Bakıdakı
263 nömrəli tam orta məktəbdə XIX əsr ədəbiyyatımızın
qüdrətli nümayəndələrindən biri olan Xurşidbanu
Natəvanın anadan olmasının 180 illiyinə həsr olunmuş
ədəbi-bədii tədbir keçirilmişdir. Tədbirdə şairin vətəni
Şuşadan olan məktəblilər də iştirak etmişlər.
Tədbirin aparıcıları X "ç" sinif şagirdi Aytac Məsimova
və XI "a" sinif şagirdi Fərid Hacıyev şairin
ədəbiyyatımızdakı mövqeyini göstərən sözlərlə mərasimi
açmış və meydanı məktəbin istedadlı şagirdlərinə
vermişlər. Tədbirdə şairin həyat və yaradıcılığı
haqqında geniş məlumat verilmiş, əsərlərindən parçalar
səsləndirilmişdir. XI "a" sinif şagirdi Ceyhun
Güləliyev, VIII "c" sinif şagirdləri Aytən Bəhrəmova,
Nuran Musalı, VI "d" sinif şagirdi Aynur Abbasova və
başqaları şairin daha çox yayılmış "Könlüm", "Getmə",
"Getdi" və s. şeirlərini ifa etmişlər. VI "ç" sinif
şagirdi Rəna Nəhmətova isə şairə həsr etdiyi "Xurşidbanu
Natəvan" şeirini söyləmişdir.
Tədbirdə şagirdlərin ifasında mahnı nömrələri də maraqla
qarşılanmışdır. X "d" sinif şagirdi Nərmin Orucovanın,
XI "c" sinif şagirdi Rəşad Hüseynovun, XI "a" sinif
şagirdi Fərid Hacıyevin, X "ç" sinif şagirdi Günel
Babayevanın görkəmli yazıçımız İlyas Əfəndiyevin
"Xurşidbanu Natəvan" əsərindən təqdim etdikləri səhnə
isə ədəbi-bədii gecənin ən maraqlı anlarından olmuşdur.
12 nömrəli Şuşa məktəbinin bir qrup şagirdi tədbirdə
iştirakçılara öz şeir və mahnı töhfələrini vermişlər.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimlərindən
Sevinc Həsənova Natəvanın obrazını səhnədə canlandırmış,
Çiçək Əliyeva isə "Xurşidbanu Natəvanın əl işi"
mövzusunda çıxış etmişdir. Şagirdlərdən Nüşabə
Kərimovanın ifasında "Qarabağ şikəstəsi", "Neyçin
gəlməz", Leyla Əliyevanın ifasında "Şuşanın dağları"
mahnıları da tədbir iştirakçılarında xoş ovqat
yaratmışdır.
Tədbirə yekun vuran məktəbin direktoru Nəsimi Abbasov
müəllim və şagirdlərin çıxışlarını yüksək
qiymətləndirmiş, onlara və bu işdə daha çox əməyi olan
Azərbaycan dili və ədəbiyyat müəllimlərinə, xüsusən də
Ənvər Müsrüdə təşəkkürünü bildirmişdir.
Mərasimə dəvət olunmuş qonaqlar - Şuşa Rayon Təhsil
Şöbəsinin baş məsləhətçisi, şair-publisist Əyyub
Şırlanlı, hərb tarixinin tədqiqatçısı,
polkovnik-leytenant Şəmistan Nəzirli, "Savalan"
qəzetinin baş redaktoru Eldar Əliyev, Bakı Şəhəri üzrə
Təhsil İdarəsi Metodmərkəzinin Xətai-Suraxanı metodik
bölməsinin Azərbaycan dili və ədəbiyyat üzrə metodisti
Lətafət Məmmədova da tədbirdən çox razı qaldıqlarını
söyləmiş, məharətli çıxışlarına, Natəvan haqqında dolğun
məlumat verdiklərinə, şairə öz məhəbbətlərini nümayiş
etdirdiklərinə görə müəllim və şagirdlərə
minnətdarlıqlarını bildirmiş, tədbirdən böyük zövq
aldıqlarını qeyd etmişlər.
Yusif ƏLİYEV |