Müsahibimiz
"Göyərçin" jurnalının baş redaktoru, Azərbaycan
Respublikasının əməkdar mədəniyyət işçisi, tanınmış
şair, ədəbiyyatşünas, pedaqoq, filologiya elmləri
doktoru, professor Rafiq Yusifoğludur.
- Bizim hamımız uşaq vaxtı "Göyərçin"i sevə-sevə
oxumuşuq. Qəribədir ki, indi də bu jurnalı övladlarımız,
nəvələrimiz sevə-sevə oxuyurlar. "Göyərçin"in nəşri
tarixi haqqında oxucularımıza məlumat verməyinizi xahiş
edirəm.
- "Göyərçin"in ilk sayı 1958-ci ildə işıq üzü görəndə
mən Azərbaycanımızın ucqar dağ kəndlərindən birində,
Qubadlı rayonunun Çardaxlı kəndində yaşayır və təhsil
alırdım. Atam məktəb direktoru idi. Bir dəfə o, evə
gələndə gətirdiyi qəzet və jurnallardan biri daha çox
diqqətimi çəkdi. Birinci dəfə idi ki, belə bir rəngli
jurnal görürdüm. Onun üz qabığında eynən mən yaşda olan
qaraqaş, qaragöz, gülərüz bir oğlanın şəklini görəndə
ürəyimdən keçmişdi ki, kaş mənim də şəklim bu jurnalda
çap olunaydı. Onda heç ağlıma da gəlməzdi ki, nə vaxtsa
bu jurnalda mənim də şeirlərim, hekayələrim, nağıllarım
çap olunacaq, nə vaxtsa bu jurnalın əməkdaşı, hətta baş
redaktoru olacağam.
"Göyərçin"in ilk sayında çap olunan "Göyərçin" şeirindən
bəzi misralar indi də yadımdadı.
Göyərçinim, ağ quşum,
Gəl qoşa uçaq, quşum!
Bakının göylərindən,
Xəzərin üzərindən
Gəl uçaq uzaqlara,
Qoşulaq uşaqlara.
Hər zəmidən bir sünbül,
Hər bağçadan çiçək, gül
Toplayıb qucaq-qucaq,
Gəl uçaq, uçaq, uçaq!
Sonradan
öyrəndim ki, bu şeirin müəllifi Əhməd Cəmil Azərbaycanın
ən tanınmış şairlərindən biri imiş. Jurnalın ilk sayında
yazıları çap olunan Abdulla Şaiqin, Mikayıl
Rzaquluzadənin, Ələviyyə Babayevanın, Əli Vəliyevin,
Xanımana Əlibəylinin, Mirvarid Dilbazinin, Həbibə
Zeynalovanın, Hüseyn Abbaszadənin, Həsən Seyidbəylinin,
Mirmehdi Seyidzadənin, rəsmləri verilən Yusif
Hüseynovun, Davud Kazımovun, Rasim Babayevin adlarını
dərin minnətdarlıq duyğusu ilə xatırlatmaq istəyirəm.
Uşaq vaxtı bu adlar mənə heç nə deməsə də, indi bilirəm
ki, "Göyərçin" oxucuların ilk görüşünə çox güclü
yaradıcı kollektivlə gəlibmiş...
- Balalarımızın sevimli jurnalı "Göyərçin"i
araya-ərsəyə gətirənlər kimlər olub?
- Jurnalın ilk redaktoru tanınmış yazıçı Yusif Əzimzadə
olub. Sonra xalq yazıçısı Hüseyn Abbaszadə, Xalidə
Hasilova, Tofiq Mahmud "Göyərçin"ə rəhbərlik eləyiblər.
1997-ci ildən isə adlarını dərin hörmət və ehtiramla
çəkdiyim həmin yazıçıların yolunu mən davam etdirirəm.
Ayrı-ayrı vaxtlarda Hikmət Ziya, Xəlil Rza Ulutürk,
Bayram Həsənov, Əbülfəz Hüseyni, Həbibə Zeynalova,
Cahangir Məmmədov, Vaqif İbrahim, Tahirə İsgəndərova,
Yusif Hüseynov, Rafiq Mehdiyev, Rəşid Əmirov kimi
tanınmış şairlər, yazıçılar, rəssamlar "Göyərçin"in
redaksiyasında işləyiblər. Allah onların hamısına rəhmət
eləsin, ruhları şad olsun!
- Rafiq müəllim, hər bir mətbuat orqanının siması onun
müəllifləri ilə müəyyən olunur. Sizin jurnalda əsərləri
daim çap olunan şair və yazıçılardan kimlərin adlarını
çəkə bilərsiniz?
- Bu siyahı çox böyükdür. Elə bilirəm ki, təkcə əsərləri
"Göyərçin"də çap olunan xalq şairlərinin, xalq
yazıçılarının adlarını çəksəm, sizə hər şey aydın olar:
Süleyman Rəhimov, Mirzə İbrahimov, Mehdi Hüseyn, Əli
Vəliyev, İlyas Əfəndiyev, Süleyman Rüstəm, Rəsul Rza,
Məmməd Rahim, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Mədinə
Gülgün, Balaş Azəroğlu, İsmayıl Şıxlı, Əzizə Cəfərzadə,
Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Məmməd
Araz, Xəlil Rza, Nəriman Həsənzadə, Anar, Elçin, Fikrət
Qoca... Hələ siyahı bununla da tamamlanmır, Azərbaycan
uşaq ədəbiyyatının ən görkəmli nümayəndələri kimi
tanınan Mikayıl Rzaquluzadə, Mirmehdi Seyidzadə,
Xanımana Əlibəyli, Teymur Elçin, Fikrət Sadıq, İlyas
Tapdıq, Tofiq Mütəllibov, Ələviyyə Babayeva, Əzizə
Əhmədova, Zahid Xəlil və başqaları "Göyərçin"lə daim
əməkdaşlıq edən müəlliflər olublar. Əsasən böyüklər üçün
yazıb-yaradan Əhməd Cəmil, Qasım Qasımzadə, Adil
Babayev, Salam Qədirzadə, Əlibala Hacızadə, Əli Kərim,
Məmməd Aslan kimi tanınmış qələm sahibləri də arabir öz
yazıları ilə "Göyərçin"də çıxış eləyiblər.
- "Göyərçin"in bir qanadı da rəsm əsərləridir. Jurnalla
əməkdaşlıq edən tanınmış rəssamlar olubmu?
- Əlbəttə, olub. Yusif Hüseynov, Davud Kazımov, Rasim
Babayev, Toğrul Nərimanbəyov, Tofiq Cavadov, Rafiq
Mehdiyev, Altay Hacıyev, Cəmil Müfidzadə, Elmaz
Hüseynov, Arif Hüseynov, Arif Əzizov, Ənvər Qarayev,
Oqtay Quliyev və başqa bu kimi tanınmış rəssamların
əsərləri həmişə "Göyərçin"ə xüsusi gözəllik verib. İndi
də həmin görkəmli rəssamların yolunu İlqar Mehdiyev,
Mətanət Aslanova, Vəfa İbrahimqızı, Orxan Hüseynov,
Leyla Salamova, Kübra Salamova, Aytən Şirzadova, Afər
Mehdiyeva, Fidan Axundova kimi rəssamlar ləyaqətlə davam
etdirirlər.
- Sizcə, "Göyərçin"in başlıca uğuru nədən ibarətdir?
- Xalqımızın gözəl təmsil ustası, uzun müddət bizim
jurnalda şöbə müdiri, məsul katib vəzifələrində çalışmış
mərhum Hikmət Ziyanın bir sözü yadıma düşür: "Göyərçin"
qartallar yetişdirir"... "Göyərçin" jurnalı yarandığı
ilk gündən bu günə qədər Azərbaycan uşaq ədəbiyyatının
"təsərrüfat sahəsi" olub. Bu jurnalda çap olunan
yazılardan orta məktəb dərslikləri, əlavə oxu kitabları
hazırlanarkən gen-bol istifadə olunub. "Göyərçin"
"Əlifba"dan sonra uşaqların oxu vərdişlərini inkişaf
etdirmək üçün ən lazımlı, gərəkli bir jurnaldır". Bu
sözlər Azərbaycan Respublikasının təhsil naziri Misir
Mərdanova məxsusdur. Görkəmli alim, sovetlər birliyi
dövründə Azərbaycanın maarif naziri vəzifəsində çalışan
Mehdi Mehdizadənin, mətbuat komitəsinin sədri İsrafil
Nəzərovun, professor Zahid Qaralovun, görkəmli şair və
yazıçılardan Mirzə İbrahimovun, Süleyman Rəhimovun,
Mirvarid Dilbazinin, Mikayıl Rzaquluzadənin, Nigar
Rəfibəylinin, Mirmehdi Seyidzadənin, Mədinə Gülgünün,
Salam Qədirzadənin, Teymur Elçinin, Hüseyn Abbaszadənin,
Tofiq Mahmudun, İlyas Tapdığın və başqalarının
"Göyərçin" haqqında söylədikləri xoş sözlər bizi indi də
həvəslə işləməyə ruhlandırır. Abdulla Şaiq, Məmməd
Rahim, Əhməd Cəmil kimi görkəmli şairlərin "Göyərçin"
jurnalına şeir həsr eləmələri də təsadüfi deyildir.
"Göyərçin"in kitabxanası seriyasından çap elədiyimiz
kitablar uşaq ədəbiyyatımızı əhəmiyyətli dərəcədə
zənginləşdirib. Biz bu işi indi də davam etdiririk. 55
ildə "Göyərçin" zəngin uşaq ədəbiyyatı nümunələrini nəşr
eləyərək oxucuların öhdəsinə verib. Biz təkcə Azərbaycan
yazıçılarının deyil, dünya uşaq ədəbiyyatının da ən
gözəl nümunələrini öz jurnalımızda çap eləmişik. İndiyə
qədər "Göyərçin"də çap olunan əsərləri bir yerə yığıb
nəşr eləmək mümkün olsaydı, neçə-neçə sanballı cildlər
meydana gələrdi. Ümid eləyirik ki, nə vaxtsa bu arzumuz
da reallaşacaq...
- Bir vaxtlar digər mətbuat orqanları kimi "Göyərçin"
də bağlanmaq təhlükəsi ilə üzləşmişdi. Necə oldu ki,
"Göyərçin" öz "uçuşlarını" davam etdirə bildi?
- Digər mətbuat orqanları kimi bizim də jurnalın
xilaskarı ulu öndərimiz Heydər Əliyev olmuşdur. Bu
uzaqgörən şəxsiyyətin, eləcə də onun ləyaqətli
davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin atalıq qayğısı nəticəsində "Göyərçin" öz
"uçuşlarını" indi də davam etdirir. Jurnalımızın
yaradıcı kollektivi həmişə bizə göstərilən böyük etimadı
doğrultmağa çalışır. Biz dərk eləyirik ki, gələcəyin
vətəndaşlarını tərbiyə etmək yolunda üstümüzə çox böyük
məsuliyyət düşür. Dərk eləyirik ki, "Göyərçin" birbaşa
uşaqların təlim-tərbiyəsi ilə bağlı olduğu üçün strateji
əhəmiyyətə malik bir mətbuat orqanıdır. Balalarımızı
vətənimizin adına layiq oğullar, qızlar kimi tərbiyə
eləmək işində biz də öz töhfələrimizi verməyə çalışırıq.
Arzumuz budur ki, jurnalımızın oxucularının sayı
gündən-günə çoxalsın.
- Rafiq müəllim, sizi və rəhbərlik etdiyiniz "Göyərçin"
jurnalının yaradıcı kollektivini 55 illik yubileyiniz
münasibətilə "Azərbaycan müəllimi" qəzetinin əməkdaşları
və çoxsaylı oxucuları adından təbrik edir, yeni-yeni
uğurlar diləyirik.
- Çox sağ olun! Təşəkkür edirəm. Söhbətin bu məqamında
elə bil ki, qulaqlarımda tanınmış bəstəkar, əməkdar
incəsənət xadimi Nailə Mirməmmədlinin mənim sözlərimə
bəstələdiyi "Göyərçinim" mahnısı səslənir:
Ömrün boyu ucalmısan,
Ləyaqətlə yaşamısan.
Qanadında sən ellərə
Sevinc, fərəh daşımısan.
Hey qanad çal, üstümüzə
Şeir, hikmət, nağıl yağsın.
Gəlişinlə ömrümüzə,
Günümüzə günəş doğsun!
Körpələrin ürəyinə
Cığır salan "Göyərçinim".
Azərbaycan göylərində
Qanad çalan "Göyərçinim"!
Müsahibəni apardı: Ədalət DAŞDƏMİRLİ
|