Qurucusu ulu öndərimiz Heydər Əliyev olan müstəqil
Azərbaycan Respublikası günü-gündən çiçəklənir, inkişaf
edir və müasirləşir. Bütün bu inkişafın, stabilliyin
qorunması və gələcək nəsillərə ötürülməsi ulu
öndərimizin siyasi kursunun layiqli davamçısı cənab
İlham Əliyevin adı ilə birbaşa bağlıdır. Qeyd etdiyimiz
tərəqqinin fonunda cəmiyyətimizdə gedən demokratikləşmə
prosesinin xüsusi yer alması inkaredilməz faktdır.
Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu dövlət
quruculuğu siyasətində bütün sahələrdə olduğu kimi,
hüquq və tibdə də böyük inkişaf olub. Məhkəmə təbabəti
bu böyük elm sahələrinin arasında olduğu üçün onun da bu
inkişafda özünəməxsus xüsusi çəkisi vardır.
Məhkəmə-tibbi
ekspertiza hüquq-mühafizə orqanlarının fəaliyyəti zamanı
əmələ gələn tibbi-bioloji xarakterli sualların
öyrənilməsi və cavablandırılması ilə məşğul olan
ekspertiza sahəsidir. Onun elmi bazasını isə məhkəmə
təbabəti elmi təşkil edir. Odur ki, hüquq və tibb
sərhədində yerləşən bu vacib və özünəməxsus elm
sahəsinin yaxşı mənimsənilməsi həm tibb, həm də hüquq
fakültələrinin tələbələri üçün vacibdir. Bütün dünyada
olduğu kimi, Azərbaycanda da ali məktəblərin tibb,
stomatologiya, hüquq fakültələrində tələbələr axırıncı
kurslarda məhkəmə təbabəti kursunu öyrənirlər.
Məhkəmə təbabəti elmi hüquq elminin tələblərinə
uyğunlaşaraq formalaşdığından, bəzən onu "Hüquqda
təbabət" də adlandırırlar. Məhkəmə ekspertizaları
elminin bir sahəsi olan məhkəmə təbabətinin
respublikamızda inkişafda olması çox vacibdir. Həyat və
sağlamlıq əleyhinə olan cinayətlərin açılmasında
məhkəmə-tibbi ekspertizanın xüsusi yeri vardır. Odur ki,
hüquq və tibb fakültələrinin tələbələri bu fənni yaxşı
mənimsəməlidirlər. Eyni zamanda onu da vurğulamalıyıq
ki, məhkəmə təbabəti fənni üzrə Azərbaycan və rus
dillərində ədəbiyyat olsa da, xarici dildə ədəbiyyata
ölkəmizdə böyük tələbat vardır. Tələbat ondan irəli
gəlir ki, son illər Azərbaycanın ali hüquq və tibb
təhsil ocaqlarında onlarla xarici ölkədən gəlmiş
yüzlərlə əcnəbi tələbənin ingilis dilində təhsil
almasına baxmayaraq universitetlərimizin onları
ingilisdilli dərsliklərlə təmin etməkdə çətinlikləri
mövcuddur. Bu nöqteyi-nəzərdən BDU və ATU-nun
professoru, tibb elmləri doktoru Vüqar Məmmədovun 536
səhifədən ibarət ingilis dilində yazdığı "Forensic
medicine" ("Məhkəmə təbabəti") dərsliyi ölkəmizin,
Azərbaycan təhsil sisteminin və Azərbaycan alimlərinin
əcnəbi tələbələr qarşısında imicinin yüksəlməsinə xidmət
edir. Professor V.Məmmədovun dərslikdə əhatə etdiyi
mövzular həm hüquq, həm də tibb fakültələrinin
tələbələri üçün əhəmiyyətlidir.
Doqquz fəsildən ibarət dərslik məhkəmə təbabəti
sahəsində ingilis dilində tərtib olunmuş vacib tədris
vəsaitidir, böyük praktiki və tətbiqi əhəmiyyətə
malikdir, tədris prosesi zamanı böyük ehtiyac tələb
olunan kitabdır. Çox sadə dildə, strukturlaşdırılmış
şəkildə yazıldığı üçün dərsliyin oxucularda maraq
doğuracağına inanırıq. Hər fəsildə məhkəmə təbabətinin
bir sahəsi (məhkəmə-tibbi tanatologiya, travmatologiya,
toksikologiya, identifikasiya və.s) geniş şəkildə əks
olunur. Bu dərslik azərbaycanlı alim tərəfindən məhkəmə
təbabəti üzrə ingilis dilində yazılmış ilk kitabdır.
Kitabın nəşrində müəllifə "İrəli" İctimai Birliyi,
Azərbaycan Hüquqşünaslar Konfederasiyası və Azərbaycan
Gənclər Fondu maliyyə dəstəyi göstərmişdir.
Kitaba xarici mütəxəssis və alimlər olmaqla ümumilikdə
11 müsbət rəy verilmişdir. Bunlara misal olaraq Dünya
Tibbi Hüquq Assosiasiyasının fəxri prezidenti,
YUNESKO-nun Bioetika kafedrasının rəhbəri, İsrailin
Hayfa Universitetinin hüquq fakültəsinin professoru
Amnon Karmi, İ.M.Seçenov adına Birinci Moskva Dövlət
Tibb Universitetinin Məhkəmə təbabəti kafedrasının
müdiri, akademik Yuri Piqolkin və ABŞ Məhkəmə Elmləri
Akademiyasının fəxri prezidenti, Amerika Tibbi Hüquq
Assosiasiyasının İdarə Heyətinin rəhbəri, professor
Siril Vextin rəylərini göstərmək olar. Hər üç alim
dünyada məhkəmə təbabəti və tibbi hüquq üzrə ən çox
tanınan aparıcı mütəxəssislərdir. Belə ki, hazırda rus
dilində olan məhkəmə-tibbi dərsliklərin əksəriyyəti
akademik Piqolkinin rəhbərliyi altında nəşr olunur.
Professor Karmi YUNESKO-nun tibbi hüquq sahəsinə aid
əksər elmi ədəbiyyatının və dərsliklərin müəllifidir.
Professor Vext isə Amerika və dünya məhkəmə təbabətinin
son 50 ildə korifeyidir və onun yazdığı 5 cildlik
"Məhkəmə elmləri" dərsliyi son 25 ildə hər il yenidən
nəşr olunaraq ingilisdilli dünya üçün əsas dərs vəsaiti
hesab olunur. O öz rəyində yazır ki, son 50 ildə 18000
autopsiya keçirmiş və 38000 məhkəmə-tibbi
ekspertizaların məsləhətçisi olmuş, o cümlədən prezident
Con F.Kennedinin, senator Robert F.Kennedinin, Elvis
Preslinin, Maykl Ceksonun və bir sıra məşhur şəxslərin
ölümü ilə əlaqədar olan məhkəmə-tibbi ekspertiza
komissiyalarının rəhbəri olmuşdur. Professor Siril
H.Vext öz rəyində kitabın vacibliyindən, onun müasir
üslubda yazıldığından, məhkəmə təbabəti üzrə
ixtisaslaşan insanlar, hüquq və tibb fakültələrinin
tələbələri üçün yüksək dərəcədə faydalı olmasından söz
açır. O qeyd edir ki, Amerika Məhkəmə Elmləri
Akademiyasının fəal üzvü olan azərbaycanlı alim,
professor Vüqar Məmmədovun "Məhkəmə təbabəti" kitabı
tələbələr, həkimlər, hüquqşünaslar və bu sahənin
mütəxəssisləri tərəfindən rəğbətlə qarşılanacaq.
Amerikalı mütəxəssisin qeyd etdiyi kimi, həm Böyük
Britaniyada, həm də ABŞ-da məhkəmə təbabəti və cinayət
prosesi və ədliyyəsi sahəsində zəruri hazırlıq və
təcrübə keçmiş professor Vüqar Məmmədov bu mühüm ədəbi
nailiyyətinə görə tərifəlayiqdir. Professor Vextin rəyi
tam şəkildə kitabda verilmişdir.
"Forensic Medicine" dərsliyinin Azərbaycanda rəsmi
instansiyalardan keçib nəşr olunması üçün kitab ingilis
dilindən Azərbaycan dilinə tərcümə olunub, tərcümə
əsasında Azərbaycan dilində də "Məhkəmə təbabəti"
dərsliyi 521 səhifədə işıq üzü görmüşdür.
Yuxarıda qeyd olunanlara onu da əlavə etmək olar ki,
Dünya Tibbi Hüquq və Avropa Tibbi Hüquq
assosiasiyalarının İdarə Heyətinin üzvü, YUNESKO-nun
eksperti, tibb elmləri doktoru, professor Vüqar
Məmmədovun ingilis dilində "Forensic Medicine" ("Məhkəmə
təbabəti") dərsliyi gündən-günə müasirləşən Azərbaycanın
çağdaş dövrünün tələblərinə yüksək səviyyədə cavab
verir, ondan istifadə edəcək azərbaycanlı və xarici
tələbələrin bu fənni rahatlıqla mənimsəmələrində onlara
yardımçı olacaqdır. Sonda onu da bildirmək istərdik ki,
bu dərsliyin toplumda hüquq, tibb, bütövlükdə məhkəmə
təbabəti anlayışının qavranılmasına da yardımçı
olacağına inanırıq. Kitabdan təkcə tələbələr deyil,
ingilis dilində oxuya bilən magistrant, doktorant,
hüquqşünas və elmi işçilər də faydalanacaqlar.
Əmir ƏLİYEV,
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin
dekanı,
hüquq elmləri doktoru, professor |