Bu günlərdə 17 nömrəli tam orta məktəbdə "Azərbaycan
tarixi fənn aylığı" çərçivəsində tədbirlər keçirilib.
"Açıq dərs"lər və müəllimlərin mühazirələri dinlənilib.
Aylıq çərçivəsində məktəbdə baş tutan növbəti tədbir isə
"Qarabağın səsi" adlı bədii gecə olub. Gecədə
Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın
müdafiəsində şəhid olmuş vətən oğullarının əziz xatirəsi
bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa
olunub. Üçrəngli Dövlət bayrağımız təntənəli şəkildə
səhnəyə gətirilib. Tədbiri giriş sözü ilə açan gecənin
aparıcıları Qarabağ hadisələrindən ürəkağrısı ilə
danışaraq münaqişənin ilk illərində ölkədə olan
siyasi özbaşınalıqlardan söz açıblar. Bildiriblər ki,
yalnız müasir Azərbaycanın qurucusu, xalqın xilaskarı,
ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra
Azərbaycanda hərc-mərcliyə, özbaşınalığa son qoyularaq
xalqımız əmin-amanlığa qovuşdu.
Məktəbin direktoru Bədəl Bədəlov "Azərbaycan tarixi fənn
aylığı" çərçivəsində təhsil ocağında görülən işlərdən
danışıb. Qeyd edib ki, aylığa aid məktəbdə 120 referat
yazılıb, 36 divar qəzeti buraxılıb, 11 "açıq dərs"
keçirilib. Şagirdlər arasında "Qarabağ problemi
uşaqların gözü ilə" müsabiqəsi aparılıb. Müsabiqədə
qalib seçilən şagirdin işi rayon müsabiqəsinə
göndərilib.
Sonra söz məktəbin istedadlı şagirdlərinə verildi. Onlar
Qarabağın təbiəti, coğrafi ərazisi, təbii sərvətləri
haqqında geniş məlumat veriblər, "Qarabağ şikəstəsi"ni
məharətlə ifa ediblər, şeirlər söyləyib, müxtəlif rəqs
nömrələri ilə iştirakçıların diqqətini cəlb ediblər.
Tədbirdə iştirak edən tarix elmləri doktorları Qasım
Hacıyev, Camal Mustafayev, Azərbaycan Milli Elmlər
Akademiyası Tarix İnstitutunun şöbə müdiri Hacı Həsənov
və digər qonaqlar çıxışlarında Azərbaycan tarixinin
müxtəlif mərhələlərindən danışıblar. Gecənin sonunda
Qarabağa aid film nümayiş olunub.
Rəşad RAMAZANOĞLU |