Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Yanvar 2013 - №03

 

Sumqayıt Şəhər Təhsil Şöbəsində dərslik müəlliflərinin iştirakı ilə seminar keçirildi

 

Respublikamızın böyük sürətlə inkişaf etdiyi son dövrlərdə bütün sahələrdə, xüsusən də dövlətimizin əsas strateji sahələrindən biri olan təhsil sahəsində də dinamik inkişaf gedir və yeniliklər özünü göstərir. 2006-cı ildə təsdiq olunmuş Milli Kurikulum sənədi təhsilimizin əsaslı şəkildə dəyişdirilməsinə yönəldilmiş və xeyli uğurlar əldə olunmuşdur.  

Artıq ölkəmizdə beş ildir ki, Milli Kurikulum sənədinə əsasən fənn kurikulumları tətbiq edilir və bunun əsasında dövrümüzün tələblərinə, şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olan yeni-yeni dərsliklər hazırlanır.

Bu gün müzakirə obyektinə çevrilən bu yeni dərsliklər haqqında müsbət fikirlərlə yanaşı, bəzi nöqsanların da olduğu bildirilir. Və bu dərsliklərlə əlaqədar fikir mübadiləsi aparmaq məqsədilə respublikamızda dərslik müəllifləri ilə təhsil işçilərinin seminarları, müxtəlif görüşlər keçirilir.

Belə seminarlardan biri də yanvarın 17-də Sumqayıt Şəhər Təhsil Şöbəsinin konfrans zalında keçirilmişdir.

Təhsil Nazirliyi Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı, ŞTŞ-nin müdiri Mahal Əliyev, metodiki kabinetin əməkdaşları və şəhərin bütün ümumtəhsil məktəblərini təmsil edən 123 nəfər fənn müəlliminin iştirak etdiyi müzakirədə çıxış edənlər əsasən mətbuatda, İnternet səhifələrində öz fikirlərini qərəzli şəkildə müzakirə obyektinə çevirməyə, dərsliklər, onu qiymətləndirən ekspertlər, məsul şəxslər və təşkilatlar haqqında mənfi rəy formalaşdırmağa çalışan "müəlliflərə" öz iradlarını bildirmiş, bunun ölkənin təhsil islahatında aparılan məqsədyönlü işlərə qara yaxmaq, özlərinin itirilmiş "şöhrət"lərini geri qaytarmaq məqsədilə bir mənbədən qaynaqlandığını vurğulamış və pisləmişlər. Müəllimlərdən Aidə Ələkbərova, Aynurə Yusifova, Fazil Ellazov, Tahirə Muradova, Söhrab Əliyev, Sahibə Quliyeva, Ərəstun Abdulsalamov və başqaları dərsliklərin fənn kurikulumlarının tələbinə uyğun - rəngarəng tərtibatda olmasını, tapşırıqların düşündürücü olmaqla bərabər, həyatla əlaqəli şəkildə verilməsini, şagirddə müqayisə etmək, nəticə çıxarmaq bacarıqları aşıladığını, materialların təfəkkürə, yaddaşa əsaslandığını müsbət hal kimi qiymətləndirmiş, tarixi dərsliklərin uğurlu olmasını qeyd etmişlər. Seminarda həmçinin sivil cəmiyyət üçün normal hesab edilən, inkişaf etmiş ölkələrin təhsil sistemində özünü doğrultmuş variativ dərsliklərin ölkəmizdə də tətbiq olunmasına ciddi ehtiyacın yaranmasına, bu sahədə ilk addımların atılmasına da münasibət ifadə edilmiş, dövlətin müəllim və şagird qarşısında qoyduğu standartları əsas amil, bu standartların reallaşmasında isə dərsliklərin alternativ olaraq yazılmasını məqsədəuyğun hesab edilməsi bildirilmişdir.

Müzakirədə qeyd edilmişdir ki, stabil dərsliklər təcrübədən keçdikdən, sağlam irad və təklifləri qəbul etməklə təkmilləşdirildikdən sonra həyata vəsiqə qazanır, uzunömürlü olur.

Şübhəsiz, ölkəmizin təhsil quruculuğunda ilk dəfə tətbiq olunan dərsliklərin də təkmilləşdirilməsinə ehtiyac vardır. Bu məqsədlə müzakirədə bir sıra təkliflər də müəlliflərin nəzərinə çatdırılmışdır.

Dərslik müəllifləri Afət Süleymanova, Rafiq İsmayılov, Nayma Qəhrəmanova, Gülər Mehdiyeva, Hafiq Cabbarov söylənilən irad və təkliflərə öz səmimi münasibətlərini bildirmişlər.

Təhsil Nazirliyinin şöbə müdiri Faiq Şahbazlı iştirakçıların suallarına aydınlıq gətirmişdir.

Ümumiyyətlə, dərslik müəllifləri ilə Sumqayıt müəllimlərinin görüşü səmərəli və faydalı olmuş və maraqlı keçmişdir. 

Sumqayıt Şəhər Təhsil Şöbəsinin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov