Türkiyə Ali Təhsil Şurasının (Yüksək Öyrətim Kurulu)
sədri Gökhan Çetinsayanın rəhbərlik etdiyi nümayəndə
heyəti Azərbaycana işgüzar səfər edib.
Yanvarın 17-də qonaqlar Fəxri xiyabana gələrək ulu öndər
Heydər Əliyevin, görkəmli oftalmoloq alim Zərifə xanım
Əliyevanın məzarlarını, Şəhidlər xiyabanını və Türk
şəhidliyi abidəsini ziyarət etdilər.
Daha sonra səfər çərçivəsində Bakı Dövlət
Universitetində görüş keçirildi. Tədbiri giriş sözü ilə
açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov
Azərbaycan ilə Türkiyənin mehriban qardaşlıq
münasibətlərinin əhəmiyyətindən, iki ölkənin ali təhsil
ocaqlarının mövcud əməkdaşlığından danışdı. Türkiyənin
ali təhsil ocaqları ilə əməkdaşlığa böyük önəm
verildiyini qeyd edən A.Məhərrəmov universitetlərarası
elm, təhsil və innovasiyalar sahəsində ikitərəfli
əməkdaşlığın hər iki tərəf üçün səmərəli olduğunu
vurğuladı. Rektor BDU-nun bir çox universitet
assosiasiyalarına üzvlüyündən, dünyanın aparıcı
ölkələrinin ali məktəbləri ilə ikitərəfli əlaqələrindən
danışdı.
Tədbirdə çıxış edən Türkiyə Ali Təhsil Şurasının (Yüksək
Öyrətim Kurulu) sədri Gökhan Çetinsaya iştirakçıları
salamlayaraq, Azərbaycana gəlişindən böyük məmnuniyyət
hissi keçirdiyini bildirdi. Gökhan Çetinsaya iki ölkənin
təhsil sahəsindəki səmərəli əlaqələrindən söz açdı və bu
əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini
diqqətə çatdırdı.
Sonra təhsil nazirinin müavini Qulu Novruzov çıxış
edərək Azərbaycanla Türkiyə arasında münasibətlərin daha
da inkişaf etdiyini, bu səfərin təhsil sahəsindəki
əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyəti
olacağını bildirdi. Nazir müavini istər tələbə
mübadiləsinin səviyyəsinə, istərsə də elmi əlaqələrinə
görə Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi ölkənin məhz
Türkiyə olduğunu qeyd etdi.
Tədbirdə Bakı Dövlət Universiteti ilə Anadolu və Rəcəb
Tayyib Ərdoğan universitetləri arasında Anlaşma
Memorandumu imzalandı. Qeyd edək ki, memorandumda
tələbə, tədqiqatçı və doktorantların mübadiləsi,
professor və müəllim heyətinin elmi sahədə
ixtisaslarının artırılmasına qarşılıqlı yardım
göstərilməsi, birgə simpozium, seminar və konfransların
təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda
tərəflərin birgə iştirakı nəzərdə tutulur.
Niyazi RƏHİMOV |