4 nömrəli Bakı Peşə Liseyində Azərbaycan Respublikası
Vergilər və Təhsil nazirliklərinin birgə təşkilatçılığı
ilə növbəti vergi tədris otağının açılışı oldu.
Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov tədbiri
açaraq peşə liseylərində vergi tədris otaqlarının
yaradılmasının əhəmiyyəti barədə danışdı.
Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin
müdiri Namiq Məmmədov 4 nömrəli Bakı Peşə Liseyində
də vergi tədris otağının yaradılmasını yüksək
qiymətləndirdi. Bildirildi ki, vaxt olacaq, liseydə
oxuyanlar arasından bir qrup sahibkar yetişəcək. Bu
vergi tədris otağında qazandıqları biliyə görə həmin
sahibkarlar problemlər qarşısında qalmayacaq və öz
fəaliyyətlərini qanun çərçivəsində qura biləcəklər.
Şöbə müdiri bu gün liseydə işləyən hər bir müəllim və
tələbəyə vergi tədris otağının imkanlarından maksimum
istifadə etməyi arzuladı. N.Məmmədov digər peşə təhsili
müəssisələrində də bu cür vergi tədris otaqlarının
yaradılmasının vacibliyini vurğuladı.
Tədbirdə Nizami Rayon İcra Hakimiyyətinin şöbə müdirləri
Əli Axundov, Rəşad Hüseynov, Vergilər Nazirliyinin
Vergi ödəyicilərinə xidmət idarəsinin monitorinq
şöbəsinin rəisi Azər Şirinov, Bakı Şəhər Vergi
Departamentinin Vergi Ödəyicilərinə Xidmət İdarəsinin
rəisi Elman Dadaşov və başqaları yaradılmış vergi tədris
otağının fəaliyyəti ilə əlaqədar öz fikirlərini
bildirdilər.
Sonda 4 nömrəli Bakı Peşə Liseyinin direktoru Alik
Allahverdiyev və liseyin müəllimi Nailə Babayeva çıxış
edərək hər iki nazirliyin rəhbərliyinə yaradılmış
şəraitə və diqqətə görə pedaqoji kollektiv adından
minnətdarlıq etdilər.
Şakir CƏFƏROV |