Dekabrın
28-də Təhsil Nazirliyində məktəbdaxili qiymətləndirmə
ilə bağlı seminar-müşavirə keçirildi. Tədbirdə Təhsil
Nazirliyinin məsul əməkdaşları, şöbələrinin, müvafiq
struktur bölmələrinin rəhbərləri, paytaxtın ümumi
təhsil müəssisələrinin direktorları, dərslik müəllifləri
və digər şəxslər iştirak edirdi.
Təhsil naziri Misir Mərdanov tədbiri açaraq
iştirakçıları salamladı. Bugünkü müşavirənin çox aktual
bir məsələyə həsr olunduğunu bildirən nazir məktəbdaxili
qiymətləndirmə ilə bağlı son dövrlərdə nazirlikdə bir
neçə tədbirin keçirildiyini və bu məsələnin geniş
müzakirə olunduğunu xatırlatdı. Sonra Monitorinq və
qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva
təqdimatla çıxış etdi.
Təqdimatda öncə məlumat verildi ki, 12 oktyabr 2012-ci
il tarixində Təhsil Nazirliyində "Məktəbdaxili
qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr"
mövzusunda keçirilən müşavirənin nəticəsi olaraq işçi
qrup tərəfindən "Ümumtəhsil məktəblərində
qiymətləndirmənin aparılması barədə Təlimat"
hazırlanıb. Təlimatın ümumi müddəaları diqqətə
çatdırılaraq qeyd olundu ki, məktəbdaxili qiymətləndirmə
diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi),
formativ (fəaliyyətin qiymətləndirilməsi), summativ (kiçik,
böyük və yekun) qiymətləndirmələrdən ibarətdir. Sonra
hər bir qiymətləndirmənin aparılmasının məqsədlərindən
bəhs olundu. Vurğulandı ki, diaqnostik, formativ və
summativ qiymətləndirmələr sistemli şəkildə yeni fənn
kurikulumları tətbiq olunan siniflərdə həyata keçirilir.
Formativ qiymətləndirmənin təhsilin yeni məzmunundakı
rolu haqqında danışan məruzəçi bu qiymətləndirməni
həyata keçirən müəllimlərin nələri bilməli və riayət
etməli olduğunu diqqətə çatdırdı. Hər dərsdə müəllim
təlim prosesini şagirdlərin məzmun standartlarının
tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməsinə
yönəltməlidir; fənn üzrə hər bir dərs müəyyən məzmun
standartlarının reallaşdırılmasına xidmət edir;
şagirdlər fəaliyyətlərində potensial imkanları daxilində
həmin bacarıqlara yiyələnmənin müxtəlif səviyyələrini
nümayiş etdirə bilərlər.
Müəllim əvvəlcədən hazırladığı qiymətləndirmə meyarları
əsasında şagirdlərin müşahidə oluna biləcək fəaliyyət
səviyyəsini zəif, orta, yüksək olmaqla qruplaşdırmalı və
şagirdin adının qarşısında fəaliyyətinə uyğun müvafiq
qeydlərini yazmalıdır. Formativ qiymətləndirmədə müəllim
əvvəlcədən proqnozlaşdırmadığı və dərs prosesində
müşahidə etdiyi fəaliyyətləri də uyğun ifadələrlə
təsvir edə bilər.
T.Hacıyeva sonra bunu dərs nümunələri ilə izah edərək
bildirdi ki, müəllimin fəaliyyəti yalnız dərs deməklə
bitməməlidir. Müəllim dərsə dərslik komplektinə daxil
olan dərslik və müəllim üçün metodik vəsait əsasında
hazırlaşmalıdır. Əks halda dərsin məqsədini tam
bilmədiyinə görə təlim keyfiyyətli olmayacaq.
Daha sonra təqdimatda təlim prosesində formativ
qiymətləndirmənin tətbiqi ilə bağlı qarşıya çıxan
problemlər və bu problemlərin həlli üçün görülməsi
nəzərdə tutulan işlər tədbir iştirakçılarının nəzərinə
çatdırıldı. Qeyd edildi ki, məktəbdaxili
qiymətləndirmənin icra mexanizmi Təhsil Nazirliyinin
Monitorinq və qiymətləndirmə şöbəsi, təhsili yerli
idarəetmə orqanları tərəfindən nəzarətdə
saxlanılmalıdır. Məktəbdaxili qiymətləndirmənin düzgün
icrası məqsədi ilə bölgələrdə müşavirələr
keçirilməlidir. Artıq formativ qiymətləndirmənin mümkün
qədər sadə şəkildə icra mexanizmi hazırlanıb. Təlim
keçən təşkilatlar və təlimçilər, dərslik hazırlayan
nəşriyyatlar və müəlliflər bu icra mexanizmi ilə
yaxından tanış olmalıdırlar. Dərsliklərin
Qiymətləndirilməsi Şurasında "Müəllimlər üçün metodik
vəsaitlər"in qiymətləndirilməsi meyarlarında zəruri
dəyişikliklər edilməlidir. Dərslik yazan nəşriyyat və
müəlliflərə məktəbdaxili qiymətləndirmənin icra
mexanizminə dair tövsiyə və nümunələrin "Müəllimlər üçün
metodik vəsaitlər"də vahid prinsiplər əsasında yazılması
barədə göstəriş məktubu göndərilməlidir. Dərsliklərin
Qiymətləndirilməsi Şurasının ekspertləri sırasına
məktəbdaxili qiymətləndirmə üzrə mütəxəssis əlavə
edilməlidir.
Məruzəçi daha sonra məktəbdaxili qiymətləndirmənin
icrası məqsədilə keçiriləcək müşavirələrin fəaliyyət
planından söz açdı və müşavirə üçün nəzərdə tutulmuş
təqdimat materialını diqqətə çatdırdı.
Növbəti slaydlarda 12 oktyabr 2012-ci il tarixində
Təhsil Nazirliyində keçirilmiş müşavirənin qərarına
uyğun olaraq görülmüş işlərdən bəhs olundu.
Təqdimat başa çatdıqdan sonra mövzu ətrafında geniş
müzakirələr aparıldı. Təhsil Problemləri İnstitutu
Kurikulum Mərkəzinin direktoru Ənvər Abbasov, Bakı
Avropa Liseyinin direktoru Zülfiyyə Veysova, Təhsil
Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil
şöbəsinin müdiri Aydın Əhmədov, Strateji təhlil,
planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri
Fərzəli Qədirov, Dərsliklərin Qiymətləndirilməsi
Şurasının sədri Elmina Kazımzadə, qiymətləndirmə ilə
bağlı milli məsləhətçi Nəzakət Mehdiyeva və başqaları
suallarını, rəy və təkliflərini səsləndirdilər.
Hicran ƏKBƏROVA |