Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Yanvar 2013 - №03

 

Türkiyə ilə Azərbaycan arasında tələbə mübadiləsinin genişləndirilməsi üçün hərtərəfli imkanlar mövcuddur

 

Yanvarın 18-də Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Təhsil Nazirliyində görüş keçirildi.

Təhsil Nazirliyi rəhbərliyinin və nazirliyin bəzi şöbələrinin müdirlərinin, ali məktəblərin rektorlarının iştirak etdiyi görüşü təhsil naziri Misir Mərdanov açaraq qonaqları səmimi salamladı, onları nazirlikdə görməsindən böyük məmnunluq duyduğunu bildirdi. Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu) sədri G.Çetinsayanın rəhbərliyi altında geniş  tərkibdə nümayəndə heyətinin ölkəmizə gəlişini yüksək qiymətləndirən təhsil naziri hörmətli qonaqların səfər müddətində bir sıra ali təhsil ocaqlarında görüşlər keçirdiyini diqqətə çatdırdı.

Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən bəhs edən nazir iki ölkənin təhsil sahəsində qarşılıqlı dostluğa, qardaşlığa əsaslanan çoxtərəfli və inkişaf etmiş əlaqələrin mövcud olduğunu, son 20 il ərzində bu sahədə  ciddi uğurlar qazanıldığını qeyd etdi. Hazırda qardaş Türkiyənin ali məktəblərində 4 mindən çox azərbaycanlı gəncin təhsil aldığını deyən təhsil naziri onların hər cür qayğı ilə əhatə olunduğunu vurğuladı.

Sonra Misir Mərdanov qonaqlara Azərbaycanın təhsil sistemi haqqında ətraflı məlumat verdi. Ölkəmizin dünya təhsilinə inteqrasiya sahəsində uğurlu addımlar atdığını söyləyən nazir təhsilin ayrı-ayrı pillələri üzrə mövcud vəziyyəti, təhsilin inkişafı istiqamətində görülmüş işlərin nəticələrini, xüsusən də son 10 il ərzində Azərbaycan dövlətinin təhsilə ayırdığı vəsaitin, təhsilə qoyulan investisiyanın inkişaf dinamikasını, təhsil sahəsində xarici əlaqələri, ölkəmizdə həyata keçirilən "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almaq hüququ qazananların sayını əks etdirən statistik rəqəmləri diqqətə çatdırdı.

Çıxışında Azərbaycan-Türkiyə təhsil əlaqələrindən də ətraflı bəhs edən nazir ötən 20 il ərzində iki qardaş ölkə arasında təhsil sahəsində çoxtərəfli əməkdaşlığı həyata keçirmək üçün lazımi hüquqi baza yaradıldığını, "Böyük Tələbə layihəsi" çərçivəsində indiyədək 4317 azərbaycanlı gəncin Türkiyənin ali məktəblərində təhsil almaq üçün göndərildiyini, hazırda  həmin layihə üzrə 473 nəfərin oxuduğunu, Azərbaycan ali məktəblərində isə 63 Türkiyə vətəndaşının təqaüdlü təhsil aldığını bildirdi. Bu günədək Dövlət Proqramı çərçivəsində Türkiyədə 366 nəfər azərbaycanlı gəncin təhsil almaq hüququ qazandığını, hazırda isə sözügedən proqram üzrə 306 nəfərin Türkiyə universitetlərində müxtəlif ixtisaslar üzrə təhsil almaqda olduğunu deyən təhsil naziri həmin tələbələrin oxuduqları universitetlərin adlarını da görüş iştirakçılarının nəzərinə çatdırdı.

Ölkələrimiz arasında tələbə mübadiləsinin genişləndirilməsi üçün hərtərəfli imkanların olduğunu vurğulayan nazir bütövlükdə qardaş ölkə ilə təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin, birgə elmi tədqiqat layihələrinin həyata keçirilməsinin, simpoziumların təşkilinin, birgə dərgilərin nəşrinin, ortaq texnoparklar yaradılmasının zəruri olduğunu söylədi. Nazir habelə iki ölkənin ali məktəbləri arasında əlaqələrin inkişafında 8 ölkədən 42 üzvü olan Qafqaz Universitetlər Birliyinin rolunu yüksək dəyərləndirdi, qurumun növbəti toplantısının Bakıda keçiriləcəyini diqqətə çatdırdı.

Səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edən Türkiyə Ali Təhsil Şurasının sədri Gökhan Çetinsaya Azərbaycanda olmaqdan sevinc hissi duyduğunu qeyd etdi. Ali Təhsil Şurasının sədri Türkiyə-Azərbaycan əlaqələri, təhsil sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, birgə tələbə mübadiləsinin aparılması haqqında fikirlərini bildirdi, iki ölkənin ali məktəbləri arasında daha sıx əməkdaşlığın yaranmasında Qafqaz Universitetlər Birliyinin rolunu yüksək qiymətləndirdi. Belə görüşlərin ikitərəfli əlaqələrin genişləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edən G.Çetinsaya bildirdi ki, iki qardaş ölkə arasında təhsil sahəsində əməkdaşlığın müasir tələblər səviyyəsində qurulması istiqamətində səylərini əsirgəməyəcək. Qonaq müasir dövrdə elm və təhsilin səviyyəsinin yüksəldilməsinə xüsusi önəm verildiyini, hazırda dünyada 4 milyondan çox insanın xarici ölkələrdə təhsil aldığını söylədi, ali məktəblərimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğuladı.

Görüşdə Qafqaz Universitetlər Birliyinin üzvü olan Azərbaycan ali məktəblərinin rektorlarına müvafiq diplomlar təqdim edildi.

Sonra çıxış edən Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz, Naxçıvan Dövlət Universitetinin rektoru İsa Həbibbəyli, Ərzurum Atatürk Universitetinin rektoru Hikmət Koçak, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev universitetlərarası əlaqələrin gələcək inkişaf perspektivləri və nəzərdə tutulmuş əməkdaşlıq sahələrindən söhbət açdılar.

Təhsil naziri Misir Mərdanov ölkələrimiz arasında təhsil sahəsində mövcud əlaqələrin daha da möhkəmləndirilməsi və inkişafı, birgə əməkdaşlığın genişləndirilməsi üçün qarşıda duran vəzifələrə toxundu, həlli vacib olan bir sıra məsələləri nəzərə çatdırdı. Hər iki ölkə universitetlərini daha sıx əməkdaşlıq yolunda fəal olmağa səsləyən nazir bunun üçün mövcud olan zəngin potensialdan səmərəli istifadə ediləcəyinə əminliyini bildirdi. 

Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Təhsil nazirliyində" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov