Yanvarın
22-də təhsil naziri Misir Mərdanov Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akıncı ilə
görüşüb.
Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluğunu
bildirən Misir Mərdanov türkdilli ölkələrin
əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətindən söz
açıb. Nazir xalqlarımızın daha da yaxınlaşması üçün
təhsil sahəsindəki əlaqələrin dərinləşdirilməsinin
zəruriliyini nəzərə çatdırıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi
Xəlil Akıncı bu quruma daxil olan ölkələrin bütün
istiqamətlərdə, eləcə də təhsil sahəsində əlaqələrinin
inkişafı üçün nəzərdə tutulan məsələlərdən bəhs edib.
Qonaq hər bir millətin intellektual potensialının
inkişafında təhsilin əhəmiyyətindən söz açıb və bu
baxımdan təhsil sahəsində qarşılıqlı əməkdaşlığın
genişləndirilməsinin zəruri olduğunu bildirib.
Türk xalqlarının ortaq əlifbasının və di
linin qəbul olunması məsələsinə toxunan Xəlil Akıncı,
həmçinin ortaq tarix və ədəbiyyat dərsliklərinin
hazırlanması işinin mühüm əhəmiyyət kəsb etdiyini
vurğulayıb. Universitetlərarası əlaqələrin inkişafı
barədə fikirlərini bildirən baş katib tədris
proqramlarının uyğun hazırlanması, diplomların
qarşılıqlı tanınması və ortaq təhsil telekanalının
yaradılması məsələlərinin əhəmiyyətinə diqqət çəkib. Baş
katib Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv
ölkələrin müvafiq mütəxəssislərinin görüşünün
keçirilməsinin nəzərdə tutulduğunu söyləyib, müvafiq
təkliflərlə bağlı ortaq fikrə gəlməyin mümkünlüyünü qeyd
edib.
Təhsil naziri Misir Mərdanov Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurası çərçivəsində əməkdaşlığımızın inkişafı
üçün konkret müddəaların müəyyənləşdirilməsinin daha
səmərəli nəticələr verəcəyinə əmin olduğunu bildirib.
Nazir Azərbaycanla Türkiyə arasında mövcud olan
əlaqələrin bütün istiqamətlərdə, o cümlədən təhsil
sahəsində sürətlə inkişaf etdiyini nəzərə çatdırıb.
Türkdilli ölkələrin universitetləri arasında əlaqələrin
genişləndirilməsinin zəruriliyinə toxunan təhsil naziri
birgə konfransların təşkilinin mümkünlüyünü söyləyib.
Ali məktəblərin tədris proqramlarının uyğunluğu və
diplomların tanınması məsələsinin əhəmiyyətini qeyd edən
nazir, ilk növbədə, müvafiq mütəxəssislər arasında bu
istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini
bildirib. Misir Mərdanov həmçinin türkdilli ölkələrin
ortaq təhsil telekanalının yaradılmasının gərəkli
olduğunu vurğulayıb.
Daha sonra görüşdə türkdilli ölkələr arasında təhsil
sahəsində əlaqələrin möhkəmlənməsi işinin daha səmərəli
təşkili ilə bağlı bir sıra digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb. |