Yanvarın
12-də Təhsil Nazirliyində Akkreditasiya Şurasının
növbəti iclası keçirilib.
İclasda Bakı şəhər 164 nömrəli tam orta məktəb, Quba
şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey,
Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü
məktəb-lisey və Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin
akkreditasiyasının nəticələri müzakirə olunub.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə
açaraq ümumi təhsil müəssisələrinin akkreditasiyasının
ilk dəfə aparıldığını qeyd edib və təhsilin
keyfiyyətinin yüksəldilməsi baxımından bu istiqamətdə
həyata keçirilən tədbirlərin əhəmiyyətinə toxunub.
Bakı şəhər 164 nömrəli tam orta məktəbdə aparılmış
akkreditasiyanın nəticələri barədə məlumat verən həmin
müəssisə üzrə Akkreditasiya Komissiyasının sədri Bəhram
Şiriyev bu təhsil ocağının ümumi fəaliyyəti barədə
fikirlərini bildirib. B.Şiriyev 164 nömrəli tam orta
məktəbdə tədrisin təşkili, təhsil müəssisəsinin pedaqoji
kollektivi və şagird kontingenti, məzunların ali
məktəblərə qəbulu, eləcə də digər bu kimi məsələlərdən
söz açıb.
Quba şəhər 2 nömrəli Təbiət fənləri təmayüllü
məktəb-lisey üzrə Akkreditasiya Komissiyasının sədri
Nizami Əzizov qeyd olunan müəssisədə aparılmış araşdırma
barədə məlumatı nəzərə çatdırıb. N.Əzizov Quba şəhər 2
nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin
fəaliyyəti, pedaqoji heyəti, maddi-texniki bazası
haqqında danışıb, habelə liseyin fəaliyyətinin statusuna
uyğunluğu göstəricilərini qeyd edib.
Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü
məktəb-lisey üzrə Akkreditasiya Komissiyasının sədri
Qurban Həsənov təqdimat-məruzəsində liseyin fəaliyyəti,
şagirdlərin bilik səviyyəsi, təhsil müəssisəsinin
maddi-texniki təminatı haqqında məlumat verib,
ümumilikdə akkreditasiyanın nəticələrindən söz açıb.
Lənkəran şəhər 6 nömrəli məktəb-liseyi üzrə
Akkreditasiya Komissiyasının sədri Nizami Novruzov
tədris ocağında aparılmış araşdırmaya dair məlumat
verib. N.Novruzov liseydə təhsilin səmərəli təşkili
baxımından yaradılmış şərait, tədris ocağının
maddi-texniki bazası, təhsilin məzmunu, məzunların ali
məktəblərə qəbul göstəricilərindən bəhs edib və
Akkreditasiya Komissiyasının təkliflərini nəzərə
çatdırıb.
Sonra qeyd olunan təhsil müəssisələri üzrə aparılmış
akkreditasiyanın nəticələri barədə iclas iştirakçılarını
maraqlandıran suallar cavablandırılıb.
Təhsil naziri orta ümumi təhsil müəssisələrində
aparılmış akkreditasiya ilə bağlı fikirlərini bildirib,
müvafiq tövsiyə və tapşırıqlarını verib.
İclasda Bakı şəhər 164 nömrəli tam orta məktəb və
Lənkəran şəhər 4 nömrəli humanitar fənlər təmayüllü
məktəb-liseyin fəaliyyətinin "yaxşı", Quba şəhər 2
nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey və
Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin fəaliyyətinin
isə "kafi" qiymətləndirilməsi, qeyd olunan təhsil
müəssisələrinin akkreditə olunması barədə qərar qəbul
edilib. |