| 
						
						 Azərbaycanın 
						birinci xanımı Mehriban Əliyeva sərginin açılışında 
						iştirak edib. 
						
						Yanvarın 14-də Heydər Əliyev Fondunun və Müasir 
						İncəsənət Muzeyinin birgə layihəsi əsasında Nizami rayon 
						1 nömrəli uşaq evinin sakinlərinin əl işlərindən ibarət 
						"Bacarıqlı əllərin böyük işləri" adlı sərgi açılmışdır. 
						
						AzərTAc xəbər verir ki, sərginin Müasir İncəsənət 
						Muzeyində keçirilən açılış mərasimində Azərbaycanın 
						birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti 
						Mehriban Əliyeva, qızları - Heydər Əliyev Fondunun 
						vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak 
						etmişlər. 
						
						Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın 
						təşəbbüsü ilə reallaşan sərgidə 10-18 yaşlı 30 istedadlı 
						uşağın ümumilikdə 140 əl işi nümayiş olunur. Bu sənət 
						nümunələri 300-dən çox işin arasından seçilmişdir. Bu 
						əsərlərin əksəriyyəti xarici ölkələrdə sərgilənmişdir. 
						
						Tədbirdə çıxış edən Nizami rayonundakı 1 nömrəli uşaq 
						evinin direktoru Nərminə Zöhrabova sərginin 
						təşkilatçılarına minnətdarlığını bildirmişdir.  
						Ölkəmizdə uşaqlara göstərilən dövlət qayğısından söz 
						açan N.Zöhrabova belə sərgilərin istedadlı uşaqların üzə 
						çıxması baxımından böyük əhəmiyyət daşıdığını 
						vurğulamışdır. 
						
						Bildirilmişdir ki, Heydər Əliyev Fondu ilə Müasir 
						İncəsənət Muzeyinin birgə layihəsi əsasında reallaşan 
						belə sərgilər digər uşaq evlərinin istedadlı 
						sakinlərinin də aşkara çıxarılmasına yardımçı olacaqdır. 
						
						Xüsusi vurğulanmışdır ki, Azərbaycan Prezidenti İlham 
						Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva 
						uşaqların hər cür qayğı ilə əhatə olunması, onların 
						müasir vətəndaş kimi yetişməsi məsələsinə xüsusi diqqət 
						yetirirlər. Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın 
						gələcəyini təmin edəcək sağlam ruhlu, müasir düşüncəli 
						gənclər yetişdirmək üçün uğurlu layihələr həyata 
						keçirilir. 
						
						Hazırda uşaq evində 140 uşaq və yeniyetmənin yaşadığı 
						diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, onların 
						500-dən çox əl işi vardır. 
						
						Sonra sərgiyə baxış keçirilmişdir.  Uşaq evinin 
						istedadlı sakinlərinin yaratdıqları bir-birindən maraqlı 
						əl işlərində Azərbaycanın füsunkar təbiətinin 
						gözəllikləri, xalqımızın başına gətirilmiş faciələr, 
						qədim tarixi abidələrimiz, nağıl qəhrəmanları və digər 
						mövzular öz əksini tapmışdır. Balaca rəssamların Vətənə 
						sevgi dolu bu işləri hər kəsdə böyük maraq doğurmuşdur. 
						Elə bu səbəbdən də sərginin açılış mərasimində iştirak 
						edən qonaqlar nümayiş olunan əsərləri heyranlıqla 
						izləmişlər. 
						
						Uşaqlara yeni yaradıcılıq uğurları arzulayan 
						Azərbaycanın birinci xanımı Mehriban Əliyeva onların 
						qayğıları ilə maraqlanmış və öz tövsiyələrini vermişdir. 
						
						Sonra 1 nömrəli uşaq evinin sakini Nahid Sarıyev özünün 
						"Abşeron" əsərini Mehriban xanım Əliyevaya təqdim 
						etmişdir. 
						
						Sərgi yanvarın 28-dək davam edəcəkdir.  |