Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasından çıxarış
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasında təhsillə bağlı nəzərdə tutulan
məsələlər
7.2. Müasir təhsil sisteminin formalaşdırılması
2013-2020-ci illərdə təhsil sahəsinə ayrılan vəsaitlərin
ümumi həcminin ÜDM-dəki payı ilbəil artırılaraq, inkişaf
etmiş ölkələrin müvafiq göstəricisi səviyyəsinə
çatdırılacaqdır. Təhsildə keyfiyyətin yüksəldilməsi üçün
stimullaşdırıcı mexanizmlər yaradılacaq, xüsusən,
adambaşına maliyyələşdirmə prinsipinin, həmçinin təhsil
sahəsində tətbiqi tədqiqatları, eləcə də innovativ
fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin
tətbiqi genişləndiriləcəkdir.
Təhsildə idarəetmənin təkmilləşdirilməsi davam
etdiriləcək, bütün maraqlı tərəflərin cəlb olunmasını
təmin edən idarəetmə modelinə üstünlük veriləcəkdir. Bu,
bütün növ təhsil müəssisələrinin müstəqilliyinin
artırılması, ictimaiyyətin (valideyn, şagird, tələbə,
yerli icma və s.) geniş cəlb olunması vasitəsilə təhsil
ocaqlarının dövlət-ictimai xarakterdə idarə edilməsi,
digər müasir idarəetmə texnologiyalarının tətbiqi və s.
kimi istiqamətlərdə islahatyönlü tədbirlərlə
gerçəkləşdiriləcəkdir. Təhsil sistemində tənzimləmə və
idarəetməni həyata keçirən dövlət orqanlarının funksiya
və səlahiyyətləri qabaqcıl beynəlxalq təcrübəyə uyğun
müəyyənləşdiriləcək, onların fəaliyyətinin səmərəli
əlaqələndirilməsi üçün müvafiq mexanizmlər
yaradılacaqdır.
Ölkə üzrə azyaşlı uşaqların məktəbəqədər təhsilə
cəlbolunma səviyyəsi orta Avropa göstəricisi səviyyəsinə
çatdırılacaqdır. Bu məqsədlə dövlət uşaq bağçaları
şəbəkəsinin genişləndirilməsi, şərait və təchizatının
yaxşılaşdırılması ilə yanaşı müxtəlif mülkiyyət
formasına (bələdiyyə, icma, özəl, ailə bağçaları) aid
olan məktəbəqədər təhsil müəssisələrinin yaradılması və
fəaliyyətinin dəstəklənməsi üçün tədbirlər həyata
keçiriləcək və təşviq mexanizmləri yaradılacaqdır.
Məktəblərin tikintisi və əsaslı təmiri sahəsində həyata
keçirilən işlər davam etdiriləcək, ümumi təhsil
müəssisələri şəbəkəsinin rasionallaşdırılması
istiqamətində xüsusi proqram hazırlanıb həyata
keçiriləcəkdir.
12 illik ümumi təhsil sisteminə keçid təmin ediləcək,
bununla əlaqədar təhsil proqramları və dərsliklər müasir
tələblər baxımından yeniləşdiriləcəkdir. Şagirdlərin
idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud
"yaddaş məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə
keçidin təmin olunması məqsədi ilə sistemli tədbirlər
görüləcəkdir. Tam orta təhsil səviyyəsində təhsil
təmayüllər üzrə təşkil olunacaq, istedadlı uşaqlar üçün
inkişafetdirici fərdi proqramlar yaradılacaqdır. Eyni
zamanda, xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq
imkanları məhdud uşaqlar üçün də müxtəlif
inkişafetdirici, korreksiyaedici və inklüziv təhsil
proqramları tətbiq ediləcəkdir.
Təhsilalanların fəaliyyətinin və nailiyyətlərinin
obyektiv qiymətləndirilməsinə imkan verən sistemin
formalaşdırılması üçün məktəbdaxili qiymətləndirmə
sahəsində aparılan islahat tədbirləri davam
etdiriləcəkdir.
Məktəbdənkənar təhsilin səmərə və keyfiyyətinin
yüksəldilməsi məqsədi ilə müasir təhsil proqramları
hazırlanacaqdır.
Peşə təhsili infrastrukturu da əsaslı şəkildə
müasirləşdiriləcək, peşə təhsilinə cəlb olunan
vətəndaşların sayı artırılaraq, ölkə iqtisadiyyatının
tələbatı ilə uzlaşdırılacaqdır.
Bölgələrin inkişafı və mütəxəssislərə tələbatı nəzərə
alınaraq, regional çoxprofilli kolleclərin yaradılması
istiqamətində tədbirlər görüləcək, təhsilin
keyfiyyətinin artırılması üçün ilk peşə, orta ixtisas və
ali təhsil pillələri üzrə mütəxəssislər hazırlayan
təhsil komplekslərinin yaradılmasına başlanılacaqdır.
Ali təhsil müəssisələri üçün universitet şəhərcikləri
(kampuslar) və müvafiq texnoparklar yaradılacaqdır. Ali
təhsil müəssisələrinin ölkənin sosial-iqtisadi inkişaf
tələblərinə uyğun bilik və bacarığa malik mütəxəssis
yetişdirməsinə və onların təhsil-tədqiqat-innovasiya
mərkəzlərinə çevrilməsinə dəstək verən standartlar
hazırlanıb tətbiq olunacaqdır. Ali təhsil
müəssisələrində aparılan elmi tədqiqatlar müasir
standartlar səviyyəsinə çatdırılacaq, elmi tədqiqat
işlərinin nəticələrinin tədris prosesində və
istehsalatda tətbiqi təşkil olunacaq, elmin informasiya
təminatının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin
dərinləşdirilməsi sahəsində tədbirlər görüləcəkdir.
Təhsil sisteminin informasiyalaşdırılması, bütövlükdə
təhsilin müasir səviyyədə qurulmasının əsas
istiqamətlərindən biri kimi, daim diqqət mərkəzində
olacaqdır. Bu məqsədlə 2013-2020-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılmasına dair Dövlət Proqramı qəbul
ediləcəkdir. Dövlət Proqramı çərçivəsində Azərbaycanın
bütün təhsil müəssisələri (o cümlədən ucqar bölgələrdə
yerləşən məktəblər) İnternet əlaqəsi ilə təmin olunacaq,
hər bir təhsil müəssisəsi lazımi texniki avadanlıqla
təchiz ediləcək və bütün təhsil müəssisələrinin vahid
təhsil şəbəkəsinə qoşulması reallaşdırılacaqdır.
Ümumtəhsil məktəblərində hər bir sinif otağı noutbuk,
proyektor və elektron lövhə ilə, təhsil alan bütün
şagirdlər "1 şagird - 1 kompüter" layihəsi çərçivəsində
netbuk və ya planşetlərlə təmin ediləcəklər.
Elektron təhsil texnologiyalarının tətbiqi daha da
genişləndiriləcək, müəllim və şagirdlər üçün virtual
öyrənmə mühiti formalaşdırılacaqdır. Bu məqsədlə bütün
fənlər üzrə elektron tədris və metodik resursların
yaradılması davam etdiriləcək, elektron resursların
etibarlı saxlanılması və onlara asan çıxışın təmin
olunması üçün "bulud" texnologiyaları tətbiq
olunacaqdır. Ödənişsiz əsaslarla fəaliyyət göstərən
təlim resursları yaradılacaq, bu resurslar,
müəllif-hüquq lisenziyaları ilə təmin olunmaqla, təhsil
prosesinə inteqrasiya ediləcək və açıq istifadəyə
veriləcəkdir. "Elektron məktəb"lərin sayı 1000-ə
çatdırılacaq, rəqəmsal təhsil resurslarından istifadə
imkanları genişləndiriləcəkdir. Özünütəhsilə və ömür
boyu təhsilə artan tələbatın ödənilməsi üçün kitabxana
fəaliyyəti modernləşdiriləcək, elektron kitabxanaların
sayı artırılacaq, distant təhsilin inkişafı
dəstəklənəcək və ali təhsil müəssisələrində distant
təhsil geniş tətbiq olunacaqdır.
İKT-nin təhsilin idarə edilməsinə səmərəli inteqrasiyası
davam etdiriləcək, təhsilin vahid informasiya sisteminin
yaradılması yolu ilə informasiya əsaslı idarəetmə
mexanizmlərinin tətbiqi mümkün olacaqdır. Elektron sənəd
dövriyyəsi sisteminin tətbiqi genişləndiriləcək və
nəticədə təhsil sisteminin idarə edilməsində şəffaflıq
artacaqdır. Eyni zamanda, Təhsil TV onlayn televiziya
kanalı yaradılacaq və geniş ictimaiyyətə təqdim
ediləcəkdir.
Təhsil sisteminin səmərəliliyində, onun nailiyyətlərinin
formalaşmasında müəllim amilinin həlledici əhəmiyyətini
nəzərə almaqla müəllim hazırlığının gücləndirilməsinə
xüsusi önəm veriləcəkdir. Bütün ümumi təhsil müəllimləri
üçün fəal (interaktiv) təlim texnologiyaları və inklüziv
təhsil üzrə məqsədli ixtisasartırma təmin ediləcək, hər
bir müəllimin İKT bacarıqlarına yiyələnməsi üçün çevik
sistem yaradılacaqdır.
Azərbaycanda müəllimlərin təkmilləşdirilməsi beynəlxalq
standartlarla uzlaşdırılacaq, müəllimlər üçün yeni
modul-kredit sisteminə əsaslanan stimullaşdırıcı
ixtisasartırma sistemi inkişaf etdiriləcək, müəllimlərin
karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması,
qabaqcıl müəllimlərin iş təcrübəsinin yayılması
sahəsində müasir tələblərə uyğun mexanizmlər
yaradılacaqdır. Bununla yanaşı, nəticələrə əsaslanan
diferensial əməkhaqqı və mükafatlandırma sistemi
hazırlanacaqdır. Pedaqoji kadrların işə qəbulu sahəsində
tətbiq edilmiş yeni mexanizm beynəlxalq təcrübəyə uyğun
daha da təkmilləşdiriləcək, ucqar kənd məktəblərinin
pedaqoji kadrlarla təminatı üçün nəzərdə tutulmuş maddi
stimullaşdırma tədbirləri gücləndiriləcəkdir.
Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına
inteqrasiyası gücləndiriləcəkdir. Təhsil standartlarının
unifikasiyası və Boloniya prosesinin dərinləşməsi ilə
yanaşı Azərbaycanın təhsil ocaqlarının, xüsusilə də ali
təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin
genişləndirilməsinə, təhsil sahəsində həyata keçirilən
beynəlxalq proqramlara onların fəal cəlb olunması üçün
müvafiq şəraitin yaradılmasına xüsusi fikir
veriləcəkdir.
Eyni zamanda, xarici ölkələrin aparıcı
universitetlərində dövlət xətti ilə təhsil alan
azərbaycanlı tələbələrin sayı 2015-ci ilədək əhəmiyyətli
dərəcədə artacaq, xaricdə təhsil alaraq məzun olmuş
mütəxəssislərin potensialından ölkənin inkişafında
səmərəli istifadə olunması təmin ediləcəkdir.
2015-2020-ci illər üçün gənclərin xarici ölkələrdə
təhsil almasına dair yeni Dövlət Proqramı qəbul
ediləcəkdir. |