Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Yanvar 2013 - №03

 

NDU-nun 2012-ci ildə elmi tədqiqat sahəsindəki fəaliyyəti müzakirə edildi

 

Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının bu ali təhsil ocağının 2012-ci ildə elmi tədqiqat sahəsindəki fəaliyyətinə həsr olunmuş iclası keçirildi. Elmi Şura üzvləri öncə universitetin  2012-ci ildəki elmi nailiyyətlərini əks etdirən sərgi ilə tanış oldular. 

Elmi Şuranın rəhbəri, Naxçıvan Dövlət Universitetinin rektoru,  akademik İsa Həbibbəyli ötən il ardıcıl və hərtərəfli dövlət qayğısı sayəsində tədrisin,  eləcə də elmi tədqiqat işlərinin səviyyəsinin daha da yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində həyata keçirilən çoxşaxəli tədbirlərdən danışdı. Qeyd olundu ki, Naxçıvan Dövlət Universitetinin yaradılmasının 45 illiyi ilə əlamətdar olan 2012-ci il elm, təhsil sahəsində qazanılan mühüm uğurlarla yaddaqalan olmuşdur. Boloniya prosesinin prinsiplərinə uyğun olaraq tədris prosesində elektron vasitələrdən, informasiya texnologiyalarından istifadə edilməsi məqsədilə "Elektron universitet" layihəsi uğurla həyata keçirilir. Beynəlxalq əlaqələrin inkişafı, xarici vətəndaşların universitetdə ali təhsilə cəlb olunması, elektron təhsilin proqramlaşdırılması, distant və online təhsilin təşkili, semestr imtahanlarının elektron test üsulu ilə keçirilməsi istiqamətində mühüm işlər görülmüşdür.   Akademik İsa Həbibbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2013-cü ilin Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunması barədə 17 yanvar 2013-cü il tarixli  sərəncam imzaladığını, Naxçıvan Muxtar Respublikasında isə bu ilin "Heydər Əliyev ili" elan olunduğunu vurğuladı, bununla bağlı qarşıda duran mühüm vəzifələrdən danışdı.

Universitetin elmi işlər üzrə prorektoru, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Anar Kazımov universitetin elmi-tədqiqat bölməsinin 2012-ci il üçün hesabatını slaydlar şəklində təqdim etdi. Bildirildi ki, hazırda universitetdə 407 professor-müəllim heyəti, AMEA-nın 7 nəfər həqiqi və müxbir üzvü, 22 professor, 32 elmlər doktoru, 173 fəlsəfə doktoru, 98 dosent fəaliyyət göstərir. 2012-ci ildə universitet əməkdaşlarından 7 nəfər professor, 7 nəfər dosent elmi adı almış, 3 nəfər elmlər doktoru, 11 nəfər fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. Ötən il 267 əməkdaş tərəfindən 21 elmi istiqamət üzrə 257 elmi tədqiqat işi həyata keçirilmişdir.  Tələbələrin elmi tədqiqat işlərinin təşkili, Boloniya prosesinin tələblərinə uyğun olaraq tələbə mobilliyinin artırılması istiqamətində də əhəmiyyətli işlər görülmüşdür. Belə ki, tələbələrimiz ali məktəb tələbələrinin XVII fənn və informatika fənni üzrə VI Respublika olimpiadalarında uğurla iştirak etmişlər. 2012-2013-cü tədris ilinin I semestri ərzində 2 bakalavr Kiyev universitetlərində, 4 bakalavr isə Acarıstan Muxtar Respublikasının Şota Rustaveli adına Batumi Dövlət Universitetində təhsil almışdır. Universitet tarixində ilk dəfə olaraq doktorantura pilləsində də Avropada təhsil almağa başlanılmışdır. ERASMUS MUNDUS layihəsi çərçivəsində 2 nəfər İspaniyanin Santyaqo de Kompostela Universitetində, 1 nəfər isə İtaliyanın Tuskua Universitetində  doktorantura təhsili alacaq.

Hesabatda universitetin beynəlxalq əlaqələri, beynəlxalq əhəmiyyətli konfrans və simpoziumlarda iştirakı, Avropa Birliyi ölkələrinin TEMPUS proqramının beş layihəsində uğurla iştirak etməsi və daha 2 layihəsində təmsil olunacağı, Cənubi Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə layihə həyata keçirəcəyi barədə məlumat verildi. Naxçıvan Dövlət Universiteti əməkdaşlarının elmi nəşrləri, monoqrafiya, dərslik və dərs vəsaitləri, respublika miqyasında, habelə  impakt-faktoru yüksək olan xarici jurnallarda nəşr edilmiş elmi məqalələri barədə statistik rəqəmlər ötən illərlə müqayisəli şəkildə diqqətə çatdırıldı. Universitetdə 2013-cü ildə elmi-pedaqoji kadr hazırlığı, beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların keçirilməsi, universitetin beynəlxalq reytinq cədvəllərində iştirakı istiqamətində görüləcək işlərdən danışıldı.

Elmi Şurada aspirantura şöbəsinin, Tələbə Elmi Cəmiyyətinin hesabatları, magistr dissertasiyalarının hazırlanması vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı məruzə dinlənildi. Sonda 2012-ci ildə universitetin professor və dosent adı almış müəllimlərinə diplomlar, "İlin alimi" və "İlin səmərələşdiricisi" nominasiyalarının qaliblərinə  mükafatlar təqdim olundu.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov