| 
						
						 
						Dekabrın 
						28-də Xalq Təhsili Muzeyində bu müəssisənin 
						yaradılmasının 80 illiyinə həsr olunan sərginin açılışı 
						oldu. 
						
						"Xalq Təhsili Muzeyi-80" adlı sərginin açılış 
						mərasimində təhsil nazirinin müavini Qulu Novruzov, 
						Təhsil Nazirliyinin Aparatının rəhbəri İlham Pirməmmədov, 
						nazirliyin bir sıra şöbələrinin müdirləri, respublikanın 
						tanınmış alim və pedaqoqları iştirak edirdilər. 
						
						Tədbiri Xalq Təhsili Muzeyinin direktoru Lalə Bayramova 
						açaraq rəhbərlik etdiyi müəssisənin keçdiyi tarixi yol 
						barədə məlumat verdi. Qeyd olundu ki, 1932-ci ildən 
						fəaliyyət göstərən Azərbaycan Respublikası Təhsil 
						Nazirliyi Xalq Təhsili Muzeyinin əsas məqsədi qədim 
						zamanlardan başlayaraq müasir dövrə qədər Azərbaycanda 
						pedaqoji fikrin, elm və təhsilin inkişaf tarixini əks 
						etdirmək, təhsilin bütün pillələrində əldə olunmuş 
						uğurların təbliğ olunmasıdır. Muzeydə təhsil sahəsində 
						əvəzsiz xidmətləri olan maarifçilərə, elm xadimlərinə, 
						pedaqoq-alimlərə, ziyalılara, iş təcrübəsi geniş yayılan 
						qabaqcıl müəllimlərə və təhsil müəssisələrinə dair sənəd 
						və materiallarla yanaşı, tədris prosesini əks etdirən 
						fotoşəkillər, nadir dərs vəsaiti və ləvazimatları, 
						müxtəlif illərə məxsus dərslik və proqramlar, tədris 
						müəssisələrində istifadə edilən texniki vəsaitlər, 
						şagirdlərin, tələbələrin, müəllimlərin əl işləri, 
						albomlar, maketlər və digər eksponatlar nümayiş 
						etdirilir.  
						
						Muzeyin elmi-tarixi əsaslar üzərində qurulan, xronoloji 
						ardıcıllığa riayət edən ekspozisiyasının 6 salonda 
						yerləşdirildiyini deyən Lalə Bayramova onların hər biri 
						barədə ətraflı danışdı. Qeyd edildi ki, Azərbaycan 
						dövlətinin təhsilə göstərdiyi diqqət və qayğı VI salonun 
						ekspozisiyasının əsas istiqamətidir. Həmin salonda  ulu 
						öndər Heydər Əliyevin Azərbaycan təhsilinin 
						keyfiyyətinin yüksəldilməsi və inkişafı naminə 
						fəaliyyətini əks etdirən "Heydər Əliyev və təhsil", 
						Azərbaycan Respublikasının Prezidenti cənab İlham 
						Əliyevin təhsil və elm  sahəsindəki genişmiqyaslı 
						fəaliyyətini və Heydər Əliyev Fondu tərəfindən təhsilə 
						göstərilən diqqət və qayğını təcəssüm etdirən sənəd və 
						materiallar nümayiş olunur. 
						
						Lalə Bayramova Xalq Təhsili Muzeyinin 80 illik yubileyi 
						münasibəti ilə muzey əməkdaşlarından 2 nəfərin Təhsil 
						Nazirliyinin "Azərbaycan Respublikasının qabaqcıl təhsil 
						işçisi" döş nişanı, 12 nəfərin isə Fəxri fərmanla təltif 
						edilməsini muzey işçilərinə göstərilən diqqət və 
						qayğının bariz nümunəsi olduğunu dedi. 
						
						Təhsil nazirinin müavini Qulu Novruzov çıxış edərək Xalq 
						Təhsili Muzeyinin zəngin təhsil tariximizi yaşadan bir 
						müəssisə olduğunu xüsusi vurğuladı. Muzey işinin olduqca  
						vacib və əhəmiyyətli hesab edildiyini, bu sahədə 
						çalışanların müqəddəs bir işlə məşğul olduqlarını 
						söyləyən nazir müavini Azərbaycan təhsilinin tarixi 
						ənənələrini yaşadan, onu layiqincə qoruyub gələcək 
						nəsillərə çatdıran Xalq Təhsili Muzeyinin fəaliyyətini 
						yüksək qiymətləndirdi. 
						
						Qulu Novruzov ölkəmizdə təhsilin keyfiyyətinin 
						yüksəldilməsi, inkişafı ilə bağlı bir sıra mühüm 
						addımların atıldığını, tədbirlərin həyata keçirildiyini 
						deyərək Xalq Təhsili Muzeyinin  də fəaliyyətini müasir 
						tələblərə uyğun qurduğunu qeyd etdi. Son illərdə 
						Azərbaycanın təhsil tarixinin araşdırılaraq xalqa 
						çatdırılması istiqamətində görülən işlərdən geniş 
						danışan nazir müavini sonda muzeyin kollektivini təhsil 
						naziri Misir Mərdanovun və öz adından təbrik etdi, 
						onlara işlərində uğurlar arzuladı. 
						
						Çıxış üçün söz alan görkəmli alimlər, pedaqoqlar Xalq 
						Təhsili Muzeyinin kollektivinin əməyini yüksək  
						dəyərləndirərək burada zəngin mütərəqqi ənənələrə, milli 
						mənəvi dəyərlərə və beynəlxalq təcrübəyə əsaslanaraq 
						inkişaf edən müasir Azərbaycan təhsilinin 
						nailiyyətlərini əhatə edən sənəd və materialların 
						qorunub saxlanıldığını və layiqincə təbliğ edildiyini 
						bildirdilər. Çıxış edənlər Xalq Təhsili Muzeyinin 
						yaradılmasının 80 illik yubileyi münasibəti ilə 
						müəssisənin əməkdaşlarını təbrik edərək onlara 
						fəaliyyətlərində nailiyyətlər dilədilər. 
						
						Sonra Xalq Təhsili Muzeyinin yaradılmasının 80 illiyinə 
						həsr olunan "Xalq Təhsili Muzeyi-80" adlı sərgiyə baxış 
						keçirildi.  
						
						
						Samirə KƏRİMOVA |