Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Yanvar 2013 - №01

 

NDU-da semestr imtahanlarının elektron test üsulu ilə keçirilməsinə start verildi

 

Naxçıvan Dövlət Universiteti tarixində ilk dəfə olaraq semestr imtahanlarının elektron test üsulu ilə keçirilməsinə start verilərək təhsilin inkişafı istiqamətində ciddi islahata imza atıldı. Bu istiqamətdə ciddi hazırlıq işləri aparılmış, elektron imtahan keçirilməsi üçün memarlıq və mühəndislik fakültəsində rabitə və informasiya texnologiyaları kafedrasının müəllimi Hüseyn Qasımovun rəhbərliyi ilə bir sıra üstünlüklərə malik yeni kompüter proqramı hazırlanmışdır.

Naxçıvan Dövlət Universitetinin tədris və elektron təhsil şöbələrinin təşkilatçılığı ilə imtahan keçirilməsi nəzərdə tutulan bütün fənlər üzrə test bankı yaradılmış və universitetin rəsmi İnternet səhifəsində yerləşdirilmişdir. Elektron imtahan qaydalarının mənimsənilməsi məqsədilə sınaq-test imtahanları keçirilmiş, müasir informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunmuş imtahan auditoriyaları hazırlanmışdır. 

İmtahandan öncə universitetin rektoru, akademik İsa Həbibbəyli tələbələrə uğurlar arzu edərək bildirdi ki, elektron imtahanın keçirilməsi təhsildə elektron vasitələrin, müasir informasiya texnologiyalarının tətbiqi, elektron təhsilin həyata keçirilməsi, dünya təhsil sisteminə inteqrasiya, Boloniya prosesinin tam tətbiqinə nail olmaq  baxımından böyük əhəmiyyət kəsb edir.

Sonra imtahanlara start verildi. Rektorluq tərəfindən müəyyənləşdirilmiş, universitetin tədris şöbəsinin işçilərindən, gənc müəllimlərindən və magistrantlarından ibarət nəzarətçi heyətin və elektron təhsil şöbəsinin əməkdaşlarının iştirakı ilə tələbələr öz nəzəri biliklərini sınaqdan keçirdilər. Nəzarətçilər qeyri-ixtisas imtahanlarında iştirak edərək   imtahanların şəffaf və obyektiv keçməsini təmin etdilər. Müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandıran hər bir tələbə imtahanı bitirdiyini təsdiqlədikdən 30 saniyə sonra imtahan nəticələri ilə bağlı məlumat əldə edə bildi.

İlk elektron imtahanlar başa çatdıqdan sonra imtahanların gedişi və yekunu müzakirə olundu. Rektor, akademik İsa Həbibbəyli bildirdi ki, imtahan nəticələrinin qənaətbəxş olması, ciddi texniki problemlərin olmaması, imtahan qaydalarına ciddi əməl olunması, tələbələrin müsbət rəyləri  ilk elektron imtahanların uğurla keçdiyini təsdiqləyir. Elektron təhsil şöbəsinin müdiri Hüseyn Qasımov çıxış edərək operativlik, obyektivlik və şəffaflıq, mövzuların tam əhatəsi baxımından elektron imtahanın əhəmiyyətindən danışdı, imtahanların texniki cəhətdən təkmilləşdirilməsi məqsədilə bir sıra təkliflər irəli sürüldü.

Tələbələr adından iqtisadiyyat ixtisasının I kurs tələbəsi Şəhla İsayeva, stomatologiya ixtisası üzrə I kurs tələbəsi Toğrul Abdulla, dünya iqtisadiyyatı ixtisası üzrə təhsil alan nigeriyalı tələbə Joseph Olubayo çıxış edərək elektron imtahanın ənənəvi imtahan üsullarından daha əlverişli olduğunu, qiymətləndirmənin tam obyektiv aparıldığını bildirərək universitet rəhbərliyinə minnətdarlıq etdilər, tələbə həmkarlarına uğurlar arzuladılar.

Qeyd edək ki, elektron test üsulu ilə imtahanların  gələcəkdə bütünlükdə tətbiqi nəzərdə tutulur.   

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov