| 
						
						Zəngin ənənələrə malik çoxəsrlik Azərbaycan poeziyasının 
						tanınmış nümayəndəsi Məhsəti Gəncəvinin ədəbiyyatımız 
						tarixində özünəməxsus yeri vardır. Onun yaratdığı söz 
						sənəti nümunələri insanı ucaldan yüksək bəşəri duyğular, 
						nikbin ruh və dərin lirizmlə səciyyələnərək geniş şöhrət 
						tapmış, sonrakı dövrlərdə bədii zövqün formalaşmasına 
						mühüm təsir göstərmişdir. Şairənin ədəbi şəxsiyyəti 
						yaradıcı Şərq qadınının fikir və mənəvi azadlığının 
						parlaq təcəssümü kimi Qərb şərqşünaslarının əsərlərində 
						çox yüksək dəyərləndirilmişdir. Məhsəti Gəncəvinin 
						yaradıcılığının 900 illik yubileyi YUNESKO-nun görkəmli 
						şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd olunması 
						proqramına daxil edilmişdir. 
						
						Azərbaycan poeziyasının inkişafına töhfələr vermiş şairə 
						Məhsəti Gəncəvinin yaradıcılığının 900 illik yubileyinin 
						qeyd olunmasını təmin etmək məqsədi ilə Azərbaycan 
						Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci 
						bəndini rəhbər tutaraq 
						
						  
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
						Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi 
						və Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Şəhər İcra 
						Hakimiyyəti ilə birlikdə, Azərbaycan Yazıçılar 
						Birliyinin təkliflərini nəzərə almaqla, Məhsəti 
						Gəncəvinin yaradıcılığının 900 illik yubileyinə həsr 
						olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 
						
						2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu 
						sərəncamdan irəli gələn məsələləri həll etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 16 yanvar 2013-cü il
 |