"Elektron məktəb" layihəsinə qoşulmuş ümumtəhsil
məktəblərində SMS gündəliklərin istifadəsi genişlənir.
Valideynlərə təklif olunan bu xidmət SMS vasitəsilə
övladlarının davamiyyəti və hər hansı fənn üzrə
aldıqları qiymətləri barədə məlumatları onların mobil
telefonlarına göndərilir.
Bu xidmətə hər bir valideyn tamamilə könüllü olaraq
qoşulur. Xidmətin məqsədi valideynlərin övladlarının
davamiyyəti haqqında daha operativ məlumat almasıdır.
Mobil telefonlara SMS göndərilmə əsasında fəaliyyət
göstərildiyi üçün xidmət pulludur və ayda 4 manat 72
qəpik təşkil edir.
Elektron gündəlik xidməti birbaşa olaraq elektron
jurnalların tətbiqi ilə əlaqədardır. Dövlət Proqramı
çərçivəsində həyata keçirilən "Elektron məktəb"
layihəsinə daxil olan ümumtəhsil məktəblərində elektron
jurnallar tətbiq olunmaqdadır. Layihə çərçivəsində Bakı,
Sumqayıt, Gəncə, Şamaxı, Quba, Lənkəran, Ağdaş, Şirvan
şəhərlərində yerləşən 32 ümumtəhsil məktəbində elektron
jurnallar tətbiq olunur.
Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən
verilən məlumata əsasən, elekton jurnallardan istifadə
edən məktəblərin sırasına cari dərs ilində daha 11
məktəb cəlb olunacaq. Yaxın illər ərzində isə əksər
ümumtəhsil müəssisələrində elektron jurnal tətbiq
ediləcəkdir.
Eyni zamanda qeyd etmək lazımdır ki, valideynlər
təmənnasız olaraq Təhsil Nazirliyi tərəfindən yaradılmış
Təhsil Portalının Valideyn elektron nəzarəti sistemi
vasitəsi ilə şagirdlərin qiymətləri və davamiyyəti
haqqında məlumatları əldə edə bilərlər. Bundan əlavə,
proqram vasitəsi ilə məktəbin müdiriyyəti, müəllimləri
və digər valideynlər ilə interaktiv ünsiyyət saxlamaq,
məktəbin fəaliyyətinə dair elanlarla (valideyn
iclasları, yığıncaqlar, iməciliklər) tanış olmaq imkanı
da vardır. Hazırda bu sistemdən "Elektron məktəb"
layihəsində iştirak edən məktəb şagirdlərinin
valideynləri istifadə edir. İnternet üzərindən bu
xidmətə qoşulmaq məqsədilə valideynlər məktəb tərəfindən
təqdim olunan müqaviləni doldurub imzalayaraq xüsusi
login və parol ala bilərlər. |