Bakının
Buzovna qəsəbəsindəki 26 nömrəli tam orta məktəbdə
"V siniflərdə kurikulumun tətbiqi" mövzusunda
elmi-praktik konfrans və "açıq dərs"lər keçirildi.
Tədbirdə Təhsil Problemləri İnstitutunun, Bakı Şəhəri
üzrə Təhsil İdarəsinin Sabunçu-Xəzər rayonları üzrə
metodik bölməsinin nümayəndələri, qonşu
məktəblərin direktorları, KİV əməkdaşları və başqa
qonaqlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə
məktəbin direktoru Natiq Səmədov açaraq bildirdi ki,
rəhbərlik etdiyi təhsil ocağında belə tədbirlərin və
"açıq dərs"lərin təşkili artıq ənənəvi hal
alıb. Bu gün "V siniflərədə kurikulumun tətbiqi"
mövzusunda keçirilən elmi-praktik konfrans və "açıq
dərs"lərin təşkili buna əyani sübutdur.
Əvvəl qonaqlar məktəbdə təşkil olunmuş şagirdlərin
əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra
"Söz xəzinədir" adlı sinifdənxaric tədbir keçirildi.
Müəllimlər V siniflər üzrə bölünərək
eyni vaxtda V "ç" sinfində Şəlalə Şahəliyevanın
ədəbiyyatdan Zəlimxan Yaqubun "Qara xəbərin acısı", V
"c" sinfində Adilə Mehrəliyevanın riyaziyyatdan "Onluq
kəsrlərin müqayisəsi", V "ğ" sinfində Mehriban
Abazovanın riyaziyyatdan "Onluq kəsrlər", V "f" sinfində
Gülyaz Dadaşovanın Azərbaycan tarixindən "Gülüstan
qalası, yoxsa Azərbaycan", V "a" sinfində Sevil
Əmirovanın həyat bilgisindən "Təbiətdəki cism və
maddələr", V " b" sinfində Mehriban Rəhimovanın
informatikadan "Kompüterdə şəkil çəkirəm", V "e"
sinfində Ayşən Babayevanın ingilis dilindən "
Pinocchio" can modal feli, V "d" sinfində
Rəfail Həşimovun fiziki tərbiyədən "Bədənin əyilmə
qabiliyyətinin təkmilləşdirilməsi", V "ə" sinfində
Gülarə İmaməliyevanın təsviri incəsənətdən "Milli
memarlıq abidələri" və V(rus bölməsi) sinifdə Gülnar
Binaktarinin təsviri incəsənətdən "Milli memarlıq
abidələri" mövzularında keçdikləri "açıq dərs"lərdə
iştirak etdilər.
"Dəyirmi masa" arxasında iştirakçılar tərəfindən
"açıq dərs"lərin təhlili aparıldı. Müzakirələr
zamanı Təhsil Problemləri İnstitutunun
əməkdaşlarından Akif Əliyev, Ramiz Hüseynov, Sahib
Məcidov, Ceyhun Məmmədyarov, Günay Mirzəzadə, Bakı
Şəhəri üzrə Təhsil İdarəsinin Sabunçu-Xəzər
rayonları üzrə metodik bölməsinin müdiri Alı Məmmədov
və digər çıxış edənlər bildirdilər ki,
"açıq dərs"lər metodiki baxımdan Milli
Kurikulumların tələb etdiyi standartlar əsasında
yüksək səviyyədə keçdi. Dərs prosesində
şagirdlərin fəallığı təmin edildi və müəllimlər
keçdikləri mövzuya dair əyani vəsaitlərdən
bacarıqla istifadə etməklə bərabər,
fənlərarası inteqrasiyaya geniş yer verdilər. Nəticədə
şagirdlər yeni dərsdə daha çox fəallıq göstərdilər. Bəzi
iradlar və metodik tövsiyələr də müəllimlərin diqqətinə
çatdırıldı.
Eyni zamanda bu tədbirdə məktəbin Azərbaycan dili və
ədəbiyyat müəllimi, əməkdar müəllim Tamilla Muradovanın
"Şagird şəxsiyyətinin formalaşmasında kurikulumun rolu",
tarix müəllimi Elçin Əliyevin "Tarix dərslərində
fənlərarası inteqrasiya" və ingilis dili müəllimi Ulduzə
Babayevanın "Şagird nailiyyətlərinin qiymətləndirilməsi"
mövzusunda çıxışları oldu.
"Açıq dərs"lərin müzakirəsi diskussiya şəklində başa
çatdı.
Şakir CƏFƏROV |