Kanadanın ali təhsil müəssisələrinin bir qrup
nümayəndəsi Lənkəranda olmuşdur. Lənkəran Dövlət
Universitetində (LDU) qonaqlarla görüş keçirilmişdir.
Universitetin rektoru, fizika-riyaziyyat elmləri
doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov
tədbiri açaraq görüşün məqsəd və vəzifələrini
açıqlamışdır.
Kanadanın Toronto Universitetinin professoru Robert
Auistin, Vaterloo Universitetinin professoru İlham
Axundov çalışdıqları ali təhsil müəssisələri haqqında
məlumat vermişlər.
Universitetin elmi işlər üzrə prorektoru Ramiz Şəmmədov,
humanitar elmlər fakültəsinin dekanı, filologiya elmləri
namizədi, dosent Kamran Kazımov məlumat verdilər ki,
Lənkəran Dövlət Universitetinin beynəlxalq əlaqələri
ildən-ilə genişlənir. Qeyd edildi ki, LDU dünyanın
100-dən çox elm və təhsil müəssisəsi ilə əməkdaşlıq
edir. Qonaqlara məlumat verildi ki, LDU müstəqil
Azərbaycan dövlətinin yaşıdıdır və fəaliyyət göstərdiyi
20 il ərzində böyük inkişaf yolu keçərək respublikanın
cənub bölgəsində elm, təhsil və mədəniyyət mərkəzinə
çevrilmişdir.
Kanadanın Toronto Universitetinin tələbələrindən
Z.Parrot, E.Vıitnar, S.Norovik, P.Osnervina, Y.Li
LDU-nun tələbələri ilə fikir mübadiləsi apardılar.
Müzakirədə LDU-nun tələbələrindən Şəhla Adgözəlova,
Sevinc Şirzadova, Uğur Qurbanzadə, ingilis dili
müəllimləri Asudə Abdullayeva, Aynur Bünyadova, Rəfael
Heydərov, Haşım Əkbərov iştirak edərək Azərbaycan
həqiqətlərindən, Qarabağ münaqişəsindən, Azərbaycanda
mədəniyyət və şəxsiyyətin formalaşdırılması, elm və
təhsilin, turizmin inkişafı istiqamətində gedən
işlərdən, milli şəxsiyyətin formalaşması və dünyaya
çıxışında kinonun rolundan danışdılar.
Kanadalı qonaqlar həmin gün Lənkəran Şəhər İcra
Hakimiyyətində də olmuşlar. Şəhər icra hakimiyyətinin
başçısı Taleh Qaraşov qonaqları rayonun sosial-iqtisadi
həyatı ilə tanış etmişdir.
Lənkəranın tarixi və görməli yerləri ilə tanışlıq
qonaqlarda xoş təəssürat oyatmışdır.
Hacı Etibar ƏHƏDOV,
LDU-nun Mətbuat və informasiya xidmətinin rəhbəri
|