Təhsil
ictimaiyyəti arasında və çağdaş ədəbi mühitimizdə öz
dəst- xətti ilə tanınan Neftçala 1 nömrəli tam orta
məktəbin sabiq ədəbiyyat müəllimi, fərdi təqaüdçü,
əməkdar müəllim, filologiya elmləri doktoru İmamverdi
Əbilovun 2012-ci ildə "Elm və təhsil" nəşriyyatında çap
olunan "Xatirələrin ay işığında" kitabı oxucular
tərəfindən böyük maraqla qarşılanıb.
Kitab (Məsləhətçi: filologiya elmləri doktoru, professor
Qəzənfər Paşayev, rəyçi: xalq şairi Zəlimxan Yaqub,
redaktor: fəlsəfə doktoru Azər Turan) tanınmış
ədəbiyyatşünas İmamverdi Əbilovun xalq şairi Bəxtiyar
Vahabzadə ilə uzunmüddətli dostluğuna həsr olunmuşdur.
Ön səhifəsində Bəxtiyar Vahabzadənin İmamverdi Əbilov
haqqında dediyi "əzizim, iki gözüm, qardaşım,
məsləkdaşım" sözlərinin yer aldığı "Xatirələrin ay
işığında" kitabında 60 il davam edən dostluğun kövrək
yaşantıları, yüzlərlə məktubun, saysız-hesabsız
fotoşəkillərin, avtoqrafların yalnız bir qismi təqdim
olunur. Bu kitabı oxuyan hər bir insan əsl dost necə
olar sualına cavab tapa bilər. Kitabda dostların
həyat və fəaliyyətini tərənnüm edən maraqlı məqamlar
çoxdur. O məqamlardan birini, yəni Bəxtiyar müəllimin
İmamverdi Əbilov haqqında yazdığı sətirləri həyəcansız
oxumaq mümkün deyil. Bəxtiyar müəllim yazmışdı:
- İmamverdi Əbilov mənim həqiqi dostum olub. Hər adama
dost demək olmaz. Mən rəhmətlik Qasım Qasımzadə, Xudu
Məmmədov, Nurəddin Rza və İmamverdi müəllimlə dostluq
etmişəm. O, mənim sirdaşım olub.
İmamverdi qəlbən yüksək düşüncəli insan olsa da, özünü
çox sadə, təvazökar apardığına görə onu çox istəmişəm.
Sadəqəlblidir.Bu sözləri Nurəddin, Xudu, İmamverdi və
bir də Qasım haqqında da deyə bilərəm...
"Xatirələrin ay işığında" kitabının son səhifəsində isə
belə yazmışdır:
-Mənəvi dünyamızın zirvələr qartalı, şeir- sənət
mülkünün mütəfəkkir sultanı, XX əsrdə milli istiqlal
qovşağının fikir sərkərdəsi Bəxtiyar Vahabzadə vaxsız
vəfat elədi, dostları, doğmaları, milyonlarla
pərəstişkarını ağlar qoydu. İfadəmdəki "vaxtsız" sözünə
kimsə irad tutmaq fikrinə düşməsin, çünki bütün
zamanlarda dahilərin ölümü vaxtsız olur...
Tale mənə əziz Bəxtiyarımızla 62 il dostluq etmək
imtiyazı verdi. Universitet təhsili, ailə növrağı,
atalıq haqqının ilk fərəhi, kirayənişinliyin
məhdudiyyətləri, ilk kitabının nəşri, təzə mənzil
asudəliyi, ailə itkisi, Bakı Sovetinə, Ali Sovetə
deputat seçilməsi, dövlət mükafatı laureatı, elmlər
doktoru, akademik seçildiyi günlərin sevincini onunla
birgə yaşadım, eyni zamanda müjdəli, ələmli günlərimdə
onu Neftçalada yanımda gördüm.
İnsan ömrü təbiətə bənzəyir - daim dəyişir, kasadlaşır-
zənginləşir, axar- baxarlı yaz, yaşıllığı qovurub xəzəl
edən qızmar yay, barlı-bəhrəli payız, torpağa qar
yorğanı çəkən qış... Bu mənada Bəxtiyar heç vaxt təbiətə
bənzəmədi, uzun ömrümdə onu heç zaman öz əzəli
təbiətinin əks qütbündə görmədim, haqqa təzim edən böyük
şair haqsızlıq önündə nə qədər mübariz, barışmaz, cəsur,
məğrur, ötkəm, inadkar idi!
Müstəqil Azərbaycanımızda dövlət rəhbərinin, millətin
sonsuz qayğı və məhəbbəti ilə ömrü rövnəqlənən şair heç
vaxt özünü tam xoşbəxt hesab eləmədi. Mən onu könül
xoşbəxtliyinin hər iki çalarına - yəni ruhi sakitliyə və
taledən tam razılığa həsrət gördüm. Özünə qarşı müstəsna
diqqət və qayğıdan məmnun qalan şair heç vaxt "Vətəndən
vətənə həsrətlə baxan", doğma yurdundan didərgin düşən
həmvətənlərindən özünü ayrı təsəvvür edə bilmədi.
Yalnız bu mənada heç vaxt köhnəlməyən köhnə dərdləri
ilə baş-başa yaşadı... və mənalı ömrünün 84 -cü ilində
onu ürəkdən sevən milyonları gözü yaşlı qoyub əsl kişi
ləyaqəti ilə axirət dünyasına köç elədi.
...Biz İmamverdi Əbilovun "Xatirələrin ay işığında"
kitabının Bəxtiyar Vahabzadə irsini tədqiq edənlər üçün
gərəkli məxəz olacağına inanırıq.
Şakir CƏFƏROV |