Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

Beynəlxalq müsabiqələrin qalibi

 

Artıq neçə illərdir ki, Azərbaycanın musiqi sahəsində gənc istedadları xarici ölkələrdə keçirilən bir sıra müsabiqə və konsertlərdə iştirak edərək ölkəmizi layiqincə təmsil edir, vətənə mükafat və diplomlarla qayıdırlar. Bu dəfə onlardan biri,  gənc vokal ifaçısı Mərziyə Hüseynova barədə danışacağıq. 1998-ci ildə Bakıda anadan olub. Hazırda Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin IX sinfində vokal ixtisası üzrə təhsil alır. Mərziyə ilə təhsil aldığı məktəbdə görüşdük.

 O,  ötən il Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının  89-cu ildönümünə həsr  olunmuş konsertdə iştirak edib. Daha sonra Rəşid Behbudov adına Mahnı teatrının səhnəsində, Bülbul adına Orta İxtisas  Musiqi Məktəbində keçirilən bir neçə  konsertlərdə bacarığını nümayiş etdirib.   Onun 2011-ci ilin mayında Kapellhauzda ilk solo-konserti olub. 2012-ci ilin oktyabrında "Üns" teatrının səhnəsində Mərziyə Dövlət Kamera Orkestri ilə birlikdə görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsinə həsr olunmuş konsertdə uğurla  çıxış edib. 

Onun  müəllimi, təcrübəli pedaqoq, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin vokal kafedrasının dosenti, fəlsəfə doktoru İradə Xəlilovanın dediklərindən:  Mərziyənin musiqiçi  kimi formalaşmasında, əlbəttə ki, valideynlərinin rolu böyük olub. Bu, olduqca vacib məqamdır.  Mərziyə əvvəlcə tərəddüd edirdi,  lakin atası onun məhz bu sahədə özünü göstərməsində təkid edib. Buna görə də Mərziyə, ilk növbədə, valideynlərinə minnətdar olmalıdır.  Onun vokal qabiliyyəti özünü dərhal göstərib. Mərziyənin  təbiətən çox gözəl səsi, səs telləri var.  Biz məşğul olmağa başladıq və  bizim aramızda getdikcə çox gözəl birlik - pedaqoq-şagird münasibəti yarandı.  

Mərziyənin beynəlxalq müsabiqələrdə iştirak etməsini təklif etdim

 O,  öz üzərində inadkarlıqla məşğul olurdu. Bizim birgə fəaliyyətimiz  genişlənirdi. Mən onun vokal qabiliyyətini qiymətləndirərək artıq beynəlxalq müsabiqələrdə iştirak etməsini təklif etdim. Biz ciddi surətdə hazırlaşmağa başladıq və Mərziyə 2012-ci ilin martında Estoniyanın Koxta-Yarva şəhərində keçirilən gənc vokalçıların VII beynəlxalq müsabiqəsində çox uğurla iştirak edərək laureat  adını qazanıb.  Qeyd edim ki, Mərziyə çox ciddi beynəlxalq müsabiqədə iştirak edərək vətənə qalibiyyətlə dönüb. Bu müsabiqə 2 turda keçirilirdi. Hər bir turda ifaçılar 2-3 əsər ifa etməli idi. Yalnız seçim turundan keçənlər ikinci tura buraxılırdı.

Müsabiqənin birinci turunda Mərziyə tamaşaçıların sürəkli alqışları altında "Nərgiz" ariyasını ifa edib. İfaçılar arasında çox güclü rəqabət var idi. Müsabiqədə müxtəlif ölkələrdən 51 ifaçı iştirak edirdi. Koxta-Yarva müsabiqələrinin əvvəlki illərdə qalibləri olmuş ifaçılar artıq Avropanın məşhur opera teatrlarında oxuyurlar.     

Rəqiblərindən biri erməni idi 

Mərziyə 2012-ci illin noyabrında Rusiyada Sıktıvkar şəhərində  Olqa Sosnovskaya mükafatı uğrunda XI beynəlxalq müsabiqədə iştirak edib.  Müsabiqə 4 gün  davam etmiş və tədbirə rekord sayda - 100 ifaçı qatılmışdı.  Mərziyə orada çox güclü  proqramla çıxış edərək hər bir turda xalq mahnılarımızı ifa edib (bu, müsabiqənin şərti idi). Bu isə Azərbaycan mədəniyyətinin təbliğidir.  Qeyd edim ki,  Mərziyənin rəqiblərindən biri erməni idi. Mərziyə bir qrupda təmsil olunduğu erməni rəqibinə qalib gəldi. Mərziyə mənə zəng edərək bildirirdi ki, burada çox güclü rəqabət var. Mən onu dəstəkləyərək bildirdim ki, Mərziyə, sən I yeri  tutaraq vətənə  yalnız qələbə ilə qayıtmalısan.  Elə həmin gecə Mərziyə mənə zəng edərək birinci  yerə layiq görüldüyünü, müsabiqənin qalibi  olduğunu xəbər verdi.

Bir faktı da qeyd etmək lazımdır ki, Mərziyə birinci yeri heç kimlə bölüşməyib. II yer 2 ifaçı, III yer 3 ifaçı arasında bölüşdürülüb. Hesab edirəm ki, bu, Mərziyənin olduqca böyük uğurudur.

Biz may ayında  ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş çox ciddi müsabiqəyə hazırlaşırıq. Ölkəmizdə gənc ifaçıların öz qabiliyyətlərini inkişaf etdirmələri üçün hərtərəfli dəstək göstərilir.  Qeyd etməliyəm ki, ümummilli lider Heydər Əliyev incəsənəti çox sevirdi, bu sahəni çox gözəl bilirdi.  Hər zaman incəsənət işçilərini dəstəkləyirdi. Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Milli  Məclisin deputatı Mehriban xanım Əliyevanın hərtərəfli diqqət və qayğısı sayəsində incəsənətimiz, musiqimiz inkişaf edir. Azərbaycan mədəniyyəti və incəsənətinin bütün dünyada tanıdılmasında Heydər Əliyev Fondunun rolu böyükdür. Fond Azərbaycan mədəniyyətinin beynəlxalq təbliğı ilə çox fəal məşğul olur. 

Mərziyənin atası Camal Hüseynov: Azərbaycan Respublikasının xalq artisti Teymur Göyçayevə və məktəbin bütün pedaqoji kollektivinə dərin minnətdarlığımı çatdırmaq istəyirəm. Məktəbin rəhbərliyi təhsil prosesinə çox istedadlı müəllimləri və şagirdləri cəlb edə bilib. Bütün bunlar biz valideynlərdə belə bir əminlik yaradır ki, uşaqlarımız cəmiyyətimizə layiq insanlar kimi  böyüyəcək və ölkəmizin şərəfini qoruyacaq musiqiçilər  kimi yetişəcəklər.

 Biz də, öz növbəmizdə, Mərziyəyə və məktəbin pedaqoji kollektivinə  Azərbaycan mədəniyyəti və incəsənətinin bütün dünyada təbliği kimi şərəfli işlərində uğurlar arzulayırıq. 

Oruc MUSTAFAYEV

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov