Yanvarın
8-də Təhsil Nazirliyinin sifarişi əsasında 2012-ci ildə
Təhsil Problemləri İnstitutunda yerinə yetirilmiş
tədqiqat mövzularının müzakirəsinə həsr olunmuş iclas
keçirilib.
Təhsil naziri Misir Mərdanov iclası giriş sözü ilə
açaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
imzalanmış "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf
Konsepsiyasının digər sahələrlə yanaşı, təhsil
sektorunun da hərtərəfli inkişafına təkan verəcəyini
bildirib. Nazir Təhsil Problemləri İnstitutunda təhsil
sahəsi üzrə ictimaiyyəti maraqlandıran müxtəlif mövzular
üzrə tədqiqatların aparılmasının zəruriliyini nəzərə
çatdırıb. Görülmüş işlərin, həyata keçirilmiş
islahatların nəticələrinin qiymətləndirilməsinin
əhəmiyyətinə toxunan Misir Mərdanov təhsil sahəsində
yeniliklərin tətbiqi prosesinin dəqiq
müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.
Təhsil Nazirliyinin sifarişi ilə yerinə yetirilmiş
tədqiqat mövzuları haqqında məlumat verən Təhsil
Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov
2012-ci ildə, əsasən tətbiqi xarakterli mövzuların
araşdırıldığını qeyd edib. İnstitut direktoru tədqiqat
mövzuları müəyyənləşdirilərkən Təhsil Nazirliyinin
müvafiq şöbələrinin və Dünya Bankının təhsil üzrə
beynəlxalq məsləhətçilərinin tövsiyələrinin nəzərə
alındığını bildirib. Müəyyənləşdirilmiş mövzular üzrə
konkret tədqiqatların aparıldığını söyləyən A.Mehrabov
xüsusi olaraq ibtidai siniflərdə fənn kurikulumlarının
tətbiqi, beşyaşlıların məktəb təliminə hazırlanması üzrə
işin təşkili, uşaqların məktəbə müsabiqə yolu ilə qəbulu
problemləri, yeni fənn kurikulumları əsasında
hazırlanmış dərslik komplektlərinin təhlili və
təkmilləşdirilməsi, təlim prosesində yeni pedaqoji və
İKT texnologiyalarından istifadənin elmi əsasları və
təlimin keyfiyyətinə onun təsiri, ümumi təhsildə şagird
nailiyyətlərinin qiymətləndirilməsi (buraxılış
imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə
qəbul imtahanları, milli qiymətləndirmə və TİMSS, PİRLS
beynəlxalq qiymətləndirmə proqramları) nəticələrin
təhlili, ümumi təhsildə qiymətləndirmə standartlarının
təkmilləşdirilməsi və qiymətləndirmə vasitələrinin
tədqiqi məsələlərinə önəm verildiyini açıqlayıb.
A.Mehrabov, həmçinin tədqiqat mövzularında "Xüsusi
istedada malik uşaqların (gənclərin) yaradıcılıq
potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010)"
çərçivəsində həyata keçirilmiş tədbirlərin nəticələrinin
təhlili və qiymətləndirilməsi, ilk peşə-ixtisas təhsili
sahəsində peşələr üzrə təhsil proqramlarının (kurikulumların)
hazırlanması və tətbiqi, əlavə təhsilin müasir
yanaşmalar əsasında təşkili problemləri, müxtəlif
regionlarda qızların ümumi təhsilə cəlb edilməsi
sahəsində mövcud olan problemlər, ümumi təhsil
müəssisələrində fənlər üzrə tədris yükünün tənzimlənməsi
problemləri, ilkin müəllim hazırlığı üzrə ibtidai təhsil
proqramlarının məzmununun mövcud vəziyyəti və yeni fənn
kurikulumları baxımından təkmilləşdirilməsi, eləcə də
digər bu kimi məsələlərin əhatə edildiyini vurğulayıb və
onların mahiyyəti haqqında ətraflı məlumat verib.
Sonra Təhsil Problemləri İnstitutunun Kurikulum
Mərkəzinin direktoru Ənvər Abbasov, Qiymətləndirmənin
məzmunu və vasitələri şöbəsinin müdiri Elxan Bəylərov
bir sıra tədqiqat mövzuları barədə məlumat verib, əldə
olunmuş nəticələri diqqətə çatdırıblar.
Təhsil naziri Misir Mərdanov Təhsil Problemləri
İnstitutunda yerinə yetiriləcək tədqiqat mövzularının
müəyyənləşdirilməsi ilə bağlı təkliflərini nəzərə
çatdırıb və daha dolğun tədqiqatların aparılması üçün
digər maliyyə imkanlarından da yararlanmağın səmərəli
nəticələr verəcəyinə inamını ifadə edib. Nazir Təhsil
Problemləri İnstitutunun Təhsil Nazirliyi ilə birgə elmi
seminarlar təşkil etməsinin əhəmiyyətindən bəhs edib,
aparılan islahatların təbliği və ictimaiyyətə düzgün
çatdırılması işinin əhəmiyyətinə toxunub. Aparılan elmi-tədqiqatların
davam etdirilməsinin zəruriliyinə toxunan təhsil naziri
əldə olunmuş nəticələrin müzakirə edilməsinin
vacibliyini önə çəkib. |