Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

İbtidai sinif müəllimləri mütəxəssislərlə görüşdülər

 

Bu günlərdə Təhsil Problemləri İnstitutunun əməkdaşlarının iştirakı ilə məktəbimizdə tədbir keçirildi. Məktəbin akt zalında keçirilən görüşdə I-V siniflərdə dərs deyən müəllimlər və həmin siniflərdə oxuyan şagirdlər, valideynlər və digər qonaqlar iştirak edirdi. 

Görüşün məqsədi məktəbdaxili qiymətləndirmənin necə aparılmasını anlatmaq, valideynlərlə maarifləndirmə işləri aparmaq, formativ qiymətləndirmə jurnallarının düzgün yazılma qaydalarını müəllimlərin nəzərinə çatdırmaq, kurikulumla tədris zamanı müəllimlərin qarşılaşdıqları suallara aydınlıq gətirməkdən ibarət idi.

Tədbirdə çıxış edən Təhsilin Humanistləşdirilməsi İctimai Birliyinin sədri Elxan Cəfərov bildirdi ki, ənənəvi qiymətləndirmənin nəticələri rəqəmlərlə ifadə olunduğundan ziddiyyətli hallar yaranır. Belə ki, eyni vaxtda hər iki şagird "5" ilə qiymətləndirilərsə, onlardan biri həqiqi "5", digəri isə fərqləndirici "5" qiymət ala bilər. Bu zaman qiymətləndirmədə ədalətlilik prinsipi pozulur. Formativ qiymətləndirmə baxımından həqiqi "5" qiymət alan şagird təqdir edilməli və dəstəklənməli, rəğbətləndirici "5" qiyməti alan şagirdə isə dönüş yaratması üçün vasitələr axtarmalı, ona tövsiyələr verilməlidir. Gündəlikdə qeyd olunan bu fikirlər müəllimlə valideyn arasında mühüm bir əlaqədir. Ona görə ki, valideyn bu fikirlə tanış olur, övladının mövzunun hansı hissəsini tam və müəyyən hissəsini nisbətən zəif mənimsəməsini konkret bilir.

Görüşdə çıxış edən valideyn Cəmilə Qocalı bu təlim üsulunun ənənəvi təlim üsulundan üstün cəhətlərini qeyd edərkən bildirdi ki, indi şagird daha fəal və özünə inamlı olur. Qruplarla iş zamanı yoldaşlarını dinləyir, razılaşır, kollektivçilik ruhunda tərbiyə olunur. Bu isə gələcəkdə şagirdlərin bir-biri ilə daha çox ünsiyyətdə olmalarına gətirib çıxarır.

Çıxışlar zamanı ibtidai sinif müəllimləri formativ qiymətləndirmə jurnallarında mövzularla bağlı standartların seçilməsində bəzi çətinliklərlə qarşılaşdıqlarını, bununla əlaqədar onlara köməklik göstərilməsini xahiş etdilər. Bu haqda təlimçi Məlahət Əliyeva bildirdi ki, mövzu yazılarkən qarşıya standartlar (məqsədlər) qoyulur. Bu zaman bir üst-standart və onun alt-standartlarından istifadə olunur, qiymətləndirmə də bu standartlar əsasında aparılır. Əgər şagird seçilmiş standartlardan hamısını mənimsəyirsə, ən yüksək səviyyədə qiymətləndirilir. Standartlardan birini zəif qavrayan şagird orta səviyyə ilə və s. qiymətləndirilir.

Formativ qiymətləndirmə jurnallarında yazılan qiymətlərlə gündəlikdə yazılan qiymətlər üst-üstə düşməlidir. Bu da valideynlə müəllim arasında bir körpüdür.

Həmin gün məktəbimizin müəllim və valideynləri qarşılıqlı anlaşma şəraitində keçən bu görüşdən yüksək səviyyədə faydalandıqlarına görə dəvət olunmuş mütəxəssislərə öz təşəkkürlərini bildirdilər. 

Mətanət MEHBALIYEVA,
Bakıdakı 249 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov