Azərbaycanda səfərdə olan Türkiyə Ali Təhsil Şurasının
sədri Gökhan Çetinsayanın başçılıq etdiyi nümayəndə
heyəti yanvarın 18-də Azərbaycan Diplomatik
Akademiyasında (ADA) olmuşdur.
Akademiyadan AzərTAc-a bildirmişlər ki, nümayəndə heyəti
ADA-nın yeni təhsil kompleksi ilə tanış olmuş, ən son
texnoloji standartlara uyğun qurulan sinif otaqlarını
gəzmişdir.
Türkiyəli qonaqlar, həmçinin bu ali təhsil müəssisəsində
20 Yanvar faciəsi qurbanlarının anım mərasimində də
iştirak etmişlər.
Sonra nümayəndə heyətinin üzvləri ilə akademiyanın
professor-müəllim heyəti arasında görüş keçirilmişdir.
Görüşdə ADA ilə Türkiyə universitetləri arasında
əməkdaşlığın genişləndirilməsi məsələlərinə dair fikir
mübadiləsi aparılmışdır.
ADA-nın prorektoru Fariz İsmayılzadə qonaqlara məlumat
vermişdir ki, Xarici İşlər Nazirliyinin nəzdində
fəaliyyət göstərən akademiyada tanınmış yerli və xarici
mütəxəssislər tərəfindən yüksək səviyyəli ingilis dilli
təhsil verilir. Cəmi altıillik fəaliyyətinə baxmayaraq,
ADA təkmilləşdirmə institutundan bakalavr və magistr
pilləsi üzrə təhsil verən böyük ali təhsil müəssisəsinə
çevrilmişdir. Akademiya hər il olduğu kimi, bu il də
tədris üçün yeni ixtisaslar əlavə etmişdir. ADA ictimai
siyasət və biznesin idarə edilməsi üzrə magistr
təhsilinə başlamaq niyyətindədir. |