Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Yanvar 2013 - №02

 

20 Yanvar faciəsindən iyirmi üç il keçir

 

Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir. 

Heydər ƏLİYEV

 Fakt və rəqəmlər 

Qanlı Yanvar hadisələri zamanı Bakı şəhərində 131 nəfər həlak olub, ümumi nəticəyə görə isə bu hadisələrdə yaralananların sayı 800, həbs olunanların və itkin düşənlərin sayı isə 1000 nəfərdən  çox olub.

Eyni zamanda 200 ev və mənzil talan edilərək yandırıldı, 80 avtomaşın, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edildi. Faciə SSRİ Daxili İşlər və Müdafiə nazirliklərinin və Dövlət Təhlükəsizlik Komitəsinin təşkilatçılığı ilə müdafiə naziri Yazovun komandanlığı altında törədildi.

 

2-33, 2-34, 2-35

Faciə qurbanlarının xatirəsi yad edildi

 

Yanvarın 16-da Bakıdakı 229 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin iyirmi üçüncü ildönümü münasibəti ilə "Şəhidlərimizin ruhu bizi mübarizəyə səsləyir" adlı tədbir keçirildi. Öncə xalqının azadlığını hər şeydən üstün tutan, Vətənin azadlığı və mübarizəsi yolunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət himninin sədaları altında üçrəngli Dövlət bayrağı səhnəyə gətirildi. 

Tədbirin aparıcıları 20 Yanvar hadisələrindən ürəkağrısı ilə danışdılar. Bildirdilər ki, 1990-cı ilin yanvarında baş verən tarixin bu qara səhifəsi əbədi olaraq hər bir azərbaycanlının yaddaşında ümummilli matəm günü kimi qalacaq.

Təhsil ocağının direktoru Fəridə Bağırova 20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixinə çevrildiyini qeyd edərək dedi: - "O hadisələr hələ də gözümüzün önündədir. Günahsız insanlar qətlə yetirildi, yüzlərlə vətəndaş itkin düşdü. Buna baxmayaraq, heç kəs ruhdan düşmədi. Azərbaycan xalqının qətiyyəti, səbri azğınlaşmış sovet qoşunlarının Bakıda çox duruş gətirə bilməməsinə səbəb oldu".

Məktəbin şagirdləri Bəxtiyar Vahabzadənin, Məmməd Arazın və başqa şairlərin şəhidlərimizə həsr olunmuş şeirlərindən  söylədilər,  kompozisiya nümayiş etdirdilər. 20 Yanvar hadisələrinə həsr olunmuş səhnəciklər göstərdilər. Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş olundu.

***

Bakıdakı 152 nömrəli tam orta məktəbin akt zalında  "Şəhidlər ölməzdir" mövzusunda ədəbi-bədii gecə keçirildi.  20 Yanvar faciəsinin iyirmi üçüncü  ildönümü ilə bağlı keçirilən mərasim Azərbaycanın Dövlət himninin tədbir iştirakçıları tərəfindən ifa olunması ilə başladı. Sonra 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Gecəni məktəbin direktoru Gülarə Verdiyeva giriş sözü ilə açaraq  20 Yanvar hadisələrinin xalqımızın qəhrəmanlıq tarixinə  çevrildiyini qeyd etdi. Yanvarın 19-dan 20-nə keçən  gecə günahsız insanlar amansızcasına qətlə yetirildi, yüzlərlə vətəndaş itkin düşdü.  Xalqımıza böyük zərbə vuruldu. Lakin xalq əyilmədi, azğınlaşmış sovet qoşunlarının qarşısında  mübarizliyini, qəhrəmanlığını bir daha nümayiş etdirdi.

Gecənin aparıcıları 1990-cı il 20 Yanvar faciəsini sovet imperiyasının törətdiyi cinayət aksiyası, xalqın milli azadlıq hərəkatını boğmağa yönəlmiş məkrli siyasətin acı nəticəsi olduğunu qeyd etdilər. Şagirdlər ümummilli lider Heydər Əliyevin bu faciənin  dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlərdən danışdılar. Vurğulandı ki, məhz  ulu öndərin  təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildi, şəhidlərin xatirəsi əbədiləşdirildi.

Çıxış edənlər 20 Yanvar faciəsinin səbəb və nəticələri haqqında ətraflı məlumat verdilər. Sonra şagirdlərin hazırladıqları 20 Yanvar faciəsini özündə əks etdirən səhnələr göstərildi. Gecə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüranın sədaları altında filmin nümayişi ilə başa çatdı. 

***

Yanvarın 15-də Bakıdakı 258 nömrəli tam orta məktəbdə "20 Yanvar - tariximizin  qanlı səhifəsi" mövzusunda tədbir keçirildi.   20 Yanvar faciəsinin iyirmi üçüncü  ildönümünə həsr olunmuş mərasimdə öncə respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə məktəbin direktoru Sədaqət Hüseynova açaraq 20 Yanvar hadisələrindən danışdı.

Gecənin aparıcıları qeyd etdilər ki,  20 Yanvar faciəsinə ilk münasibət bildirən məhz ümummilli lider Heydər Əliyev oldu. Yanvarın 21-də Heydər Əliyev özünü və ailəsini təhlükə qarşısında qoyaraq Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə getdi və 20 Yanvar hadisələrinin əsl günahkarlarını bütün dünyaya bəyan etdi. Azərbaycan xalqına başsağlığı verdi. Bu, bütün xalq üçün bir təskinlik, bir ürək-dirək idi. Vurğulandı ki, ulu öndər 1993-cü ildə Azərbaycan xalqının təkidi ilə  ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi  qiymət verildi. 

Çıxış edənlər 20 Yanvar hadisəsindən ürəkağrısı ilə danışdılar. Şagirdlər 20 Yanvar şəhidlərinə həsr olunmuş şeirlər və bayatılar söylədilər.  Tədbirin sonunda 20 Yanvar hadisələrinə həsr olunmuş film nümayiş olundu.

Rəşad ZİYADOV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov