| 
						
						Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik 
						tarixində müstəsna yeri vardır. Azərbaycançılıq 
						məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz 
						müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi 
						sayəsində milli dövlətçilik ideyasının 
						gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin 
						qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına 
						nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti 
						nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və 
						mədəni potensialından istifadə edərək Şərqlə Qərb 
						arasında etibarlı körpü rolunu oynamağa başlamış və 
						dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə 
						çevrilmişdir.  
						
						Azərbaycanda müasir demokratik, hüquqi və dünyəvi dövlət 
						quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, 
						milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, 
						mədəniyyətin inkişafı əbədi surətdə Heydər Əliyevin adı 
						ilə bağlıdır. Ölkəmizin əsas qanunu Konstitusiyanın 
						qəbul edilməsi, hakimiyyətlərin bölünmə prinsipinin 
						təsbit olunması, hüquq normalarının və qanunvericilik 
						bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, 
						müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq 
						dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin 
						rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq 
						proqramının tərkib hissələridir.  
						
						Azərbaycanın dünya miqyasında neft-qaz hasil və ixrac 
						edən ölkəyə çevrilməsi, milli neft strategiyasının 
						uğurla həyata keçirilməsi, xarici dövlətlərin aparıcı 
						neft şirkətləri ilə müqavilələrin bağlanması, neft 
						sənayesinin müasir tələblərə uyğun infrastrukturunun 
						qurulması, neftin Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, 
						Bakı-Novorossiysk boru kəmərləri vasitəsilə şaxələnmiş 
						şəkildə nəqli bilavasitə Heydər Əliyevin xidmətləridir.
						 
						
						Dünya iqtisadiyyatına uğurla inteqrasiya, ölkə daxilində 
						iqtisadi liberallaşma, kredit reytinqimizin artması, 
						iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyinin yüksək 
						mövqedə olması, büdcəmizin və valyuta ehtiyatlarımızın 
						ildən-ilə çoxalması 1993-cü ildən etibarən Heydər Əliyev 
						tərəfindən yeni prinsiplər əsasında qurulan 
						iqtisadiyyatın sabitliyinin bariz nümunəsidir. 
						Azərbaycanda qeyri-neft sektorunun uğurla inkişaf 
						etdirilməsi də Heydər Əliyevin uzaqgörənliyinin məntiqi 
						nəticəsidir. 
						
						Postsovet məkanında analoqu olmayan cəsarətli qərarları 
						ilə Heydər Əliyev torpağın şəxsi mülkiyyətə verilməsi 
						ilə ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmiş oldu. 
						Bu gün müxtəlif kənd təsərrüfatı komplekslərinin uğurlu 
						fəaliyyəti onun aqrar siyasətinin parlaq təzahürüdür. 
						
						Ulu öndərin vaxtilə Cəmşid Naxçıvanski adına hərbi 
						liseyin açılması ilə həyata keçirməyə başladığı müdrik 
						siyasəti milli ordumuzun formalaşması və Azərbaycan 
						Silahlı Qüvvələrinin yaradılması mərhələlərindən keçərək 
						onun Cənubi Qafqazda aparıcı hərbi qüvvə olmasına 
						gətirib çıxarmışdır.  
						
						Ana dilimizin dövlət dili kimi tətbiqində, onun 
						imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən 
						böyük sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev 
						şəxsiyyətinin rolu danılmazdır. Azərbaycan 
						mədəniyyətinin və zəngin tarixi irsimizin dünya 
						ictimaiyyətinə tanıdılması Heydər Əliyevin misilsiz 
						xidmətlərindəndir. Məhəmməd Füzulinin 500 illik və 
						"Kitabi-Dədə Qorqud"un 1300 illik yubileylərinin YUNESKO 
						səviyyəsində keçirilməsi Azərbaycan mədəniyyətinin 
						təbliğinə xidmət edərək beynəlxalq mədəni ictimaiyyətlə 
						yeni əməkdaşlıq formalarının bərqərar olmasına gətirib 
						çıxarmışdır. 
						
						Heydər Əliyevin rəhbərliyi altında milli maraqlara 
						əsaslanan və siyasi perspektivləri nəzərə alan xarici 
						siyasət kursu müəyyənləşmiş, dünyanın aparıcı dövlətləri 
						və beynəlxalq təşkilatları ilə qarşılıqlı münasibətlər 
						qurulmuşdur. Onun uğurlu xarici siyasəti ölkəmizin 
						etibarlı tərəfdaş kimi qəbul edilərək beynəlxalq 
						miqyasda nüfuzunun artmasına, islahatçı və təşəbbüskar 
						dövlət olaraq tanınmasına xidmət göstərmişdir. Heydər 
						Əliyevin beynəlxalq aləmdə atdığı qətiyyətli addımlar 
						sayəsində diplomatiyamızın fəal mövqeyi formalaşmış, 
						Azərbaycanın zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, 
						Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin 
						münasibəti dəyişmiş, ölkəmizin suverenliyi, ərazi 
						bütövlüyü və sərhədlərinin toxunulmazlığı bütün 
						beynəlxalq hüquqi-normativ sənədlərdə öz əksini 
						tapmışdır. 
						
						Heydər Əliyev Böyük İpək Yolunun mühüm mərkəzi olan, 
						mədəniyyətlərin və sivilizasiyaların qovşağında yerləşən 
						ölkəmizi dünyada tolerantlığın və dözümlülüyün məkanı 
						kimi tanıtmışdır. Onun beynəlxalq səfərləri, siyasi, 
						ictimai və dini xadimlərlə görüşləri ölkəmizin yeni 
						imicinin formalaşmasına xidmət edirdi. 
						
						Xalqımızın ümummilli liderinin "Mən həmişə fəxr etmişəm, 
						bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri 
						dünya azərbaycanlılarının şüarı olmaqla, soydaşlarımızın 
						həmrəyliyinin təməl daşına çevrilmişdir. Müstəqil 
						Azərbaycan Respublikasına rəhbərlik etdiyi illər ərzində 
						Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü 
						siyasət nəticəsində Azərbaycan diasporu təşkilatlanmış, 
						inkişaf etmiş və öz tarixi vətəni ilə sıx bağlılığını 
						nümayiş etdirmişdir. Bu gün dünyanın müxtəlif 
						guşələrində yaşayan azərbaycanlıların müstəqil 
						Azərbaycan Respublikasını öz vətəni sayması, onu milli 
						ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin 
						məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası 
						ətrafında birləşməsi məhz Heydər Əliyev fəaliyyətinin 
						nəticəsidir. 
						
						Heydər Əliyevin XX əsrdə totalitarizmin Azərbaycana 
						qarşı törətdiyi faciələrin davamı kimi qanlı 20 Yanvarı 
						xalqımız əleyhinə hərbi, siyasi və mənəvi təcavüz kimi 
						qiymətləndirməsi onun ömrü boyu sadiq qaldığı siyasi 
						məfkurəsinin və yüksək vətənpərvərliyinin yeni siyasi 
						şəraitdə təcəssümü idi. Mövcud siyasi, iqtisadi və 
						sosial böhran müstəqilliyimizin ilk illərində 
						Azərbaycanı vətəndaş müharibəsi həddinə çatdırdığı bir 
						dövrdə Heydər Əliyevin xalqın təkidli tələbi ilə 
						hakimiyyətə gəldiyi gün - 1993-cü ilin 15 iyunu 
						tariximizə Qurtuluş Günü kimi daxil olmuşdur. Bu 
						qurtuluş qısa bir zamanda özünü nəinki siyasətdə, həm də 
						iqtisadiyyatda, təhsildə, mədəniyyətdə və insanların 
						gündəlik real həyatında büruzə vermişdir. 
						
						Tənəzzülə uğrayan iqtisadiyyat, sürətlə artan 
						inflyasiya, işsizlik, ümidsizlik mühiti və digər neqativ 
						hallarla üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qısa 
						bir zamanda iqtisadi və mədəni yüksəliş yolu tutan, 
						xarici sərmayələrə açıq olan və böyük beynəlxalq 
						layihələrə qoşulan ölkəyə çevirə bildi. Heydər Əliyevin 
						qurduğu dövlətin iqtisadi siyasəti əhalinin sosial 
						müdafiəsini daim diqqət mərkəzində saxlamaqla sosial 
						yönümü ilə səciyyələnirdi. Bu gün Azərbaycan nüfuzlu 
						vətəndaş cəmiyyətinin əsaslarının qurulduğu, müxtəlif 
						siyasi partiyaların sərbəst fəaliyyət göstərdiyi, 
						yüzlərlə senzurasız qəzet və jurnalın nəşr olunduğu, 
						eləcə də çox sayda özəl telekanalların yayımlandığı və 
						İnternet şəbəkəsi istifadəçilərinin sayının sürətlə 
						artdığı bir ölkədir. 
						
						Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir 
						simasını müəyyənləşdirmiş və xalqımızın taleyində 
						silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə 
						olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu 
						uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər 
						və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat 
						və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də 
						ictimai-siyasi həyatımızda öz əksini tapmışdır. 
						 
						
						Heydər Əliyevin memarı olduğu Azərbaycan bu gün böyük 
						tikinti meydançasını xatırladır. Yüzlərlə sənaye və 
						infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, idman 
						qurğuları, yaşayış evləri, inzibati binalar və digər 
						tikililər ucaldılır, yollar salınır. "Azərbaycan 2020: 
						gələcəyə baxış" İnkişaf Konsepsiyası bizim gələcək 
						planlarımızı əks etdirməklə yanaşı, bir daha sübuta 
						yetirir ki, Heydər Əliyevin ölkəmizin sürəkli 
						tərəqqisini bu gün də təmin edən irimiqyaslı proqramları 
						xalqımızın sosial-iqtisadi vəziyyətinin daim 
						yaxşılaşmasına xidmət göstərir.  
						
						Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişafı 
						yolunda əvəzsiz tarixi xidmətlərini nəzərə alaraq, milli 
						dövlətçilik ideyasının bərqərar olması və ölkəmizin 
						beynəlxalq aləmdə nüfuzunun artması naminə misilsiz 
						töhfələr vermiş Azərbaycan xalqının ümummilli lideri 
						Heydər Əliyevin 90 illik yubileyinin ölkə miqyasında 
						layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan 
						Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci 
						bəndini rəhbər tutaraq 
						
						  
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 
						90 illik yubileyi Azərbaycan Respublikasında dövlət 
						səviyyəsində geniş qeyd edilsin. 
						
						2. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 
						90 illik yubileyinin keçirilməsinə dair Tədbirlər Planı 
						təsdiq edilsin. 
						
						3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						sərəncamdan irəli gələn məsələləri həll etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 21 yanvar 2013-cü il
 |