Son günlərdə ayrı-ayrı mətbuat orqanlarında və internet
şəbəkəsində bir-iki məktəbdə müəllimlərin şagirdləri
döyməsi halları ilə bağlı video-süjetlər təqdim
olunmaqda, şagirdlərin hüquqları ilə bağlı müzakirələr
açılmaqdadır. Məsələnin birtərəfli təqdimatı əlbəttə ki,
problemin həllinə yox, ayrı-ayrı yazarların düşüncəsinə
xidmət edir.
Bir
vətəndaş və bir valideyn kimi mən də çox istərdim ki, bu
kimi məsələlərə məktəb-təhsil sistemində rast
gəlinməsin, çünki bu cür hallar məktəblərdə təhsilin
düzgün istiqamətdə inkişafına maneə törədən
amillərdəndir. Lakin problemə səthi yanaşmaq, yalnız bir
tərəfin hüquqlarını qabartmaq və təhsilin əsas prioritet
vəzifələrindən uzaq nəticələr çıxardaraq onları
cəmiyyətə obyektiv mövqe kimi təqdim etmək əsla doğru
deyil. Bu səbəbdən, orta məktəblərdə müəllim və
şagirdlər arasında ara-sıra baş verən bu sayaq neqativ
hallarla bağlı qarşı tərəfin də baxış bucağını
incələməyə, düşünürəm ki, ehtiyac var.
İlk öncə onu qeyd etmək lazımdır ki, məktəblərdə
zaman-zaman baş verən müəllim-şagird konfliktləri
kütləvi informasiya vasitələrində yanlış təqdim olunur.
Bu təqdimatlar zamanı cəmiyyətə əksər hallarda müəllimin
özbaşınalığı, şagirdin hüquqları barədə gen-bol
danışılır və cəmiyyətdə süni şəkildə "aqressiv müəllim"
obrazı formalaşdırılır. Halbuki həqiqət bu deyil.
Ümumiyyətlə, bu məsələdə həqiqət birtərəfli deyil. Və
obyektiv olmasaq, bu və ya digər tərəfi ittiham etməklə
cəmiyyətin düşüncə tərzinə böyük zərbə vurmuş olarıq.
Bəli, inkar etmək olmaz ki, məktəblərdə bəzən
müəllimlərin haqsız yerə şagirdi vurması halları baş
verir. Bu kimi halları ümumən müəllimin pedaqoji
səriştəsizliyi, yaxud dərskeçmə metodlarının zəifliyi
ilə də əlaqələndirmək olar, hətta müəllimin öz ixtisas
sahəsi üzrə həddən artıq savadsız olmasından irəli
gələrək dərslərdə bu kimi oyunlardan çıxması faktları da
vardır. Lakin bu cür müəllimlər hər hansı bir məktəbin
pedaqoji kollektivinə daxil olan insanların uzağı 5-7
faizini təşkil edə bilər, bunu həm pedaqoji kollektivlə
işləyən, həm də övladı təhsil alan bir insan kimi
əminliklə deyə bilərəm. Cəmiyyətin hansı sahəsində bütün
kadrlar öz işinin öhdəsindən doğru-dürüst gəlir ki?
Müəllimlik sahəsi də bu mənada istisna deyil. Belə olan
halda cəmiyyətdə "aqressiv müəllim" obrazı yaratmaq,
şagird-müəllim konfliktlərində məhz müəllimlərin suçlu
olduğunu söyləmək nəyə və kimə lazımdır axı?
Azərbaycanda aztəminatlı təbəqəyə daxil olan sayca ən
böyük kontingent müəllim kontingentidir və az miqdarda
maaşla müəllimdən ideal dərs, yüksək səviyyəli təhsil və
bilik tələb edən insanlar öz düşüncələrində tələskənliyə
yol verməməlidirlər. Lakin az maaş almaq da müəllimə
dərsini yarımçıq keçməyə, şagirdlərlə aqressiv
davranmağa, tədris prosesinə laqeyd yanaşmağa əsas
vermir.
Əlbəttə ki, tədris prosesində müəllimlərin səbrindən,
təmkinindən, izah tərzindən, davranışından, hətta geyim
tərzindən belə çox şey asılıdır. Və səbrini cilovlaya
bilməyən, hər xırda şeyə əsəbi reaksiya verən, şagirdin
şəxsiyyətinin hələ püxtələşməkdə olduğunu nəzərə
almayan, şagird biliyinin qiymətləndirilməsi zamanı
bəzən hisslərinin təsiri ilə qərar verən və şagirdin
gələcək taleyində rol oynaya biləcək qərarlar zamanı da
bu cür yanaşma nümayiş etdirən müəllimlər qınanmalıdır.
Ancaq gəlin görək bu kimi məsələlərdə yalnız müəllimlər
günahkardırmı? Şagirdin özünün, yoldaşlarının,
valideynlərin günahı yoxdurmu müəllim-şagird
münasibətlərində? Var, özü də bu sadalananların günah
payı müəllimlərinkindən qat-qat çoxdur. Bunları məktəbdə
tədris prosesinə ən sadə bir biçimdə nəzər salmaqla
görmək mümkündür.
Müəllim-şagird münasibətlərindəki münaqişəli
vəziyyətlərdə tərəflərdən birinin - şagirdlərin
məktəbdəki fəaliyyətinin mənfi tərəflərinə bir qədər
diqqət yetirsək, məsələ tamamilə aydın olar və həqiqi
mənzərə gözlər önünə sərilər. Elə İnternet şəbəkəsində
şagirdin döyülməsi ilə bağlı yayınlanan süjetlərdə də
bir sual ortaya çıxır - baş verənlərin arxadan diqqət
cəlb etmədən mobil telefonun videokamerası vasitəsilə
lentə alınması nə deməkdir? Yayılan videoçarxlardan
açıq-aydın görünür ki, müəllim şagirdi vurmazdan daha
öncə həmin şagirdin müəllimə əl qaldırması da lentə
düşüb və bu, şagirdlərin bilərəkdən həmin müəllimə qarşı
"oyun" planlaşdırdıqlarını sübut edir. Heç kəsə sirr
deyil ki, bu gün orta məktəblərdə şagirdlərin mobil
telefondan istifadəsi dərs prosesinə kifayət qədər ziyan
vurur. Şagird mobil telefondan məktəbdə şəkil çəkmək,
xoşu gəlməyən hər hansı bir müəllimi qıcıqlandırıb onun
dərs zamanı etdiyini kameranın yaddaşına həkk eləmək və
bu materialları İnternet şəbəkəsində yaymaq, sinif
yoldaşlarının yanında "baxın, mənim də mobilim var,
deməli mənə şəxsiyyət kimi ailədə hörmət qoyulur"
görüntüsü yaratmaq, məktəbin mövcud qaydalarından
sui-istifadə, yaxud bu qaydaları pozma hallarını lentə
almaq, yuxarı yaş həddinə aid müxtəlif foto, audio-video
materialları Bluetooth sistemi vasitəsilə bir-birinə
ötürmək, dərs zamanı müxtəlif sosial şəbəkələrə daxil
olmaq, dərsdən yayınıb yaşına uyğun olmayan İnternet
səhifələri ilə maraqlanmaq, əks cinsin nümayəndələri ilə
çat söhbət panellərində yazışmaq və bu kimi digər
məqsədlərlə istifadə edir. Mobil telefondan tədrisə
yönəlik məqsədlərlə demək olar ki, istifadə edilmədiyi
gün kimi hər kəsə aydındır.
Gizlətmək lazım deyil, şagirdlərin mobil telefondan
məktəbdə istifadəsi məktəbdə tədris prosesinə böyük
zərbə vurur. Və bunda mobil gətirən şagirdin
valideynləri hər kəsdən çox günahkardırlar. Aydın
məsələdir ki, valideyn övladına mobil telefonu yuxarıda
söylənilən hərəkətləri etməsi məqsədilə almayıb. Mobil
telefon şagirdə valideyni tərəfindən o səbəbdən alınır
ki, şagirdin dərsdə olub-olmadığı, dərslərdən sonra
evinə gedib-getmədiyi barədə valideynin narahatçılığı
azalsın, bu, tamamilə başa düşüləndir. Amma valideyn bir
çox hallarda bilmir ki, əvvəla, hələ fiziki cəhətdən
püxtələşməmiş uşağına yüksək dalğalı mobil telefon
verilməsi həmin uşağın gələcək inkişafına əngəl törədən
ən böyük amillərdən biridir və onun bahalı mobil telefon
alıb verdiyi uşaq məktəbdə, valideynin nəzarətindən
kənarda həmin mobil telefonla nələr edir və edə bilər.
Bəzi valideynlər bildirirlər ki, "bəs müəllimlər niyə
mobil telefonla məktəbə gəlirlər?". Burada, zənnimcə,
hələ heç bir ciddi əhatəsi formalaşmamış, ciddi karyera
və iş mühitinə hələ düşməmiş uşaq, yaxud yeniyetmə
şagirdlə ailəsi, uşaqları, qohum-əqrəbası və yaxın
çevrəsi ilə münasibətləri çoxdan formalaşmış müəllimin
müqayisə edilməsinin özü yanlışdır. Məhz yuxarıda qeyd
edilən neqativ hallarla üzləşməmək üçün bir sıra
məktəblərdə ümumiyyətlə, şagirdlərin məktəb binasına
mobil telefonla daxil olması qadağan edilmişdir.
Düşünürəm ki, bu tamamilə doğru və gələcək problemlərin
yaranmasının qarşısını almağa yönəlmiş addımdır.
Valideynlərin narahatlığına gəlincə, Təhsil Nazirliyi və
əlaqədar təşkilatlara məktəblərdə şagird kartlarının
istifadəyə verilməsi, onların davamiyyəti ilə bağlı
valideynlərin telefonlarına müntəzəm məlumatların
verilməsinin mexanizmini işləyib-hazırlamaq kimi
təkliflər verilə bilər. Vətəndaş cəmiyyətində bir
problemin həll olunması üçün başqa bir problemin,
bəzənsə daha çoxsaylı problemlərin yaranmasına səbəb
olmaq qəbuledilməzdir. Hər birimiz, zənnimcə, bu kimi
məsələlərə yanaşma nümayiş etdirərkən deyilənləri nəzərə
almalıyıq.
Ümumiyyətlə, bir cəmiyyət olaraq etiraf etməyə
çalışmalıyıq ki, müasir texnoloji nailiyyətlərin
mahiyyəti, istifadə məqsədləri, faydası və eyni zamanda
zərəri barədə informasiyamız natamamdır, yarımçıqdır, bu
səbəbdən də bir çox hallarda bizlər həmin texnoloji
nailiyyətlərin görüntüsünə, çoxfunksiyalılığına
aldanırıq. Əslində isə heç bir texnoloji nailiyyət insan
oğlunun özünün əxlaq, mənəviyyat, davranış və yaşam
qaydalarından yüksəkdə dayanmır.
Şagird-müəllim konfliktlərində şagirdlərin özünün
tərbiyə, əxlaq və davranışlarına da mütləq diqqət
yetirilməlidir. Hər kəs gözəl bilir ki, şagird dərs
prosesini müntəzəm pozmasa, müəllimin şəxsiyyətini
alçaldan hərəkətlər etməsə, tərbiyəsizlik nümunəsi
sayılan əməllərdən çəkinsə, heç bir müəllim övladı,
yaxud nəvəsi yaşında şagirdi döyə biləcək dərəcədə
əsəbləşib özünü kollektiv içində hörmətdən salan
hərəkətlər etməz. Deməli, şagird-müəllim konfliktinin
kökündə dayanan gerçək səbəblərdən biri məhz şagirdin
sinifdə dərs zamanı mənfi davranışı, tərbiyəsizliyi,
danışığını bilməməsi, özünün yenicə formalaşan
şəxsiyyətini müəllimin on illərlə formalaşmış
şəxsiyyətindən üstün tutması, müəllimi şagird
yoldaşlarının qarşısında hansısa formada alçaltmağa
çalışması və sair bu kimi amillər ola bilər. Təəssüf ki,
bir cəmiyyət olaraq bu məqamlara diqqət yetirməyi
nədənsə istəmirik. Müəllimi ittiham eləmək asandır.
Çünki o, şagird-müəllim münaqişəsində elə məhz "döyən
tərəf" qismində görünür. Şagirdin bu münaqişəli
vəziyyətin yaranmasında gerçək rolu isə arxa planda
qalır, o sadə səbəbdən ki, o, görüntüdə "zərərçəkən"
qismindədir. Halbuki bu insidentlərin mütləq əksəriyyəti
məhz şagirdin ucbatından baş verir. Qəribədir ki, bizlər
şagird-müəllim münaqişəsində müəllimin böyük, şagirdinsə
kiçik olmasına baxaraq hadisəyə qiymət veririk, nəticə
etibarilə də şagirdin şəxsiyyətini qabardır, onun
hüquqlarının qorunmasından danışırıq, ancaq
öz-özlüyümüzdə bir neçə suala qərəzsiz, obyektiv cavab
vermək istəmirik: şagirdə kim ixtiyar verir ki,
müəllimin şəxsiyyətini digər şagird yoldaşlarının
qarşısında alçaltsın? Şagird niyə müəllimə qarşı hər
şeyi edə bilər, ancaq müəllim onu bu etdiklərinə görə
cəzalandıra bilməz? Hələ vətəndaş kimi formalaşmamış
şagirdin şəxsiyyəti şəxsiyyətdirsə, bəs onda bu ölkənin
tamhüquqlu vətəndaşı olan, həyat təcrübəsində neçə-neçə
şagirdə elm-bilik, savad vermiş olan müəllimin
şəxsiyyəti nədir? Axı o, daha çox hüququ və vəzifələri
olan vətəndaşdır, o, ailə başçısıdır, o insandır, o
bilik verəndir. Və o, məktəbə hər gün hansısa bir
səbəbdən, hansısa bir cahil şagirdin əməlinə görə
əsəbləşib dərman atmaq üçün yox, normal dərs keçmək
üçün, şagirdlərə öz ixtisas fənnindən nələrsə öyrətmək
üçün, ən azından ailəsini, övladlarını dolandırmaq üçün
gəlir. Müəllim işə gəlmir ki, təhqir olunsun, söyülsün,
əsəbləri pozulsun. Bu mənada şagird-müəllim konfliktində
inkaredilməz səbəbkarlardan biri, bəlkə də birincisi
məhz şagirdin özüdür, yaxud ona yanlış tərbiyəvi
istiqamət verən valideynidir. Müqayisə üçün deyək ki, nə
dərəcədə bilikli olmasından asılı olmayaraq, qardaş
Türkiyədə şagirdlər hər zaman müəllimlərinə hörmətlə
"hocam" deyərək bir çox hallarda onun əlindən öpür,
alınlarına qoyurlar və bu, on illərdən bəri çağdaş
Türkiyə cəmiyyətində normal şagird əxlaqının, tərbiyəli
şagird davranışının əsas göstəricilərindən sayılan gözəl
bir milli adət-ənənədir.
XX əsr boyunca Azərbaycanda təlim-tərbiyə işində
"falaqqaya salma", "küncə qoyma", "qulaq dartma" kimi
"cəzalandırma" üsulları olmuşdur. Bu, əsasən şagirdin
onun üçün cizilən qırmızı cizgilərdən çıxmaması və qəti
şəkildə özünü öyrənmə prosesinə həsr etməsi üçün
edilirdi. Bu günün gözüylə baxdıqda ilk baxışda insana
elə gəlir ki, bunlar pedaqogikanın məqsədlərinə və
məramına zidd olan qəddar üsullardır və bunların yalnız
ziyanı var, əslində isə Azərbaycan gerçəkliyində yaşayan
hər bir insan gözəl anlayır və bilir ki, məhz bu
üsulların da tətbiq olunduğu təlim-tərbiyə prosesinin
ciddiyyəti ötən əsrin əvvəlində Azərbaycana və
bəşəriyyətə nə qədər dəyərli, davranış, danışıq, əxlaq,
mənəviyyat və yaşamında örnək olan ziyalı və dahi
mütəfəkkirlər bəxş edib. Biz əsla bu metodları təbliğ
etmək, yaxud təqdir etmək fikrində deyilik, sadəcə
düzgün istiqamətdə tərbiyə olunmayan, zərərli
vərdişlərdən və davranışdan qəti şəkildə çəkindirilməyən
şagirdin bir şəxsiyyət kimi formalaşmasının mümkün
olmadığı qənaətindəyik. Bu gün də yaşlı nəslin bir çox
nümayəndələri tərbiyədən söz düşərkən gülümsünərək uşaq
vaxtı məktəbdə hansısa müəlliminə etdiyi sayğısızlığa
görə valideyni tərəfindən cəzalandırıldığını dönə-dönə
və ən əsası da valideyninə haqq verərək, doğru bir addım
kimi xatırlayır.
Söhbətin bu yerində daha bir həlli mühüm məsələyə diqqət
cəlb etməkdə fayda vardır. Bu məsələ tərbiyənin
qiymətləndirilməsi ilə bağlıdır. Hələ sovet dövründə
orta ümumtəhsil məktəblərinə "təlim-tərbiyə müəssisəsi"
adı verilmişdi və adından da göründüyü kimi, orta təhsil
şagirdlərə təkcə elm, bilik, savad yox, həm də onları
şəxsiyyət kimi formalaşdırıb cəmiyyətə faydalı insanlara
çevirməyə imkan verən tərbiyəni verməyi qarşısına məqsəd
qoymuşdur. Sovet dövründə orta məktəbi bitirən
şagirdlərə verilən yekun sənədin adı da diqqəti cəlb
edirdi - "Kamal Attestatı".
Bu gün qloballaşan dünyamızda mənəvi dəyərlərin
əhəmiyyətsiz bir şey kimi arxa plana keçirilməsinə
tez-tez rast gəlirik. Və təəssüf ki, bizim cəmiyyətimiz
də bu "mənfi axara" düşərək maddiyyata yüksək önəm
verildiyi və mənəviyyatın əhəmiyyətinin sürətlə
azaldıldığı bir cəmiyyətə çevrilməkdədir. Artıq bir çox
insanlar orta məktəbi, təhsil sferasını yalnız "təlim
müəssisəsi" olaraq görməyə meyillənib, tərbiyəyə artıq
əvvəlki kimi mühüm əhəmiyyət verilmir. Yəqin elə bu
səbəbdəndir ki, cəmiyyətdə get-gedə artan cinayətlər,
mənəviyyatsızlıq, əxlaqi deqradasiya üçün münbit zəmin
yaranır. Hər şey bugünkü şəxsiyyətin orta məktəbə ayaq
basdığı vaxtdan başlanır. Orta məktəbsə bu gün şagirdin
davranışına, əxlaqına, ailədə aldığı tərbiyəyə,
danışığına, düşüncəsinə, dünyagörüşünə yox, sadəcə onun
konkret akademik fənlər üzrə bilik səviyyəsinə qiymət
verir. Orta məktəbin nailiyyətləri dedikdə yalnız
ölkənin ali məktəblərinə qəbul olmuş məzunların
faizindəki artım, yaxud müxtəlif müsabiqələrdə yerlər
qazanmış şagirdlərin sayı əsas meyarlar kimi götürülür.
Xatırladaq ki, Rusiyanın bir çox subyektlərində orta
ümumtəhsil məktəblərində ciddi şəkildə fəaliyyət
göstərən, ştatlı əməkdaşlardan ibarət intizam komitələri
(komitet dissiplinı) fəaliyyət göstərir. Bu komitələrin
yekun rəyi olmadan şagirdin yuxarı sinfə keçirilməsi
qeyri-mümkündür və hətta bütün fənlər üzrə biliyi "əla"
qiymətlə qiymətləndirilsə belə, şagirdin əxlaqında,
davranışında, tərbiyəsində onun şəxsiyyət kimi
formalaşmasına əngəl olacaq ciddi problemlər varsa,
həmin şagird yuxarı sinfə keçirilə bilməz, yaxud nəticə
etibarilə tam orta təhsil haqqında attestat ala bilməz.
Qardaş Türkiyənin nəinki orta məktəblərində, hətta əksər
ali tədris müəssisələrində də intizam komitələri
(Disiplin Kurulu) fəaliyyət göstərir. Elə Azərbaycanda
fəaliyyət göstərən Türkiyənin tədris müəssisələrində də
hər addımda bunun şahidi olmaq mümkündür. Qonşu
Gürcüstanda isə orta məktəblərdə konkret olaraq
"Tərbiyə" (Vospitanie) fənni tədris olunur və bu fəndən
qeyri-kafi qiymətləndirilən şagirdin yuxarı sinfə
keçirilmə şansı sıfıra yaxındır. Zənnimcə, Azərbaycanda
orta məktəblərdə bir sıra hallarda müşahidə olunan
şagird-müəllim konfliktinin yaranma səbəblərindən biri
də məktəblərimizdə bu fənnin tədris olunmaması və yaxud
şagirdlərin tərbiyəsi və davranışına ciddi nəzarət edən
orqanın olmamasıdır. Zənnimcə, müasir təhsilin mühüm
sənədlərindən biri olan kurikulumun tələblərindən biri
kimi, qiymətləndirmə meyarlarının 4 ballıq şkala ilə
deyil, daha əhatəli və obyektiv şəkildə əks olunması
orta məktəb şagirdlərinin davranış, əxlaq və
tərbiyəsinin də qiymətləndirilməsinə stimul verir. Nə
qədər ki, məktəblərdə şagirdlərin tərbiyə və davranışı
ayrıca bir fənn olaraq, yaxud məktəb rəhbərliyinin də
iştirakı ilə ayrıca fəaliyyət göstərən hər hansı bir
qurum tərəfindən ciddi nəzarətə götürülməyib,
məktəblərdə bu sayaq münaqişəli vəziyyətlərin yaranması
təəccüb doğurmamalıdır.
Nəzərə alaq ki, müasir dünyamızda uşaq hüquqları,
şagirdlərin təhsil almaq hüququ kimi məsələlərə artıq o
dərəcədə önəm verilməyə başlanıb ki, hətta məktəbin ali
orqanı olan pedaqoji şuranın belə islah olunmayan,
məktəbdə dərs prosesini müntəzəm pozan və cəzasız qalan
şagirdləri cəzalandırmaq üçün effektiv təsir mexanizmi
yoxdur. Yəni belə çıxır ki, bir şagird istədiyi qədər
müəllimləri, şagird yoldaşlarını təhqir edə, vura, dərs
prosesini poza, tərbiyədən, etikadan kənar hərəkətlər
edə, məktəb qaydalarını poza bilər, hətta təkbaşına bir
sinfi belə korlaya bilər, ancaq məktəb rəhbərliyinin və
pedaqoji şuranın həmin şagirdi islah etmək, yaxud
məktəbdən xaric etmək səlahiyyəti yoxdur. Axı bu bir,
yaxud iki şagird ailəsindən gördüyü "tərbiyəni" hər
addımbaşı nümayiş etdirməklə bütöv bir sinifdə
təlim-tərbiyə prosesini məhv edə bilər, bütöv bir sinfin
gələcək taleyinə mənfi təsir göstərə bilər, bu kimi
amilləri, düşünürəm ki, gələcəkdə təhsil sahəsində
normativ-hüquqi aktların qəbulu zamanı mütləq nəzərə
almaq gərəkdir. Orta məktəbin hədəfi attestatlı və
diplomlu nəsil yetişdirmək deyil, cəmiyyət üçün hər
hansı formada (istər elmdə, təhsildə, istər idman
sahəsində, istərsə də fərdi peşə yönümündə) faydalı olan
şəxsiyyət formalaşdırmaqdır. Tərbiyə olmadan şəxsiyyət
formalaşdırmaq heç bir vaxt mümkün deyil.
Bizim fikrimizcə, müəllim-şagird qovğasında birbaşa
cəmiyyətin özü, onun fərdləri, valideynlər, şagirdin
tərbiyə aldığı mühit günahkardır. Çünki cəmiyyət
təlim-tərbiyə prosesinə sırf təlim prosesi kimi baxır.
Yanlış olan da elə bu düşüncədir. Müəllimi ittiham
etməzdən qabaq valideynlər, cəmiyyətin hər bir üzvü
əvvəlcə özünün təlim-tərbiyə metodlarına, övladına
davranış, əxlaq, danışıq barədə verdiyi
öyüd-nəsihətlərin ölçüsünə, miqdarına diqqət
yetirməlidir. Valideyn olaraq hər birimiz öz övladımızın
düşüncəsinə yox, məktəbin, müəllimin uşağımıza verdiyi
qiymətə, dəyərə istinad etməli və inanmalıyıq. Müəllim
və valideynin birgə, əlbir fəaliyyəti şagirdi onlar
arasında "manevr etmək", onları bir-birinə qarşı
qoymaqla özünə bəraət atmosferi yaratmaq fürsətindən
məhrum edər.
Bu baxımdan orta məktəblərdə son dövrlərdə sürətlə
yaranmaqda olan Valideyn-Müəllim Assosiasiyalarının
(VMA) rolunu müsbət qiymətləndirmək lazımdır. Orta
təhsildə məktəblə valideynin çiyin-çiyinə, bir-birinə
dəstək verərək fəaliyyət göstərməsi ümumən cəmiyyətimiz
üçün təhsilin inkişafında həddən artıq müsbət nəticələrə
gətirib çıxara bilər. Müəllimin əməyinə verilən obyektiv
və yüksək qiymətsə öz-özlüyündə şagird-müəllim,
valideyn-məktəb münaqişələrinin də nəzərəçarpacaq
dərəcədə azalmasına səbəb ola bilər. Bəşəriyyətə
gəlmiş-getmiş ən dahi insanlardan biri olan Əli bin Əbu
Talibin gözəl bir fikrini hər zaman xatırlamaq lazımdır:
"Mənə bir hərf öyrədənin quluyam". Cəmiyyətdə müəllimə
yüksək dəyər verilməsi bir çox problemlərin həlli
deməkdir. Belə olarsa, ümid etmək olar ki, gələcəkdə
təhsilin inkişafına zərər verən situasiyalar tədricən
minimuma enəcək və təhsildə şagird-müəllim-valideyn
əməkdaşlığı daha da genişlənəcək.
Ceyhun BAYRAMLI,
Bakıdakı 21 nömrəli tam orta məktəbin direktoru |