Azərbaycan Dillər Universitetində qış imtahan
sessiyasına start verildi. ADU-nun rektoru, Milli
Məclisin deputatı, professor Səməd Seyidov 2012-2013-cü
tədris ilinin qış imtahan sessiyasının müvafiq
təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin
etmək məqsədilə müvafiq əmr imzalayıb. Qiyabi şöbədə
sessiya müddəti yanvarın 7-dən fevralın 14-nə qədər
müəyyən edilib. Qış imtahan sessiyası 5 fakültənin (tərcümə,
fransız-alman dilləri filologiya, regionşünaslıq və
beynəlxalq münasibətlər) əyani, 1 saylı ingilis dili
fakültəsinin əyani və qiyabi şöbələrində, 2 saylı
ingilis dili fakültəsinin isə əyani və axşam şöbələrində
aparılır.
Qış imtahan sessiyası dövründə yarana biləcək neqativ
halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək,
habelə sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə
kömək etmək məqsədilə operativ qərargah da yaradılıb.
Tədris binalarında sessiya ilə bağlı yazılı müraciətləri
və təklifləri qəbul etmək üçün müvafiq qutular qoyulub.
Fakültə dekanları və kafedra müdirlərinə tapşırılıb ki,
imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun
təşkil olunmasını təmin etsinlər. Tədris hissəsinə isə
fakültələrdə imtahan yazı işlərinin kodlaşdırılmasını
təmin, həmçinin bütün fakültələr üzrə imtahan
sessiyasının vahid təqvim cədvəlini hazırlayıb müvafiq
nəzarət qurumlarına təqdim etmək tapşırılıb. Əmrdə
imtahan sessiyası dövründə, bir qayda olaraq, imtahan
nəzarətçiləri və fənn müəllimləri ilə hər bir imtahandan
əvvəl müvafiq izahat işlərinin aparılması əks olunur.
Bildirilir ki, imtahanların təşkili və keçirilməsi ilə
bağlı əsasnamə və təlimatları, habelə ADU üzrə əmrlərin
tələblərini pozan şəxslər barədə tədbirlər görüləcək.
Operativ qərargahın üzvləri filologiya fakültəsində
keçirilən jurnalist etikası, pedaqogika-1 və
üslubiyyat fənlərindən keçirilən imtahanların gedişini
izləyiblər.
Qeyd edək ki, ADU-nun filologiya fakültəsinin
jurnalistika ixtisasının tələbələri jurnalist etikası
fənnindən ilk imtahanlarını veriblər.
ADU-nun Mətbuat xidməti |