yerə layiq görülmüşəm.

Həmçinin universitetdaxili 50+50 qrantlar proqramı (2012/2013-cü tədris ili üçün) layihəsində "Azərbaycanın təbii şəraitinin coğrafi ekspertizasına dair geoinformasiya xəritə modellərinin yaradılması" adlı layihə işi ilə iştirak etmişəm. Bu layihənin qalibi olacağıma inanıram.

Mənim fikrimcə tələbələr yalnız təhsil almaqla kifayətlənməməli, elmə meyillərini artırmalı, elmi fəaliyyətlə məşğul olmalıdırlar. Məqsədim professor N.A.Babaxanovun rəhbərliyi ilə  "Bakı şəhərində baş verən təbii fəlakətlər və onlara qarşı mübarizə tədbirləri" mövzusunda yazdığım diplom işini yekunlaşdırmaq, onu gələcəkdə daha da genişləndirmək və magistraturaya daxil olaraq təhsilimi davam etdirmək və fərqlənmə diplomu ilə bitirməkdir.

Hörmətli rektorumuz akademik Abel Məhərrəmov universitetin kadr potensialını cavanlaşdırmaq üçün istedadlı tələbələrin, magistraturanı fərqlənmə diplomu ilə bitirənlərin universitetdə işləmələri üçün hər cür şərait yaradılacağını hər dəfə tələbələrlə görüşlərində nəzərə çatdırır. Hörmətli rektorumuzun əsas tələblərindən biri hər hansı bir xarici dili kamil bilməkdir. Mən indi rektorumuzun bu tələbini yerinə yetirmək üçün ingilis dilini intensiv öyrənməklə məşğulam.

Bakı Dövlət Universitetində istedadlı tələbələrə göstərdiyi qayğıya görə akademik A. Məhərrəmova öz dərin minnətdarlığımı bildirirəm. Mənim ən böyük arzum götürdüyüm buraxılış işini kitab şəklində çap etdirmək və gələcəkdə öz taleyimi ancaq universitetlə bağlamaqdır.         

Çinarə SƏMƏDLİ,
BDU-nun IV kurs tələbəsi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov