Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il
tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2012-ci
illərdə Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı" üzrə
nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Təhsil
Nazirliyinin 19 avqust 2008-ci il tarixli əmri ilə
təsdiq edilmiş "Fəaliyyət Planı"nın 17-ci bəndinin
icrasını təmin etmək məqsədilə
ƏMR EDİRƏM:
1. İKT əsaslı fərdiləşmiş təhsilin formalaşdırılması
məqsədi ilə 2013-cü ildən etibarən hər il "1 şagird-1
kompüter" müsabiqəsi keçirilsin.
2. "1 şagird-1kompüter" müsabiqəsinin əsasnaməsi,
müsabiqənin Ekspert Komissiyasının tərkibi və müsabiqəyə
müraciət forması təsdiq edilsin (1, 2, 3 saylı əlavələr).
3. Ekspert Komissiyası müsabiqənin keçirilmə müddətini,
mərhələlərinin müəyyən edilməsini və müsabiqənin
əsasnaməsində nəzərdə tutulmuş digər tədbirlərin lazımi
səviyyədə həyata keçirilməsini təmin etsin.
4. Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə (S.Məmmədov)
tapşırılsın:
4.1. Əsasnamədə nəzərdə tutulmuş tədbirlərin vaxtında və
lazımi səviyyədə həyata keçirilməsini təmin etsin.
4.2. Ən yaxşı layihələr haqqında geniş məlumatların
Təhsil Portalında yerləşdirilməsini təmin etsin.
5. "1 şagird-1kompüter" müsabiqəsinin keçirilməsi üçün
xərclər smetası təsdiq edilsin və əmrə əlavə olunsun (4
saylı əlavə).
6. Nazirliyin İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə)
müsabiqənin bütün mərhələlərinin gedişinin videolentə
alınmasını, əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil
xəbərləri" məcmuəsində dərc olunmasını təmin etsin.
7. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri
26 dekabr 2012-ci il |