Yanvarın
18-də Azərbaycan Dillər Universitetinin İnformasiya
Resurs Kompleksində Strateji Araşdırmalar Mərkəzinin
təşkilatçılığı ilə ABŞ-ın Cons Hopkins Universitetinin
Paul Nitşe adına Ətraflı Beynəlxalq Tədqiqatlar
Məktəbinin professoru və həmin fakültənin tərkibindəki
Münaqişələrin İdarəedilməsi Proqramının direktoru Filip
Terrens Hopman, professor Vilyam Zartman və
universitetin 18 tələbəsi ilə görüş keçirildi.
Görüşdə Azərbaycan Dillər Universitetinin rektoru, Milli
Məclisin deputatı, professor Səməd Seyidov, Milli
Məclisin deputatları Asim Mollazadə və Sevinc
Fətəliyeva iştirak edirdilər.
Rektor Səməd Seyidov qonaqları salamlayaraq ADU və
Amerika Mərkəzi haqqında onlara məlumat verdi. ABŞ
universitetləri ilə əlaqələrdən danışan rektor hər il
bir qrup amerikalı tələbənin Azərbaycana gəldiyini və
ADU-da Azərbaycan dilini, tarixini, coğrafiyasını, adət-ənənələrini
öyrəndiklərini bildirdi. Səməd Seyidov universitetdə
Azərbaycanşünaslıq, Qafqazşünaslıq və s. ixtisasların
da olduğunu qeyd etdi. Rektor universitetdə ingilis,
alman, fransız dilləri ilə yanaşı, Şərq dillərinin də
tədris olunduğunu, bir çox mərkəzlərin fəaliyyət
göstərdiyini vurğuladı.
Azərbaycan-ABŞ əlaqələrinin parlament səviyyəsində
inkişaf etdiyi də qonaqların diqqətinə çatdırıldı.
Professor Səməd Seyidov bu əlaqələrin inkişaf
istiqamətində ABŞ-Azərbaycan Parlamentlərarası İşçi
Qrupunun rolundan danışdı.
Sonra çıxış edən Münaqişələrin İdarəedilməsi Proqramının
direktoru Filip Terrens Hopman ADU-da olmaqdan
məmnunluğunu dilə gətirdi. O, təmsil etdiyi
universitetdə azərbaycanlı tələbələrin də təhsil
aldığını qeyd etdi. Azərbaycana gələn 18 tələbənin 5
müxtəlif ölkədən olduğunu bildirdi.
Görüşdə həmçinin beynəlxalq və regional məsələlər,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə
fikir mübadiləsi aparıldı.
Görüş sual-cavabla başa çatdı.
ADU-nun Mətbuat xidməti |