Bakıdakı
242 nömrəli tam orta məktəbdə biologiya müəllimi Samara
Məmişovanın VII "a" sinfində "Dəniz yosunları"
mövzusunda "açıq dərs"i oldu. Dərsdə məqsəd dəniz
yosunlarının quruluşunu, müxtəlifliyini, çoxalma və
inkişafını, təbiətdə, insan həyatında əhəmiyyətini
şagirdlərə öyrətmək idi.
Müəllim dərslik, marker, iş vərəqələri, İnternetdən
məlumatlar və MİMİO qurğusundan istifadə edərək
şagirdlərin fəallığının artırılmasını, biologiyadan
dəniz yosunlarına aid anlayışların şüurlu surətdə dərk
edilməsini ən vacib hal kimi diqqət mərkəzində saxladı.
Dərsin interaktiv təlim ruhuna uyğun təşkili keçilən
mövzunun sinfin əksəriyyəti tərəfindən yüksək səviyyədə
mənimsənilməsinə şərait yaratdı. Samara Məmişova yeni
dərsi izah etməklə yanaşı, həm də motivasiya sualı
əsasında biologiya fənnindən keçilən mövzuların
mənimsənilmə səviyyəsini yoxlamaq üçün şagirdləri slayd
vasitəsilə hazırlanmış testlərlə sorğu-sual etdi.
Şagirdlər dərsin maraqlı keçilməsində fəal iştirak
etdilər.
Sonda Samara Məmişovanın keçdiyi "açıq dərs" müzakirə
olundu. Məktəbin direktoru Akif Rəsulov, Bakı Şəhəri
üzrə Təhsil İdarəsi metodmərkəzinin Nizami- Nərimanov
rayonları üzrə metodik bölməsinin baş metodisti Tahirə
Qədimova, 220, 250, 251, 272, 210, 109, 229, 70
nömrəli tam orta məktəblərin biologiya müəllimləri və
başqaları çıxış edərək "açıq dərs"in yaxşı təşkil
olunduğunu və şagirdlərin biologiya fənnindən yüksək
bilik nümayiş etdirdiklərini bildirdilər.
"Açıq dərs" diskussiya şəklində başa çatdı.
Şakir CƏFƏROV |