
Bu
günlərdə Azərbaycan Dövlət Pedaqoji Kollecində "İntellekt
əsri... Müəllim hazırlığının komponentləri və
effektivlik" mövzusunda keçirilən ümumrespublika
konfransı pedaqoji təmayüllü orta ixtisas təhsili
müəssisələrini bir araya gətirərək təhsil
ictimaiyyətinin diqqətini yeni formatlı müəllim
hazırlığının mövcud reallıqlarına və perspektivlərinə
yönəltdi.
Konfransda Azərbaycan Respublikasının təhsil naziri
Misir Mərdanov, Təhsil Nazirliyinin, Təhsil Problemləri
İnstitutunun əməkdaşları, Respublika Təhsil Şurasının
sədri, professor Əjdər Ağayev, professor Yəhya Kərimov,
professor Fərrux Rüstəmov, Yasamal Rayon İcra
Hakimiyyətinin nümayəndələri, pedaqoji təmayüllü orta
ixtisas təhsili müəssisələrinin rəhbərləri iştirak
edirdilər. Konfrans iştirakçıları kollecdə yeni
istifadəyə verilmiş idman korpusunun açılışında da
iştirak etmiş, kollecin foyesində təşkil olunmuş,
müəllim və tələbə əməyinin nəticəsi olan "Təhsil sərgisi"
ilə tanış olmuşlar.
"İntellekt əsri... Müəllim hazırlığının komponentləri və
effektivlik" mövzusunda ümumrespublika konfransını
kollecin direktoru, filologiya elmləri doktoru,
professor, Azərbaycan Respublikasının əməkdar müəllimi,
"Şöhrət" ordenli Nurlana Əliyeva açaraq rəhbərlik etdiyi
təhsil müəssisəsinin fəaliyyətindən, qazandığı
uğurlardan danışıb, bu uğurları ölkəmizdə aparılan
təhsil islahatları ilə, Azərbaycan təhsilinə, müəlliminə
dövlətin qayğısı ilə əlaqələndirmişdir.
Kollecin fəaliyyətini həmişə yüksək qiymətləndirən
təhsil naziri Misir Mərdanov qeyd etmişdir ki, bu
təhsil ocağı respublikanın ən qabaqcıl və nümunəvi təlim-tərbiyə
müəssisəsidir. Konfrans mövzusunun aktuallığı, yüksək
səviyyəli təşkilatçılığı ilə əsl ustad dərsi oldu.
Kollecin kollektivinə uğurlar arzulayan nazir Misir
Mərdanov kadr potensialını möhkəmləndirməklə yanaşı,
müasir təlim texnologiyalarına daha dərindən yiyələnməyi,
yaşlı müəllimlərin təcrübəsindən yararlanmağı, gəncləri
buraya cəlb etməyi, orta məktəblərlə əlaqələri
möhkəmləndirməyi və müəllimlər üçün təlimlərin təşkil
olunmasında fəal iştirak etməyi tövsiyə etmişdir.
Konfransda kollecin tədris işləri üzrə direktor müavini
Dilarə Hacıyevanın "Tədrisin keyfiyyətinə nəzarət vahid
inteqrativ sistem kimi", kollecin tədris hissə müdiri
Gültəkin Əliyevanın "Tədris prosesinin təşkilində
müasirlik və yeni innovasiyanın tətbiqi təcrübəsi" və
Bakıdakı 20 nömrəli məktəb-liseyin direktoru Sabir
Məmişovun "Müasir müəllim hazırlığının bünövrəsi
təcrübədir" mövzularında məruzə-təqdimatları maraqla
dinlənildi.
Tədbir iştirakçıları kollecdə yeni təlim texnologiyaları
əsasında qurulmuş bir sıra "açıq dərs"ləri dinləmişlər.
Daha sonra konfransda Azərbaycan Dövlət Pedaqoji
Kollecinin pedaqogika müəllimi, pedaqogika üzrə fəlsəfə
doktoru U.Məmmədovanın "Pedaqoji təhsilin modernləşməsi
mütəxəssis hazırlığının resursu kimi", Şuşa Humanitar
Kollecinin müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə
doktoru F.Allahverdiyevanın "Müasir müəllim necə
olmalıdır", Azərbaycan Dövlət Pedaqoji Kollecinin
riyaziyyat müəllimi S.Hacıyevanın "Müasir dərs
keyfiyyətli və effektiv təhsilin əsası kimi", Lənkəran
Dövlət Humanitar Kollecinin pedaqogika müəllimi
A.Əbilovanın "Məqsədimiz öyrətməkdir" və Bakı Humanitar
Kollecinin müəllimi S.Qafarovanın "Müasir dərs -
psixopedaqoji meyarlar" mövzularında məruzələri
dinlənilmiş, müzakirələr aparılmışdır.
Rəşad ZİYADOV |