Yanvarın
16-da Təhsil Nazirliyində "Azərbaycanda erqoterapiyanın
tədrisi" mövzusunda "dəyirmi masa" keçirilib.
Azərbaycana Birgə Yardım (UAFA) təşkilatının direktoru
Qvendolin Berçel erqoterapiyanın tədrisi haqqında
məlumat verərək Azərbaycanda bu sahədə həyata keçirilmiş
tədbirlərin əhəmiyyətindən bəhs edib. Görülmüş işlər
sayəsində Azərbaycanda erqoterapiya üzrə mütəxəssislərin
hazırlandığını bildirən qonaq bu istiqamətdə nəzərdə
tutulmuş tədbirləri diqqətə çatdırıb.
UAFA təşkilatının meneceri Nuranə Abdullayeva
"Erqoterapiya-reabilitasiyadan real həyata körpüdür"
mövzusunda təqdimat-məruzə ilə çıxış edib.
Erqoterapiyanın xüsusi qayğıya ehtiyacı olan uşaqların
(həmçinin böyüklərin) sosial həyatının inkişafına təkan
verdiyini vurğulayan N.Abdullayeva bu sahə üzrə
ixtisaslı mütəxəssislərin hazırlanmasına diqqət
yetirilməsinin zəruriliyini bildirib. N.Abdullayeva
1998-ci ildən Azərbaycanda fəaliyyət göstərən UAFA
təşkilatının bir sıra ölkələrin müvafiq təcrübəsindən
istifadə etməsi və xüsusi qayğıya ehtiyacı olan
uşaqların digər həmyaşıdları ilə birgə təhsilinin
təşkili işinin təfərrüatları barədə ətraflı məlumat
verib, iştirakçıları maraqlandıran sualları
cavablandırıb.
Təhsil naziri Misir Mərdanov Azərbaycanda fəaliyyət
göstərən internat məktəblərində və uşaq evlərində xüsusi
qayğıya ehtiyacı olan uşaqların inkişafı ilə bağlı əldə
olunmuş təcrübədən söhbət açıb. "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların
ailələrə verilməsi (De-institusionalizasiya) və
alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci
illər)"nın icrası və inklüziv təhsil layihəsi
çərçivəsində görülmüş işlərin əhəmiyyətinə toxunan nazir
UAFA təşkilatının fəaliyyətinə hərtərəfli dəstək
veriləcəyini, birgə əməkdaşlığın genişləndiriləcəyini
söyləyib.
Təhsil Nazirliyinin şöbə müdirləri Aydın Əhmədov, İlham
Mustafayev və Fərzəli Qədirov, Təhsil Nazirliyi nəzdində
De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi
Məlahət Hacıyeva, UAFA təşkilatının əməkdaşı Ülviyyə
Mirzəyeva, Bakı Avropa Liseyinin direktoru Zülfiyyə
Veysova, Bakı Dövlət Universitetinin kafedra müdiri Rəna
İbrahimbəyova, 4 nömrəli Respublika xüsusi internat
məktəbinin nəzdindəki "Reabilitasiya-inkişaf mərkəzi"nin
meneceri Yeganə Məmmədəliyeva və başqaları Azərbaycanda
erqoterapiyanın tədrisi barədə fikirlərini bildirib,
müvafiq təkliflərlə çıxış ediblər.
Təhsil naziri Misir Mərdanov Azərbaycanda
erqoterapiyanın tədrisi işinin genişləndirilməsi üçün
müvafiq işçi qrupunun yaradılması və Fəaliyyət Planının
hazırlanmasının zəruriliyini nəzərə çatdırıb. Nazir bu
sahə üzrə ixtisaslı mütəxəssis hazırlığına başlanması
üçün konkret tədbirlərin müəyyənləşdirilməsi barədə
fikirlərini söyləyib və UAFA təşkilatı ilə əməkdaşlığın
səmərəli nəticələr verəcəyinə inandığını bildirib. |