Yanvar
ayının 2-12-si tarixlərində Kürdəmir şəhərində yaş
qrupları üzrə Azərbaycan birinciliyinin seçmə
oyunları keçirilmişdir. Yarışda Bakı şahmatçıları
istisna olmaqla respublikanın bütün şəhər və
rayonlarının şahmatçıları təmsil olunmuşdur.
5 yaş qrupu üzrə oğlanlar və qızlar arasında
finalda mübarizə aparacaq şahmatçıların adları
məlum olmuşdur. Yarışlar İsveçrə sistemi üzrə
keçirilmiş və əksər yaş qruplarında 9 tur
oynanılmışdır. Şamaxı şahmatçıları uğurla
yarışmışlar. Niyaz Məmmədov xüsusilə fərqlənmişdir.
14 yaşlı şahmatçımız bütün turnir boyu liderlər
sırasında olmuş, Quba şahmatçısı Şəhriyar
İsgəndərov və Şəki şahmatçısı Faiq İmamverdiyevlə
birlikdə 7 xal toplayaraq turnirin qalibləri kimi
finala vəsiqə qazanmışlar. Əlavə göstəricilərə görə
Niyaz Məmmədov ikinci mükafata layiq görülmüşdür.
Xüsusilə qeyd edilməlidir ki, bu, Niyazın final
mərhələsinə 6-cı vəsiqəsidir. O, 2008, 2009-cu
illərdə 10 yaşlıların, 2010-cu ildə 12 yaşlıların
(finalda Niyaz V yeri tutmuşdur), bu il isə 14
yaşlıların turnirində qalib gəlmişdir. 2011-2012-ci
illərdə isə Niyaz finala vəsiqəni Şamaxının
oğlanlardan ibarət komandasının tərkibində
qazanmışdır.
Niyaz Məmmədov 2010-cu ildə Gürcüstanın Batumi
şəhərində keçirilən yeniyetmə şahmatçıların Avropa
çempionatında da uğurla yarışmışdır.
14 yaşlılar arasında digər Şamaxı şahmatçısı Saleh
Abdulrəhmanov da uğurla yarışmışdır. Saleh 4
şahmatçı ilə yanaşı 6.5 xal toplayaraq IV-VI
yerləri bölüşmüşdür və yalnız əlavə göstəricilərə
görə finala düşə bilməmişdir. Digər Şamaxı
şahmatçıları - Asim Sərxanov, Cavanşir Məmmədov,
Mənsur Sərxanov və İlahə Xudiyeva da turnirdə
uğurla çıxış etmişlər.
Şahmatçılarımızı, onların məşqçisi - məktəbin baş
məşqçi-müəllimi Yaşar Məmmədovu təbrik edir və
onlara yeni-yeni uğurlar arzulayırıq. Niyazın mart
ayında Bakı şəhərində respublika birinciliyinin
finalında çıxış edəcəyi dördüncü cəhdində daha böyük
qələbəyə nail olacağına inanırıq.
Asif AĞAYEV,
Şamaxı Şahmat Məktəbinin direktoru,
əməkdar müəllim, fəxri bədən tərbiyəsi və idman
işçisi |