Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri
Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyi
ilə əlaqədar Bakıdakı 88 nömrəli tam orta məktəbdə
ədəbi-bədii tədbir keçirilmişdir. Tədbir iştirakçıları
məktəbin kitabxanasında hazırlanmış sərgiyə baxıblar.
Sərgidə Xurşidbanu Natəvanın həyat və yaradıcılığına
həsr edilmiş xüsusi informasiya və ədəbiyyat
bülletenləri əksini tapmışdır.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Həcər Rəhimova
açaraq Xurşidbanu Natəvanın həyatı və yaradıcılığı
barədə iştirakçıları məlumatlandırdı. Məclisdə
Xurşidbanu Natəvanın Azərbaycan poeziyasının
inkişafındakı rolundan filologiya elmləri doktoru Ramil
Əliyev, Azərbaycanın mədəniyyəti tarixində lirik şair
və rəssam kimi şöhrət tapmasından isə filologiya
elmləri doktoru Zaman Əsgərli danışmışlar.
Respublikanın xalq artisti Qəndab Quliyeva, Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi
Valeh Rəfibəyli Natəvanın qəzəllərindən ibarət muğamlar
ifa etmişlər.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin muğam
ifaçılığı üzrə müsabiqə qalibi Səidə Babışova tədbirdə
çıxış etmişdir. Söz şagirdlərə verildi. Onlardan Murad
Süleymanlı, Ləman Sadıqova, Aytən Rəsulzadə
şairənin "Nə mən olaydım ilahi, nə də bu aləm olaydı",
Telli Səlimova "Pərvanə", Aynur Allazova "Könlüm",
Aytac Bayraməliyeva "Qərənfil", Bənövşə Məmmədova
"Əfsus" adlı qəzəllərini söyləmişlər. Yuxarı sinif
şagirdləri Murad və Ləmanın ifasında xalq yazıçısı
İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" dramından
səhnəciklər nümayiş olunmuşdur.
Çıxış edənlər tədbirin təşkilatçılarına
minnətdarlıqlarını bildirmiş, məktəbin uğurlarının daha
da artmasını arzu etmişlər.
Rəşad ZİYADOV |