Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Təhsil
Nazirliyi təhsildə informasiya texnologiyalarının
tətbiqi ilə bağlı növbəti müsabiqə elan etmişdir. "1
şagird-1 kompüter" müsabiqəsinin keçirilməsində əsas
məqsəd İKT əsaslı fərdiləşmiş təhsilin formalaşması, "1
şagird-1 kompüter" layihəsi çərçivəsində netbukların
daha səmərəli istifadəsinə hazır olan müəllimlərin və
məktəblərin seçilməsidir. Bu layihənin Təhsil
Nazirliyinin tabeliyində olan ümumi təhsil
müəssisələrinin rəhbərləri və müəllimləri arasında hər
il keçirilməsi qərara alınmışdır. Müsabiqə çərçivəsində
qalib gəlmiş müəllimlərin tədris apardığı bir sinfin
şagirdlərinin hər biri netbuklarla təmin olunacaq.
Müsabiqə iki mərhələdə keçiriləcək. Təqdim edilmiş
layihələrin qiymətləndirmə meyarları layihənin tədris
məqsədləri üçün praktik əhəmiyyəti, metodik baxımdan
işlənmə səviyyəsi, materialların texniki-texnoloji
cəhətdən rahat, aydın və anlaşıqlı təsviridir.
Müsabiqə üzrə məlumatlar
www.musabiqe.edu.az veb
səhifəsində yerləşdirilmişdir. Müsabiqədə iştirak etmək
istəyənlər layihələrini 8 fevral tarixinədək təqdim edə
bilərlər.
Təhsil Nazirliyinin Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin rəisi Samir
Məmmədovun sözlərinə görə, məktəblərə netbukların
verilməsinin müsabiqə formatına keçirilməsi Azərbaycanın
təhsil sistemində ilk təcrübədir. Bu format
texnologiyalara daha böyük maraq göstərən təhsil
müəssisəsinə "1 şagird - 1 kompüter" layihəsi
çərçivəsində netbukların verilməsini nəzərdə tutur və
müəllimləri İKT biliklərini tədris prosesində tətbiq
etməyə motivasiyalaşdırır. "1 şagird - 1 kompüter"
layihəsi çərçivəsində verilən netbukların sayı məhdud
olduğu üçün Təhsil Nazirliyi müsabiqə formatına keçid
barədə qərar vermişdir. Təcrübə uğurlu olarsa, sayı
məhdud olan digər texnoloji avadanlıqların da müsabiqə
yolu ilə məktəblərə verilməsi istisna deyil.
Qeyd etmək lazımdır ki, artıq "1 şagird-1 kompüter"
layihəsi çərçivəsində Azərbaycanın 15 ümumtəhsil
müəssisəsinə təmənnasız olaraq 2077 netbuk verilmişdir.
Şagirdlər bu netbuklardan həm məktəbdə, həm də evdə
istifadə edirlər. Netbuklar həmçinin genişzolaqlı simsiz
İnternet modemləri və təhlükəsiz İnternet paketi ilə
təchiz olunmuşdur.
Hicran ƏKBƏROVA |