Dekabrın
28-də Qusar rayonunun Çiləgir kəndində regionların
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramına uyğun olaraq 180 yerlik yeni məktəb binasının
istifadəyə verilməsi münasibətilə mərasim keçirilmişdir.
AzərTAc xəbər verir ki, bu münasibətlə təşkil olunan
tədbirdə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin
nümayəndələri, məktəbin müəllim-şagird kollektivi, eləcə
də kənd sakinləri iştirak etmişlər.
Mərasimdə Milli Məclisin deputatı Azər Badamov ölkəmizdə
elm və təhsilin inkişafına göstərilən yüksək dövlət
qayğısından danışmışdır. Bildirmişdir ki, Azərbaycan
dövlətinin iqtisadi qüdrətinin ildən-ilə artması
ölkəmizdə təhsilin davamlı inkişafı üçün möhkəm zəmin
yaratmışdır. Rayon icra hakimiyyətinin başçısı Şair
Alxasov diqqətə çatdırmışdır ki, son illər ölkəmizin hər
yerində olduğu kimi, Qusarda da müasir tipli yeni məktəb
binalarının inşası geniş vüsət almış, təhsilin
inkişafına dövlət qayğısı ildən-ilə artmışdır.
Son illərdə Azərbaycanda 2 minə yaxın yeni məktəb binası
istifadəyə verilmişdir ki, bunların da 29-u Qusar
rayonunda inşa olunmuşdur. Cari ildə isə rayonda rekord
sayda təhsil ocağı tikilmişdir. Belə ki, 9 yeni məktəb
binası artıq istifadəyə verilmiş, daha 9 təhsil
müəssisəsinin tikintisi başa çatmaq üzrədir. Bundan
başqa, rayondakı əksər məktəb binaları əsaslı təmir
olunmuş, təhsilin maddi-texniki bazası daha da
möhkəmləndirilmişdir. Çıxış edənlər təhsilin inkişafına
göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı
İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyevaya dərin
minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə müəllim və şagirdlərin, kənd ağsaqqallarının
təbriki, xeyir-duası dinlənilmiş, yeni təhsil
müəssisəsinin açılışını bildirən rəmzi qırmızı lent
kəsilmiş və iştirakçılar məktəb binasında tədris üçün
yaradılmış şəraitlə tanış olmuşlar.
İnşasına cari ilin mayında başlanılmış təhsil ocağı
müasir standartlara cavab verən bütün avadanlıqla təmin
olunmuşdur. Məktəbin qızdırılması üçün həm qaz, həm də
elektrik enerjisi ilə işləyən istilik sistemi
qurulmuşdur. Təhsil ocağı 12 sinif otağı, 3 kabinet,
idman zalı, kitabxana və laboratoriya ilə təmin olunmuş,
kompüter otağı isə birbaşa İnternet şəbəkəsinə
qoşulmuşdur.
Açılış mərasiminin sonunda yerli incəsənət
nümayəndələrinin iştirakı ilə konsert təşkil
olunmuşdur. |