Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu)
sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə
heyəti yanvarın 17-də Qafqaz Universitetinin müəllim və
tələbə heyəti ilə görüşmüşdür.
Qardaş ölkədən bir qrup ali məktəb rektorunun daxil
olduğu nümayəndə heyəti ilə görüşdə Azərbaycan
Respublikası Təhsil Nazirliyinin və Türkiyənin
Azərbaycandakı səfirliyinin nümayəndələri, alimlər,
təhsil işçiləri və tələbələr iştirak edirdilər. Tədbir
Azərbaycanın və Türkiyənin Dövlət himnlərinin səslənməsi
ilə başlandı. Sonra Qafqaz Universitetinin tələbəsi
Sevinc İmanova ünlü şairimiz Bəxtiyar Vahabzadənin "Yaşamaq
istəyirəm" şeirini söylədi və təhsil ocağında fəaliyyət
göstərən çoxsaylı tələbə dərnəklərinin üzvləri adından
onların əl işlərindən ibarət hədiyyəni Türkiyə Ali
Təhsil Şurasının sədri Gökhan Çetinsayanın xanımı Ebruh
Çetinsayaya təqdim etdi.
Hörmətli qonaqları salamlayan və onların Qafqaz
Universitetinə ziyarətini yüksək dəyərləndirən bu ali
təhsil ocağının rektoru, professor Ahmet Saniç
Azərbaycanla Türkiyənin tarixi birliyindən, mehriban
qardaşlıq münasibətlərindən söz açdı, rəhbərlik etdiyi
universitetin də quruluş qayəsinin bu münasibətləri daha
da möhkəmləndirmək olduğunu söylədi. Ulu öndər Heydər
Əliyevin "Biz bir millət, iki dövlətik" və böyük
şəxsiyyət Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci
sevincimiz, kədəri kədərimizdir" kəlamlarını xatırladan
rektor daha sonra Qafqaz Universitetinin beynəlxalq
əlaqələrindən bəhs etdi.
Sonra söz Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim
Kurulu) sədri, professor Gökhan Çetinsayaya verildi.
Görüşdən məmnunluğunu bildirən G.Çetinsaya Türkiyə -
Azərbaycan əlaqələrindən, o cümlədən təhsil sahəsindəki
əməkdaşlığın əhəmiyyətindən danışdı, Qafqaz
Universitetinin bu münasibətlərə özünəməxsus töhfələr
verdiyini, səfər zamanı keçirdiyi görüşlərdə bu ali
məktəbə nə qədər böyük önəm verildiyini duyduğunu
vurğuladı və universitetin qurulmasında, bugünkü
səviyyəyə çatmasında əməyi olanlara təşəkkür etdi.
Müasir dünyada təhsilin mühüm rolu olduğunu qeyd edən
qonaq ölkələrimiz arasında təhsilin inkişafı üçün birgə
proqramların reallaşdırılmasının zəruriliyini diqqətə
çatdırdı. Görüşdə hörmətli qonağa Qafqaz
Universitetinin xatirə plaketi və "Çağ" Öyrətim
İşlətmələri Şirkətinin Azərbaycandakı fəaliyyətinin 20
illiyinə həsr olunmuş kitab hədiyyə edildi.
Görüşün sonunda Qafqaz Universiteti ilə Türkiyənin
Giresun Universiteti arasında əməkdaşlığa dair
memorandum imzalandı.
Sənədi Qafqaz Universitetinin rektoru, professor Ahmet
Saniç və Giresun Universitetinin rektoru, professor
Aygun Attar imzaladılar.
Yusif ƏLİYEV |