Uzun illər Goranboy rayonunun Səfikürd kənd tam orta
məktəbində ibtidai sinif müəllimi işləmiş, hazırda
təqaüddə olan pedaqoq, el ağsaqqalı Kərim Kərimovun
dekabrın 8-də 75 illik yubileyi keçirildi. Səfikürd kənd
mədəniyyət evində kənd icra nümayəndəliyinin təşkil
etdiyi yubiley mərasimində Kərim müəllimin keçmiş
şagirdləri, ziyalılar, həmkarları, icra orqanlarının
nümayəndələri və digər qonaqlar iştirak edirdilər.
Tədbirdə çıxış edənlər Kərim müəllim ilə bağlı
xatirələrini söylədilər. Mərasimi mədəniyyət evinin
musiqi kollektivinin rəngarəng musiqi nömrələri daha
da maraqlı etdi.
44 illik pedaqoji fəaliyyəti dövründə Kərim müəllimin
yetişdirdiyi şagirdlər arasında xeyli həkim, müəllim,
memar, mühəndis və digər sahələr üzrə mütəxəssislər
vardır. Qeyd edək ki, ötən il onun şagirdlərindən olan
Aslan Əkbərov 641 balla Goranboy rayonu üzrə ən yüksək
nəticə əldə edərək Azərbaycan Tibb Universitetinin
stomatologiya fakültəsinə daxil olmuşdur.
Yubilyarı təbrik edənlər arasında ad günü onunla bir
günə təsadüf edən biologiya üzrə fəlsəfə doktoru Məftun
Ələsgərovun, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının magistri, şahmat üzrə idman ustalığına
namizəd Elnur Həsənovun, el ağsaqqalı, müdrik pedaqoq
Nurəddin Şirinovun, o cümlədən hazırda respublikamızın
müxtəlif ali məktəblərində təhsil alan tələbələrin
çıxışları maraqla qarşılandı. Keçmiş sinif
yoldaşlarından Bəkir Hüseynov, Bayram İsmayılov,
müəllim yoldaşlarından Natiq Kərimov, Taryel Aşurov,
Pünhan Muradova, Magelson Şərifov, Sərfinaz Musayeva və
başqaları da çıxış edib yubilyara xoş arzularını
bildirdilər.
Sonda Kərim müəllim tədbir iştirakçılarına öz dərin
təşəkkürünü bildirdi, ona ünvanlanmış sualları
cavablandırdı, gənclərə tövsiyələrini verdi.
Ən böyük mükafatı el-oba məhəbbəti olan Kərim müəllim
2011-ci ildən təqaüdə çıxmışdır.
Yusif ABBASOV,
Goranboy rayonu Səfikürd kənd tam orta
məktəbinin riyaziyyat-informatika müəllimi |