Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

Gənc alimin uğuru

 

Elnur hələ kiçik yaşlarından ağıllı və hər sahəyə maraq göstərən bir uşaq olub. Xoşladığı məşğuliyyətlər - kitab oxumaq və idmanla məşğul olmaq idi. O, çox diqqətli və məsuliyyətli idi, hər şeyin səliqəli, yerli-yerində olmasını xoşlayırdı. Təbiət qoynunda gəzməyi, rast gəldiyi təbii hadisələrə dərin marağı ilə seçilirdi. Hiss olunurdu ki, Elnur böyüyəndə mütləq alim olacaq. Elə də oldu.

 Gənc alim, çətin elm yollarında ilk və kövrək addımlarını atan insan haqqında yazmaq çox məsuliyyətlidir. Axı, alim ömrü, müdriklərin dediyinə görə, onun mənəviyyat dünyası ilə intellektual aləminin harmoniyasıdır. Bu məsuliyyət həmin alimin elmə verdiyi töhfələrlə, insanlara, vətənə, dövlətə münasibəti ilə bağlıdır.

Həyatda elə insanlar var ki, onlarla ünsiyyətdə olmaq həmişə insana zövq verir, hər dəfə onlardan nəsə öyrənirsən, səni narahat edən suallara cavab tapırsan. Belə insanlara həyatın bütün sahələrində rast gəlinir - istər siyasətdə, istər mədəniyyətdə, istərsə də elmdə. Belə insanlardan biri də gənc alim, fizika üzrə fəlsəfə doktoru, Astara Pedaqoji Kollecinin müəllimi Elnur Əhmədağa oğlu Dadaşovdur.

Xalid Məmmədov, Astara Pedaqoji Kollecinin müəllimi: "Onu parta arxasından tanıyıram. Vaxtilə ona dərs demişəm. Hələ o vaxt yaşıdlarından elmlərə həvəslə yiyələnməsi, hər bir mövzunu mükəmməl öyrənməsi ilə fərqlənirdi. Fənlər arasında seçim etməz, bütün fənlərə eyni maraqla yanaşardı. Müəllimlər də ondan həmişə razılıq edirdilər. O sanki elm üçün, kitab oxumaq üçün yaranmışdı. Öyrəndiklərinə yaradıcı yanaşmaq, öz fikirlərini aydın izah etmək, çevik və məntiqli düşünmək onun başlıca keyfiyyəti idi".

Üstündən illər keçdi. Elnurun sorağı Bakı Dövlət Universitetinin fizika fakültəsindən gəldi. Fizika elminə olan maraq onu Tələbə Elmi Cəmiyyətinə yönəltdi. Yazdığı məqalələrlə, etdiyi çıxışlarla görkəmli alim və professorların diqqətini cəlb etdi. Nümunəvi bir tələbə kimi universiteti bitirdi.

Müəllim kimi Astara Pedaqoji Kollecində fəaliyyətə başladı. Amma içindəki istək, arzu onu təhsilini davam etdirməyə sövq edirdi. Elmi axtarışlardakı əzmkarlıq, ümumiləşdirmələrdə gəldiyi qənaət onu fizika elmindəki yeniliklərə doğru aparırdı.

E.Dadaşov 2012-ci ildə "Proton-proton və foton-foton toqquşmalarında eksklüziv və inklüziv parçalanma kanalları" mövzusunda fəlsəfə doktorluğu dissertasiya işini müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 sentyabr 2012-ci il tarixli qərarı ilə ona fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Hazırda gənc alim E.Dadaşov Astara Pedaqoji Kollecində fizika elminin incəliklərini tələbələrə öyrətməkdədir. O, elmi fəaliyyətini davam etdirmək, tədqiq etdiyi elm sahəsinin əhatə dairəsini genişləndirmək, yeni-yeni kəşflərlə insanları sevindirmək niyyətindədir.

İnanmaq istərdik ki, onun sorağı xarici ölkələrin universitetlərindən gələcək.  

Azad ABDULLAYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov