Son illər təhsilimizdə tətbiq olunmuş yeniliklərdən biri
də Avropa standartlarına uyğun müasir tipli məktəblərin
fəaliyyətə başlamasıdır. Belə məktəblərdən biri də ötən
ilin sentyabrında açılmış Bakı Modern Məktəbidir.
Müasir
dizaynlı, yeni texnologiya ilə təmin olunmuş sinif
otaqları, "İCT News" elektron xəbər xidməti, hər fənn
üzrə müxtəlif resurslarla təmin olunmuş bölmələr,
musiqi, incəsənət, idman, tibb və digər yaradıcılıq
mərkəzləri məktəbdə şagirdlərin istifadəsinə
verilmişdir. Məktəbimiz təlim prosesini ABŞ-ın
Kaliforniya Universitetinin (Los-Anceles) məktəblər üçün
yeni tətbiqi metodologiyası əsasında aparır. Tədris
ocağımız həmçinin Kaliforniyanın Santa Monika kolleci
ilə də əməkdaşlıq edir. "Webinar" sistemi ilə
müəllimlərimiz digər ölkələrin məktəbləri ilə onlayn
əlaqəsi yaradır, fikir mübadiləsi edir, Azərbaycan
təhsil sisteminə müsbət aura və dəyişikliklər
gətirirlər. Beynəlxalq təcrübə əsasında yeni fikir və
ideyaları Məktəb İnkişaf Proqramına daxil edirlər.
Azərbaycan və rus bölmələri ilə yanaşı, məktəbimizdə
1-ci siniflər üçün ingilis bölməsi də açılıb. Bundan
başqa, müəssisədə dərsdən sonra şagirdlərin rəsm,
musiqi, rəqs, şahmat, üzgüçülük dərnəklərində məşğul
olması üçün hərtərəfli şərait yaradılıb. Məktəbimizdə
Kaliforniya Universitetinin professoru, doktor Tamar
Endryus və Morqan Hakiminin treninqləri davam edir və
bütün müəllimlər bu treninqlərə cəlb olunurlar.
Treninqin mövzularından biri də "Medical First Aid"
təliminin keçirilməsidir. Bu dərslərin tətbiqində
uşaqlar təcili ilk tibbi yardım göstərilməsi bacarıqları
əldə edirlər. Apardığım bir ingilis qrupunda ingilis
dilini tədris edirəm və dərslərimi müasir ingilis dili
metodologiyası üzrə Böyük Britaniya, Kembricdə
qazandığım bilik və bacarıqlar əsasında qururam.
Məktəbimizdə dərsin məşhur rus pedaqoqu Lev Vqotskinin
və isveç filosofu Jan Piajenin müasir ingilis dilinin
tətbiqi nəzəriyyələri əsasında praktiki şəkildə keçilir.
L.Vqotskiyə görə, şagirdlərə sərbəst fəaliyyətləri üçün
ilkin istiqamətlər verilməli, Jan Piajeyə görə isə
şagirdlər qazandıqları biliklər əsasında özləri sərbəst
yaradıcılıq işlərinə qoşulmalıdırlar. Bundan başqa,
məktəbdə şagird nailiyyətlərinin qiymətləndirilməsi 50
ballıq cədvələ əsasən aparılır. Buna görə də
şagirdlərin əldə etdiyi nəticələr "İnkişaf kartı"
vasitəsilə izlənilir. İngilis dili qruplarında bütün
dərslər ingilis dilində aparılır və demək olar ki,
müasir ingilis dilinin kurikulumlarına istinad edərək
şagirdlər ilkin dinləyib-anlama və danışma bacarıqları
qazanırlar. Rollu oyunlar, dairələrdə musiqi
səsləndirmək, rəqs, riyaziyyat, təbiət və əl işləri üzrə
yaradıcılıq dərslərimiz vardır. Şagirdlər çox böyük
həvəs göstərərək bir-birlərinə bu dildə müraciətlər
edir, ev tapşırıqlarını məktəbdə birgə əməkdaşlıq
şəraitində yerinə yetirir və asudə vaxtlarını səmərəli
keçirirlər. İngilis dili bölməsinin öz resurs mərkəzi,
"Oyun otağı" (Play room) vardır. Resurs Mərkəzində
ingilis dili müəllimləri müzakirələr, "dəyirmi masa"lar
keçirir, treninqlərə cəlb olunur, xarici ədəbiyyatlardan
istifadə edirlər.
Mən dərslərimi kiçikyaşlılarla yeni təlim üsulları
əsasında aparıram, "Circle time" üsulunu motivasiya
yaratmaq üsulu kimi tətbiq edərək şagirdləri salamlaşma,
dairədə bir-birləri ilə qısa vaxt ərzində hal-əhval
tutmağa cəlb edirəm. Bu zaman uşaqlar daha çox hava,
təqvim və həftənin günləri haqqında söhbətlər aparır,
demək olar ki, əyləncəli şəkildə ünsiyyət qururlar.
Demək olar ki, hər gün dərslərimdə "Smart-notebook 2011"
texnologiyasına əsasən lövhədə elektron dərslərin
yığılması, tapşırıqların yerinə yetirilməsi və sərbəst
işlər həyata keçirilir. Mən təbiət, riyaziyyat,
texnologiya dərslərini də ingilis dilində aparıram.
Şagirdlər dərslərdə qrup və individual işlərdə planşet
və noutbuklardan istifadə edirlər, müxtəlif məntiqi
çalışmaları, riyazi tapşırıqları yerinə yetirir, oyunlar
oynayır, musiqi parçalarını dinləyir və ifa etməyi
öyrənirlər. Buna baxmayaraq, mən çox dərslərimi məktəb
avtobusundan istifadə etməklə təbiətin qoynunda, muzey,
zoopark və parklarda və digər əyləncəli yerlərdə
aparıram. Uşaqlar real həyat hadisələrini öz gözləri ilə
görür, təmiz havada sağlam böyüyür, çoxlu məlumat əldə
edirlər. Məsələn, həyat bilgisində "Canlılar və
cansızlar aləmi" mövzusunda dərsimi zooparkda keçərkən
uşaqlar canlıların həyat tərzini öyrənir, onların
vərdişləri ilə yaxından tanış olurlar. "Play room"da
uşaqlar müxtəlif dərs nümunələrini oyun formasında
keçirlər. Məsələn, "Pul vahidi" mövzusunun tədrisində
"shopping" oyununu keçirirlər. "Kukla Teatrı"nda
(Puppet Theatre) isə nağıllara qulaq asır, özləri
nağıllar qurur və kiçik kuklalardan istifadə edərək
nağılları personallaşdırırlar.
İngilis dili dərslərimdə səhnəciklər hazırlayır,
uşaqları rollu oyunlara cəlb edirəm. Bu dərsin əsas
xüsusiyyəti odur ki, uşaqlar daha çox sərbəst olur,
özlərini şəxsiyyət kimi hiss edir, utancaqlıqdan
uzaqlaşır, sanki həyatda reallıqla üzləşir, problemin
həllinə qoşulur və səmimi ünsiyyət yaradırlar.
Mən bir azərbaycanlı müəllim kimi fəxr edirəm ki, bu
məktəbdə arzularımı həyata keçirir və Azərbaycanın
gələcəyi olan kiçikyaşlılara ingilis dilini həvəslə
öyrədirəm.
Samirə TEYMUROVA,
Bakı Modern Məktəbinin ingilis dili bölməsinin baş
müəllimi |