Dekabrın
29-da Azərbaycan Müəllimlər İnstitutunda 31 dekabr -
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə
tədbir keçirildi. Tədbirin əvvəlində Dövlət himni
səsləndirildi. İnstitutun tədris işləri üzrə prorektoru,
dosent Razim Məmmədov giriş sözü ilə çıxış edərək
ümummilli lider Heydər Əliyevin dünya
azərbaycanlılarının birliyinin zəruriliyini nəzərə
alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının
Həmrəylik Günü kimi elan etməsindən danışdı. Artıq 21
ildir ki, 31 dekabr tarixi Dünya Azərbaycanlılarının
Həmrəylik Günü kimi bayram olaraq qeyd edilir. Dosent
R.Məmmədov əsas məqsədi azərbaycançılıq ideologiyası,
Vətənə bağlılıq duyğularının daha da genişlənməsi və
dərinləşməsindən ibarət olan və ulu öndər Heydər Əliyev
tərəfindən təsis olunmuş bu əlamətdar gün və yeni, 2013-cü
ilin gəlişi münasibətilə institutun rektoru, Milli
Məclisin deputatı, professor Aqiyə Naxçıvanlının adından
tədbir iştirakçılarını təbrik etdi.
İxtisasartırma və yenidənhazırlanma fakültəsinin dekanı
Telman Haqverdiyev, təhsilin idarə edilməsi kafedrasının
müdiri, professor Ramiz Məmmədzadə, ibtidai və
məktəbəqədər təhsilin metodikası kafedrasının müdiri,
YAP-ın AMİ ilk partiya təşkilatının sədri, professor
Mircəfər Həsənov tədbirdə çıxış etdilər. Professor
M.Həsənov Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə
partiya biletlərini təqdim etdi.
Çıxışlarda qeyd edildi ki, bu tarixi hadisənin əsası
1989-cu il dekabrın sonunda Naxçıvanda SSRİ-İran
sərhədlərinin dağılması ilə qoyulmuşdur. Dünya
azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini
nəzərə alaraq 1991-ci il dekabr ayının 16-da Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev
31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik
Günü elan etmişdir. Həmçinin çıxışlarda bu bayramın
dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarla
əlaqələrin yaradılmasında, onların birləşməsində,
ümummilli liderimizin daim diqqət yetirdiyi xarici
ölkələrdə yaşayan soydaşlarımızın cəmləşdiyi Azərbaycan
diasporunun fəaliyyətində əhəmiyyətli rol oynadığı
bildirildi. Hər il 31 dekabr bütün dünyada yaşayan
soydaşlarımız tərəfindən milli birlik və həmrəylik günü
kimi qeyd olunur.
Sonra 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik
Günü münasibətilə AMİ-nin tələbələri arasında "Ana
yurdum - Azərbaycan" mövzusunda keçirilmiş fotoşəkil
müsabiqəsinin qalibləri təltif olundu. Qeyd edək ki,
şərtlərə görə müsabiqəyə təqdim olunan fotoşəkillər
tarix, ənənə, şəhər, bölgə, təbiət, millilik, müasirlik
və s. səpgili olmaqla Azərbaycanı tərənnüm edən və
müəllifin özü tərəfindən çəkilmiş orijinal fotoşəkillər
təqdim olunmalı idi. Tələbələr tərəfindən müsabiqəyə
təqdim olunmuş 50-yə yaxın fotoşəkildən təşkilat
komitəsi tərəfindən müsbət rəy almış 30-a qədəri
institutda ayrılmış xüsusi yerdə sərgi şəklində nümayiş
olundu. Təşkilat komitəsinin ümumi rəyinə əsasən I yerin
qalibi pedaqoji fakültənin III kurs tələbəsi Gulnarə
Həsənova, II yerin qalibi filologiya və təhsildə sosial-psixoloji
xidmət fakültəsinin III kurs tələbəsi Dürrü Əliyeva və
III yerin qalibi isə pedaqoji fakültənin IV kurs
tələbəsi Aynurə Hüseynli oldu. Qaliblərə diplom və
hədiyyələr təqdim olundu.
Daha sonra Yeni il bayramı münasibətilə AMİ-nin
yataqxanasında yaşayan tələbələr arasında keçirilmiş "Ən
gözəl bəzədilmiş otaq" müsabiqəsinin qalibləri elan
olundu. Belə ki, müsabiqənin şərtlərinə görə yeni, 2013-cü
ilin gəlişi münasibətilə institutun yataqxanasında
yaşayan tələbələr otaqlarını daha gözəl, tam səliqəli,
fərqli şəkildə bəzəməli idi. Dekabrın 24-25-də Təşkilat
komitəsinin üzvləri tərəfindən bütün otaqlara baxış
keçirildi və qaliblər aşağıdakı kimi müəyyənləşdirildi:
I yer - IV kurs tələbəsi Nübar Tağıyeva və Aynurə
Məcidli, II yer - I kurs tələbəsi Dürdanə İbrahimli, III
yer - I kurs tələbəsi Əli Həsənov və III kurs tələbəsi
Ramil Balayev. Müsabiqənin qaliblərinə müvafiq diplom və
hədiyyələr təqdim edildi.
Qalib olmuş tələbələr hər iki müsabiqənin keçirilməsinə
yaratdığı şəraitə görə institutun rektoruna öz
minnətdarlıqlarını bildirdilər, tədbir iştirakçılarını
bayram münasibətilə təbrik etdilər.
Rəşad SADIQOV,
AMİ-nin tərbiyə işləri üzrə prorektoru |