| 
						
						Böyük Britaniyanın Tədqiqat Kompaniyası Ekonomist 
						İntelligense Unit 40 inkişaf etmiş dövlətin ilk təhsil 
						reytinqini tərtib edib. Rusiya həmin siyahıda 20-ci 
						yerdədir. 
						
						Reytinq baş nazir Toni Blerin dövründə Böyük 
						Britaniyanın məktəb islahatlarına cavabdehlik  daşıyan 
						Maykl Barberin rəhbərliyi altında işlənib hazırlanıb. 
						Tədqiqat üçün 60 kriteriyadan, o cümlədən dövlətin 
						təhsil xərcləri, müəllimlərin maaşının ölkə üzrə orta 
						əməkhaqqına nisbəti, uşaqların təhsilinin müddəti, PISA, 
						TIMSS və PIRLS beynəlxalq testlərinin son nəticələri, 
						məzunlar arasında işsizlərin səviyyəsi kimi 
						kriteriyalardan istifadə olunub. Ölkənin sosial-iqtisadi 
						göstəriciləri, cinayətkarlığın səviyyəsi, adambaşına 
						düşən ÜDM-un miqdarı və ümumi işsizlik də nəzərə alınıb. 
						Reytinqin liderləri Finlandiya və Cənubi Koreya olublar. 
						Onlardan sonra Honkonq, Yaponiya və Sinqapur gəlir. 
						Eləcə də təhsil sahəsində dünya liderləri onluğuna Böyük 
						Britaniya, Niderland, Yeni Zelandiya, İsveçrə və Kanada 
						da düşüb. Rusiya reytinq cədvəlində ABŞ-dan (17-ci yer), 
						Slovakiya və Macarıstandan (18 və 19-cu yerlər) az geri 
						qalıb. Lakin rusiyalıların təhsil almaq üçün populyar 
						ölkələr hesab etdikləri Çexiyanı (22-ci yer) və Fransanı 
						(25-ci yer) ötüb. 
						
						Maykl Barber qeyd edib ki, reytinqdə liderlik edən 
						ölkələr təhsilə millətin xilas yolu və ya inkişafın yeni 
						strategiyası kimi baxırlar. Uğurun digər amilləri 
						arasında hökumətin həmin sahəyə xüsusi diqqət yetirməsi, 
						ölkədə müəllimlərin yüksək statusu da yer tutur.  
						
						
						"Uçitelskaya qazeta"dan hazırladı: Yusif ƏLİYEV |